09 dekabr 2019 17:02
1187

Hacıqabul seçiciləri YAP namizədlərinə səs verəcəklər - FOTO

Yeni Azərbaycan Partiyası (YAP) Hacıqabul rayon təşkilatı bələdiyyə seçkilərində namizədlərin təbliğat-təşviqat kampaniyası çərçivəsində gənclərlə görüş keçirib.

Görüşdə Milli Məclisin deputatları Kamran Bayramov və Şahin İsmayılov iştirak ediblər.

Tədbirdə YAP Hacıqabul rayon təşkilatının sədri Hafis Bəşirov rayon təşkilatının gördüyü işlər barədə məlumat verib, bələdiyyə seçkilərinin əhəmiyyətindən danışıb, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu siyasətin nəticəsi olaraq gənclərin idarəetmə orqanlarında və seçki prosesindəki iştirakının artdığını qeyd edib. H.Bəşirov əlavə edib ki, Hacıqabul rayonu ərazisində 15 bələdiyyə fəaliyyət göstərir. Bu bələdiyyələrin ümumilikdə 145 üzvü vardır. Hacıqabul rayonunda olan 145 bələdiyyə üzvlüyünün hər birinə YAP tərəfindən namizədlər irəli sürülüb, bu namizədlərin 63 nəfərini gənclər təşkil edir.

Milli Məclisin deputatı Kamran Bayramov çıxış edərək ölkəmizdə bələdiyyə institutunun formalaşdığını bildirib və bu sahədə görülən işlərdə gənclərin böyük rolunun olduğunu qeyd edib.

Milli Məclisin deputatı Şahin İsmayılov əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasətindən danışıb və qeyd edib ki, bu gün gənclərə böyük etimad göstərilir.

Tədbirdə YAP Hacıqabul rayon təşkilatı Gənclər Birliyinin sədri Firdovsi İbrahimov və rayon təşkilatı Qadınlar Şurasının sədri Zeynəb Yunuslu çıxış edərək gəncləri bələdiyyə seçkisində fəal olmağa, seçki günü seçki məntəqələrinə gəlib Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıblar.

Orxan Vahidoğlu, “İki sahil”