08 avqust 2019 10:24
194

Gözlərimizi kompyuterdən necə qoruyaq? Bilirdinizmi?

Yəqin ki, bir çoxlarımız günün müəyyən saatlarını texnoloji vasitələrin ekranları üzbəüz keçiririk. Daha çox iş yerində etməli olduğumuz bu vərdişin fəsadları hər birimiz üçün eyni olur. Belə ki, iş gününün ortası ya da sonuna yaxın bir çoxlarımız sadalanan  bu əlamətləri özünüzdə hiss edirsiniz:

- görmə itiliyinin zəifləməsi;

- yaxında yerləşən əşyalardan uzaqdakı obyektlərə və əksinə baxışınızı yönəldərkən çətinlik (akkomodasiya pozulması);

- əşyaları ikili görmə;

- yazı oxuyarkən tez yorulma;

- gözlərdə yandırma hissi;

- gözə “qum düşməsi” hissi;

- göz və alın nahiyəsində ağrı, baş ağrısı və ya gözlərin hərəkəti zamanı ağrılar;

- gözlərin qızarması.

Kompyuterin gözə və görmə qabiliyyətinə bu kimi mənfi təsirlərinin geniş yayılması oftalmologiyada yeni bir terminin əmələ gəlməsinə gətirib çıxarmışdır – “kompyuter görmə sindromu” və ya “yorğun gözlər sindromu”.

Bəs kompyuterin gözlərimizə niyə mənfi təsir göstərir?

Ətrafımızdakı real əşyalardan və kağız üzərindəki yazılardan fərqli olaraq, monitordakı görüntü ayrı-ayrı işıqlanan və sayrışan nöqtələrdən ibarətdir. Üstəlik, bu qeyri-təbii mənzərəyə uyğunlaşan baxışlarımızı biz tez-tez ekrandan klaviaturaya, sənədlərdəki yazılara və yenə də ekrana yönəldirik. Bu kimi iş rejimi gözlərin artıq yüklənməsi, göz zəifliyinin əmələ gəlməsi və ya artmasına gətirir. Beləliklə, görmə qabiliyyətinin pisləşməsi iş vaxtını kompyuter qarşısında keçirənlərin ümumi probleminə çevrilir. Əslində, kompyuter qarşısında 3-4 saatdan artıq qalmamalıyıq və hər saatdan bir 20 dəqiqəlik fasilə etməliyik. Əlbəttə, bu çox vaxt mümkün olmur. Kompyuterin gözlərə davamlı mənfi təsirini müəyyən qədər azaltmaq üçün  aşağıdakılara riayət etməniz məsləhətdir:

İş otağınızı və kompyuterinizi düzgün quraşdırın.

Əski elektron şüalılılara nisbətən modern monitorların gözlərə vurduğu ziyan xeyli azdır. Monitorun ekranı gözdən 60 sm məsafədə yerləşməlidir. Bu məsafədə yazıları görməyə çətinlik çəkirsinizsə, daha iri şrifti seçin, məsafəni azaltmayın. Şriftin rənginə gəlincə, ən düzgün seçim - ağ fonda qara hərflərdir. Kompyuteri elə yerləşdirin ki, pəncərənin işığı monitorun yan tərəfinə düşsün. Ekran üzərinə istər təbii günəş işığının, istərsə də tavan və ya stolüstü lampaların işıqlarının düşməsi parıltı əmələ gətirir. Belə halda monitordakı görüntünün izlənilməsi gözə əlavə gərginlik hesabına başa gəlir. Otaq nə çox işıqlı, nə də qaranlıq olmalıdır, optimal variant – yayılmış sönük işıqdır. Monitorun parlaqlığı otağın işıqlanmasına uyğun olmalıdır. Onu düzgün tənzimləmək üçün ekranda istənilən ağ rəngli görüntüyə nəzər salın. Məsələn Word sənədinin ağ səhifəsinə. Bu səhifə işıqlanan lampanı xatırladırsa, parlaqlıq azaldılmalıdır. Monitorun masada həddən artıq aşağı səviyyədə yerləşdirilməsi də tez-tez rast gəlinən səhvlərdən biridir. İstifadəçi buna fikir verməsə də, görüntünü dəqiq görmək üçün başını və belini əyməli olur. Nəticədə boyun əzələləri gərginləşir, onurğa sütunu həddən artıq yüklənir, beyinin qanla təminatı zəifləyir, baş ağrıları və digər narahatlıqlar əmələ gəlir. Bu halın qarşısını almaq üçün monitoru elə yerləşdirin ki, onun mərkəzi gözlərinizin səviyyəsində və ya bir qədər aşağıda olsun. Klaviatura isə düz monitorun qarşısında olmalıdır – onların biri birinə qarşı çəpinə yerləşdirilməsi daha bir səhvdir. Ekranın tam təmiz və ləkəsiz olması  əsas şərtdir. Bunun üçün ən azı həftədə bir dəfə onu xüsusi maye və salfetlərlə silib təmizləyin.

Gözlər üçün gimnastik hərəkətlər edin.

Hər saatdan bir qısa fasilə edin – ayağa qalxıb gəzişin, gözləriniz üçün 5 dəqiqəlik xüsusi gimnastika edin:

- başınızı çevirmədən bir neçə dəfə sağa-sola baxın;

- yenə də başınızı hərəkətsiz saxlayaraq baxışınızı bir neçə dəfə yuxarı-aşağı yönəldin;

- gözlərinizlə dairəvi hərəkətlər edin - əvvəl saat əqrəbi istiqamətdə, sonra isə əks istiqamətdə (başgicəllənmə ehtimalı olduğuna görə bu hərəkətləri oturaq vəziyyətdə edin);

- gözlərinizi mümkün qədər geniş açın, sonra isə mümkün qədər möhkəm yumun, bu hərəkətləri surətlə edin;

- pəncərəyə yaxın durun, şüşə üzərində olan bir nöqtəyə diqqətlə baxın, sonra isə baxışınızı çox uzaqda olan bir obyektə yönəldin.

Bu hərəkətləri hər istiqamətə 6 dəfə və ya daha artıq yerinə yetirin.

Qabaqlayıcı tədbirlər görmək lazımdır.

Unutmayın, iş vaxtınızı kompyuter qarşısında keçirirsinizsə, ildə 1 dəfə həkim-oftalmoloqun qəbuluna yazılın və gözlərinizi müayinədən keçirin. Problemlərin ilkin mərhələdə erkən aşkar olunması profilaktik və müalicəvi tədbirlərin effektivliyini artırır. Düzgün və tam dəyərli qida gözlərin sağlam olması üçün vacib şərtlərdəndir. A, C, E vitaminləri, eləcə də kalium, kalsium, sink mikroelementləri insan gözü üçün xüsusi əhəmiyyət kəsb edir.

Yaqut Ağaşahqızı, “İki sahil”