08 fevral 2019 10:55
163

Gürcüstan terrorçuya abidə qoyulmasına biganə qalmamalıdır

Azərbaycanın sürətli inkişafını gözü götürməyən erməni lobbisi yenə də bütün imkanlarını ölkəmizə qarşı səfərbər edib. Məqsəd Azərbaycanla onun qonşuları arasında ciddi şəkildə gərginlik yaratmaqdır. Erməni lobbisi bu sahədə həm Rusiya, həm Türkiyə, həm də Gürcüstan istiqamətində cəhd göstərir. Azərbaycana qarşı başlanılan bu kampaniyalarda isə erməni lobbisinə adları çəkilən ölkələrdə fəaliyyət göstərən və erməni maraqlarına xidmət edən siyasilər aktiv şəkildə iştirak edirlər. Onu da qeyd edək ki, bir neçə gün bundan öncə Gürcüstanda Azərbaycan ərazilərinin işğalında iştirak etmiş erməni terrorçuya abidənin ucaldılması da məhz bu səbəbdən baş verən hadisədir.

Azərbaycana qarşı başlanan bu kampaniyanı kəskin şəkildə pisləyən ekspertlər hesab edirlər ki, bu kimi hallara qarşı adekvat addımlar atılmalıdır. “Gürcüstanın Axalkalaki şəhərində erməni terrorçusu Mixail Avaqyana abidənin ucaldılması hər şeydən öncə ziddiyyətli bir məsələdir”, - deyə politoloq Elşad Mirbəşiroğlu “İki sahil”ə açıqlamasında bildirdi. O qeyd etdi ki, bu məsələyə iki prizmadan yanaşmaq lazımdır. Birincisi, ermənilər azərbaycanlılara qarşı nə qədər düşmən münasibət bəsləyirlərsə, gürcülərə qarşı da o cür mövqedədirlər: “Bununla bağlı kifayət qədər faktlar da mövcuddur. Ermənilər gürcülərə qarşı həmişə xəyanətkar mövqedə olublar. Onlar Gürcüstanın ərazilərini ələ keçirməyə çalışıblar. Bildiyimiz kimi, Gürcüstanın Cavaxetiya bölgəsinə erməni iddiaları hələ də qalmaqda davam edir. Ermənilər hər an orada separatizmlə məşğul olmağa hazırdırlar. Lakin Gürcüstan hökumətinin bunu görməzlikdən gəlməsi heç də başadüşülən hal deyil. Orada çoxsaylı erməni təşkilatları vardır ki, onlar həm Ermənistanın, həm də Gürcüstanın ərazisində fəaliyyət göstərərək ölkəmizə qarşı müəyyən təxribatlar hazırlamaqla məşğul olurlar. Digər bir məqamı isə Gürcüstanın Avropa ilə daha yaxından əməkdaşlıq etməsidir. Lakin demokratik dəyərlərə, insan hüquq və azadlıqlarına ən həssas yanaşan ölkə kimi özünü xarakterizə edən bir dövlətin ərazisində cinayətkar birinin şərəfinə abidənin ucaldılması nə dərəcədə bu imicə uyğundur”.

Politoloq vurğuladı ki, ikinci tərəfdən baxsaq görərik ki, bu gün Gürcüstan Azərbaycandan kifayət qədər asılı olan bir ölkədir: “Bu ölkə bu günləri həm siyasi, həm də iqtisadi imkanlar baxımından Azərbaycanın hesabına ayaqda qala bilir. Nəzərə almaq lazımdır ki, regionda Azərbaycanın təşəbbüsü və birbaşa iştirakı ilə həyata keçirilən bütün layihələrdə (Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars) Gürcüstan da iştirak edir. Sözsüz ki, Azərbaycanın maliyyəsi hesabına reallaşan bu layihələrdən Gürcüstan külli miqdarda gəlir əldə edir. Bütün bunlara biganə yanaşmaq lazım deyil. Azərbaycan dövlətinə, xalqına qarşı qatı cinayətlərdə davamlı olaraq iştirak edən bir terrorçuya abidənin qoyulması heç də iki ölkə arasındakı əməkdaşlığa yaraşan hal deyil. Bu reallıqlar nəzərə alınmalı, bütün bunlara qarşı Gürcüstan hökuməti öz mövqeyini ortaya qoymalıdır. Hesab edirəm ki, Azərbaycan-Gürcüstan münasibətlərinin bundan sonrakı inkişafı və xarakteri Gürcüstanın atacağı addımlardan asılı olacaq”.

E.Mirbəşiroğlu onu da qeyd etdi ki, Gürcüstanda yaşayan azərbaycanlılar da məsələyə kəskin şəkildə münasibətlərini bildirməkdədirlər: “Orada yaşayan soydaşlarımız hər şeydən öncə analoji addımlar atmağa çalışmalıdırlar. Onlar azərbaycanlıların yığcam şəkildə yaşadıqları ərazilərdə Azərbaycanın milli qəhrəmanlarının abidələrin ucaldılması ilə bağlı çıxışlar etməlidirlər. Digər yandan isə Avaqyan kimi terrorçuların gürcü xalqı üçün həmişə təhlükə mənbəyi olduğunu sübuta yetirməlidirlər. Yəni bunu arqumentləşdirməyi bacarmalıdırlar. Çünki ermənilər, eyni zamanda, gürcülərin də düşmənidir. Hər an gürcülərə qarşı istənilən tərzdə neqativ fəaliyyət göstərməyə hazırdırlar. Yəni bu istiqamətdə təşkilatlanmış fəaliyyət göstərməklə real nəticələr əldə etmək olar. Sadəcə olaraq, belə hərəkətlər davamlı və təşkilatlanmış formada olmalıdır. Eyni zamanda, Gürcüstan hökumətinə Azərbaycan-Gürcüstan münasibətlərinin əhəmiyyətini daha ciddi şəkildə çatdırmaq lazımdır”.

Mənsumə Babayeva, “İki sahil”