06 noyabr 2019 21:19
129

Gürcüstan region ölkələri ilə hərbi sahədə səmərəli əməkdaşlıq edir

Cənubi Qafqaz regionu bir çox ölkələr üçün həyati əhəmiyyətə malik geostrateji bölgədir. Ona görə ki, bu bölgə Şərq ilə Qərbi birləşdirən ortaq sərhəddir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın Müdafiə naziri İrakli Qaribaşvili Batumidə keçirilən 13-cü beynəlxalq müdafiə və təhlükəsizlik konfransındakı çıxışında deyib.

Onun sözlərinə görə, Cənubi Qafqaz həm də fərqli mədəniyyətlər və ticarət yolları üçün əsas qovşaqdır. Nazir, eyni zamanda, Qara dəniz bölgəsini Avroatlantik təhlükəsizlik arxitekturasının ayrılmaz və böyüyən hissəsi adlandırıb. Bildirib ki, bu mənzərənin ayrılmaz tərkib hissəsi olan Gürcüstan ABŞ, Avropa İttifaqı və NATO-nun vacib tərəfdaşı kimi təhlükəsizlik icmasının üzvü olmaq məqsədini inkişaf etdirir və gücləndirir.

O deyib: “Biz artan imkanlarımızla yanaşı, təhlükəsizlik problemləri daim diqqət və cavab tələb edən dinamik və çoxtərəfli şəkildə böyüyən bir dövrdə yaşayırıq. Dünyada baş verən əhəmiyyətli dəyişiklikləri dərk edərək, bu çağırışlara məsuliyyətlə yanaşırıq. Biz siyasi, iqtisadi və hərbi sahələri əhatə edən dəyişkən qlobal mühit barədə məlumatlılığımızı artırmaq üçün çalışırıq”.

Nazir bu baxımdan Gürcüstanın regional təhlükəsizliyə böyük önəm verdiyini və bölgə ölkələri ilə də hərbi sahədə sıx və səmərəli əməkdaşlıq etdiyini vurğulayıb: “Gürcüstan regionda və dünyada sülhün və təhlükəsizliyin müdafiəsinə böyük önəm verir. Gürcüstan hərbçiləri beynəlxalq sülhyaratma əməliyyatlarında fəal iştirak edirlər. Biz regionda da təhlükəsizliyə xüsusi diqqətlə yanaşırıq”.

İ.Qaribaşvili konfrans çərçivəsində keçiriləcək debat və müzakirələrin xüsusilə aktuallıq, keyfiyyət və nəticə baxımından əhəmiyyətli olacağına əminliyini bildirib. O, ölkəsinin beynəlxalq tərəfdaşlar qarşısında götürdüyü öhdəliklərə sadiq qaldığını bildirib.