20 sentyabr 2019 17:15
700

Gürcüstan prezidenti haqqında CİNAYƏT İŞİ açıldı

Gürcüstan Baş Prokurorluğu prezident Salome Zurabişvili haqqında rəsmi səlahiyyətlərdən sui-istifadə maddəsi ilə cinayət işi açıb.

Publika.az xəbər verir ki, Gürcüstanın ilk qadın prezidenti məhkumların əfv olunmasında vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunur.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Açıqlamada qeyd olunub ki, ictimaiyyətə vaxtaşırı cinayət istintaqının gedişi barədə məlumat veriləcək.

Qeyd edək ki, ötən gün müxalif "Avropasayağı Gürcüstan - Azadlıq Hərəkatı" partiyasının deputatı İrma Nadiraşvili prokurorluğa müraciət edərək prezidentin məhkumların əfv olunması ilə bağlı mümkün korrupsiya sövdələşməsi işini araşdırmağı xahiş edib. Millət vəkilinin məlumatına görə, qohumları həbsxanada olan bəzi insanlar prezidentin parlament katibi Dmitri Qabunya ilə əlaqə saxlayıb və dövlət başçısından məhkumların pul müqabilində əfv olunmasını xahiş ediblər.

Xatırladaq ki, avqustun 28-də Zurabişvili xristian bayramı münasibətilə 34 məhbusu əfv etmişdi.