07 avqust 2020 16:08
1602

Güclü ictimai nəzarət dövrün zəruri tələbidir

Prezident İlham Əliyev: Bizim üçün böyük əhəmiyyət kəsb edən bütün layihələrin icrasında ictimaiyyət nümayəndələri iştirak etməlidirlər. Alimlər, qeyri-hökumət təşkilatları, mütəxəssislər, media nümayəndələri - onlar da bu işlərdə iştirak etsinlər

 

Ölkə başçısı daim vurğulayır ki, o yerdə ki insanları narahat edən məsələlər, nöqsanlar, çatışmazlıqlar var, onlar deyilməlidir. Bütün dövlət məmurları bilməlidirlər ki, onlar vətəndaşlara vicdanla xidmət etməlidirlər. Prezidentimizin tələbi budur: xalq dövlət üçün yox, dövlət xalq üçündür, vətəndaşlara layiqincə xidmət göstərmək hər bir məmurun ən ümdə vəzifəsidir.

 Prezident İlham Əliyev hələ 2015-ci il dekabrın 23-də ilin idman yekunlarına həsr olunan mərasimindəki çıxışında bildirib ki, dövlət qurumlarının başında dayanan insanlar vicdanla işləməlidirlər, öz cibini doldurmaq üçün yox, dövlət maraqlarını hər şeydən üstün tutmalıdırlar və ciddi nəzarət olmalıdır - dövlət nəzarəti və ictimai nəzarət: “Mən bir daha demək istəyirəm ki, ictimai nəzarət olmasa, biz istədiyimizə nail ola bilmərik. İctimai nəzarət nə deməkdir? Vətəndaşlar daha da fəal olmalıdırlar. Onlar xoşagəlməz hallarla üzləşəndə bu barədə məlumat verməlidirlər ki, biz işləri tənzimləyək, xoşagəlməz halların qarşısını alaq”.
Dövlətimizin başçısı demək olar ki, bütün müşavirələrdə, toplantılarda, ictimaiyyətin nümayəndələri ilə görüşlərində nailiyyətlərlə bərabər, problemlərdən də bəhs edir, idarəetmədəki nöqsanları dilə gətirir, məmurları xalq qarşısında açıq şəkildə tənqid edir, onlara öz məsuliyyətlərini xatırladır “mütləq çox güclü ictimai nəzarət olmalıdır”  deyərək cəmiyyətdən dəstək istəyir.

Bu gün cəmiyyətimizin bütün sahələrində islahatların reallaşdırıldığı, mühüm iqtisadi dəyişikliklərin baş verdiyi bir dövrdə vətəndaşlarımız üzləşdikləri problemləri bildirməli, şikayətlərini lazımı orqanlara çatdırmalı, ictimai və siyasi təsisatlar, eyni zamanda isə QHT sektoru və KİV ictimai nəzarətin tətbiqində mühüm rol oynamalıdırlar.  Bundan başqa ictimai nəzarət təşkilatları da bu istiqamətdə mümkün nəzarət mexanizmlərindən daha fəal istifadə etməli, alimlərin, nüfuzli ziyalıların, ictimai-siyasi xadimlərin və fəal həyat mövqeyi tutan vətəndaşlarımızın iştirakı ilə ictimai müzakirələr aparılmalıdır.  Bütün sahələrdə ictimai nəzarət olmalıdır. Çünki ictimai nəzarətin düzgün təşkili hər bir məmurun konstitusiya, qanunlar və digər normativ aktlara əməl etməsini təmin edir,qəbul olunmuş qərarların həyata keçməsi üçün təşkilati iş aparılır, yaranmış problemlərin həlli üçün praktiki addımlar atılır. Güclü ictimai nəzarət olan yerdə şəffaflıq və hesabatlılıq təmin olunur, dövlət qurumlarının fəaliyyətinin səmərəliliyi artır, korrupsiyanın və buna bənzər mənfi halların qarşısı vaxtında alınır. İctimai nəzarət güclü olan cəmiyyətlərdə məmurlar, aidiyyəti qurumlar, rəhbər işçilər özlərini daha məsuliyyətli hiss edir, işlərinə daha diqqətlə yanaşır, mövcud problemlərin həlli daha da sürətlənir, qeyri-müəyyənlik və çaşqınlıq yaradan hallara operativ surətdə aydınlıq gətirilir. Aydındır ki, cəmiyyəti, insanları narahat edən məsələlər yalnız inzibati orqanların, rəhbər təşkilatların ümidinə buraxılmamalıdır. Unutmaq olmaz ki, ictimai nəzarət, həmçinin dövlət orqanlarının, təşkilatların fəaliyyətindəki mövcud problemlərin çoxalıb böhrana çevirlməsinin qarşısının alınmasına imkan yaradır.

Təbii ki, bu gün sürətlə yeniləşən, keyfiyyətcə yeni mərhələyə qədəm qoyan ölkəmizdəki hüquqi dövlət quruculuğu prosesində atılan addımlar, söz, mətbuat, sərbəst toplaşmaq azadlığının təmin edilməsi, vətəndaş cəmiyyəti institutlarının kifayət qədər formalaşması, eləcə də konstruktiv ictimai tənqid və tənbeh üçün hər cür şəraitin yaradılması, məmur-vətəndaş münasibətlərinin ictimai və hüquqi normaya uyğun tənzimlənməsi insanların idarəetmə prosesinə cəlb olunmasına ən yüksək səviyyədə şərait yaradır, ictimai nəzarətin, ictimai rəyin, eləcə də ictimai qınağın rolunu daha da artırır. İctimai nəzarət xüsusi ilə demokratiyanın həyata keçirilməsinin bir forması, geniş kütlələrin cəmiyyətin və dövlətin idarə olunmasına cəlb edilməsi üsulu, aşkara çıxarılan nöqsan və çatışmazlıqların aradan qaldırılmasının zəruri şərti kimi mühüm əhəmiyyətə malikdir. Bütövlükdə ictimai norma və qaydalar, sosial göstərişlər və hüquqi cəzalar kimi anlayışları özündə birləşdirən ictimai nəzarət həm də dövlət idarəçiliyinə bir institusional dəstəkdir.

Bu baxımdan Prezident İlham Əliyevin avqustun 6-da ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirdiyi müşavirədə dövlət nəzarəti ilə yanaşı, ictimai nəzarətin rolunu bir daha vurğulaması çox mühüm əhəmiyyət kəsb edir: “Bizim üçün böyük əhəmiyyət kəsb edən bütün layihələrin icrasında ictimaiyyət nümayəndələri iştirak etməlidirlər. Mən su ilə bağlı müşavirədə qeyd etdim. Alimlər, qeyri-hökumət təşkilatları, mütəxəssislər, media nümayəndələri - onlar da bu işlərdə iştirak etsinlər. Onlar öz təkliflərini versinlər. Yəni, geniş ictimaiyyət gərək bu işlərə cəlb olunsun. Onda bizim işimiz daha rahat gedəcək və xərclərə nəzarət mexanizmi bir neçə təbəqədən ibarət olacaq.”

Zahid Rza, “İki sahil”