03 dekabr 2020 12:46
887

Gürcüstanda ərzaq məhsullarının qiyməti bahalaşıb

Cari ilin noyabr ayında Gürcüstanda ərzaq və gündəlik tələbat mallarının qiyməti artıb. Ümumiyyətlə noyabr ayında Gürcüstanda istehlak qiymətləri indeksi oktyabr ayı ilə müqayisədə 100,9 faiz, illik müqayisədə isə 103,8 faiz təşkil edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən məlumat verilib.

Bildirilir ki, ötən ay ölkədə ərzaq və spirtsiz içkilər 1,8 faiz, tərəvəzlər 7,6 faiz, süd, pendir və yumurta 4,7 faiz, yağ 4,1 faiz, qənd, cem, bal, şokolad və qənnadı məmulatları 1,4 faiz bahalaşıb, meyvə isə 7,8 faiz ucuzlaşıb.

Son 1 ildə isə Gürcüstanda ərzaq və spirtsiz içkilər 6 faiz bahalaşıb.

Səhiyyə və sağlamlıq sahəsində xidmətlərin dəyəri 8,8 faiz artıb, nəqliyyat sahəsində qiymətlər isə 5,2 faiz azalıb.

Qeyd edək ki, ölkədə çörəyin qiyməti də artıb.

Çörək Bişirənlər Assosiasiyasının sədri Malxaz Dolidze bildirib ki, dövlət tərəfindən subsidiyaların veriləcəyi təqdirdə çörəyin qiyməti artmayacaq.

Kənd təsərrüfatı naziri Levan Davitaşvili də çörəyin qiymətinin bahalaşmayacağını bəyan edib.

Buna baxmayaraq, bəzi bölgələrdə, artıq çörəyin qiymətində bahalaşma müşahidə olunur.