15 iyul 2020 21:37
1368

Gün, birlik günüdür!

Bütün dünyanın COVID-19 virusu ilə mübarizə apardığı bir dönəmdə 12 iyuldan etibarən Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Rüspublikasının dövlət sərhədlərinin artilleriya atəşinə tutulması qarşı tərəfin məkrli siyasətinin bariz nümunəsidir. Bu hərəkət illərdir davam edən erməni aqressivliyinin açıq təzahürüdür. Lakin həmişə olduğu kimi, bu dəfə də Azərbaycan Ordusu düşmənin təxribatının qarşısını alıb və işğalçılara sarsıdıcı cavab zərbələri endirib.

“Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində ordumuzun qəhrəmanlarının Şəhadət xəbərini aldıq. Allahdan şəhidlərimizə rəhmət, ailələrinə səbr diləyirəm. Şəhidlərimizin qisası alınıb və alınacaqdır!”

Bu fikirləri“İki sahil” qəzetinə açıqlamasında Milli Məclisin deputatı Tamam Cəfərova söyləyib.

İyulun 14-15-də Azərbaycan Ordusuna dəstək məqsədilə təşkil olunmuş yürüş bir daha xalqımızın vətənpərvərliyini, xalq-iqtidar birliyini nümayiş etdirdi. Və xalqın ordumuzla həmrəyliyi təqdirəlayiqdir. Bu Vətən hər birimizindir. Həmin yürüşdə səsləndirilən ''Ali Baş Komandan, silah ver bizə!'', ''İrəli, irəli, Azərbaycan əsgəri!'', ''Şəhidlər ölməz, Vətən bölünməz!'' şüarları, əslində yürüşün mahiyyətini ortaya qoyurdu. Vətəndaşlarımızın könüllü şəkildə səfərbərlik tələbləri bir dövlət üçün ən qürurverici hadisədir. İnsanlarımız dövlətə, Azərbaycan Ordusuna dəstək, həlak olmuş şəhidlərimizin ruhuna böyük ehtiram nümayiş etdirib. Bu birliyə görə xalqımıza öz minnətdarlığımı bildirirəm.

Amma təəssüf ki, gecə saatlarında yürüşün sonunda təəssüf doğuran hadisələr baş verdi. Təxribatçı qüvvələr tərəfindən məqsədli şəkildə prosesə siyasi məzmun verilməsinə, pozuculuq fəaliyyətinə cəhdlər  göstərildi. Milli Məclisin binasına zorla girərək vandallıq törədilməsi, polislərə qarşı zor tətbiq olunması ilk növbədə vətəndaşlıq mövqeyinə ziddir, bu, eyni zamanda, qanunlara hörmətsizlikdir.

Tamam Cəfərova vurğuladı ki, baş verənlərin təhlili xarici qüvvələrin proseslərdən ölkəni qarışdırmaq üçün maksimum istifadə etməyə çalışdığını göstərdi. Mən əminəm ki, xalqımız bu durumda şəxsi mənafelərini düşünüb, düşmən dəyirmanına su tökənlərə layiqli cavabını verəcəkdir. Bu günlər hər birimiz məsuliyyətlə davranmalı, nizam-intizama riayət etməli, cəmiyyətimizdəki mövcud təhlükəsizliyi və sabitliyi qoruyub saxlamaq üçün bütün səylərimizi səfərbər etməliyik.

Digər bir muharibə növü isə informasiya muharibəsidir.Çox diqqətli olmaq lazımdır. Düşmən virtual arenada da fəal şəkildə təcavüzünü davam etdirir. Qeyd etmək istəyirəm ki, gənclərimizin müxtəlif dillərdə düşmənə cavab verməsi və Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq məni qürurlandırır.

Biz birlikdə güclüyük. Bu birliyi heç bir antimilli qüvvə poza bilməyəcək. Çünki bu birliyin təməlində Vətən eşqi dayanır. Allah Azərbaycanı və Azərbaycan xalqını qorusun! Gün, birlik günüdür!