07 avqust 2019 20:12
341

Hadi Rəcəbli: Azərbaycan bu gün dünyaya nümunə olan ölkədir

Müsahibimiz Milli Məclisin Əmək və Sosial siyəsət komitəsinin sədri, siyasi elmlər doktoru, professor Hadi Rəcəblidir

- Hadi müəllim, son altı ayın sosial - iqtisadi göstəriciləri ümumilikdə 2019 - cu il üçün nə vəd edir?

- Müşavirə sözün əsl mənasında ölkə hüdudlarından kənarda da böyük rezonansa səbəb oldu.   İlk olaraq  bir neçə məqamı diqqətinizə çatdırmaq istərdim. Sosial - iqtisadi sahə ilə bağlı keçirilən müşavirənin adında bir mahiyyət var idi. Müşavirədə diqqətə çatıdırılan rəqəmlər ölkəmizin dinamik inkişafının təsdiqidir. Möhtərəm Prezidentimiz bu ilin əvvəlindən həyata keçirilən ciddi və genişmiqyaslı sosial - iqtisadi islahatların birinci mərhələsinin nəticələri, görülən işlər haqqında  ətraflı təhlillər apardı, eyni zamanda, ikinci mərhələ ilə bağlı  məsələlərdən söhbət açdı.

Qeyd olundu ki, birinci yarımillikdə büdcəyə vergi və gömrük orqanlarının xətti ilə əlavə olaraq 440 milyon manatdan çox vəsait daxil olub. Həmin vəsaitlər məhz bu sosial tədbirlərə yönəldilir. Bundan başqa, bitkiçilik üzrə son 6 ayda ölkədə 25 faiz artım olub.  Bütövlükdə qeyri - neft sektorunda olan artım təxminən 13 faizə bərabərdir. Ölkə Prezidentinin son illər xüsusi  diqqət göstərdiyi məsələ Azərbaycanda əmək tutumlu iş yerlərinin yaradılmasıdır. Cənab İlham Əliyev bu istiqamətdə bütün icra strukturlarına, maliyyə, iqtisadi orqanlara ciddi tapşırıqlar verib.  Qeyri - neft sektoru, xüsusilə də  kənd təsərrüfatının inkişafı, aqrar sahə, emal müəssisələri daha çox əmək tutumlu sahələrdir və burada diqqətə çatdırılan artım yeni iş yerlərinin yaradılmasına geniş imkanlar açır. Bu baxımdan möhtərəm Prezidentimizin yanında keçirilən sosial - iqtisadi sahə ilə bağlı müşavirədə  diqqət məhz bu sahəyə cəlb olundu.  

Müşavirədə Əmək və Əhalinin Sosial müdafiəsi naziri Sahil Babayev aparılan uğurlu islahatlar, Fərman və sərəncamların icrası ilə bağlı ölkə başçısına  hesabat verdi.

Bundan başqa, cənab İlham Əliyev özünüməşğulluqla bağlı məsələlərə də toxundu.  Qeyd etmək lazımdır ki, özünüməşğulluq ideyası möhtərəm Prezidentimiz İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən  yeni layihələrdəndir. Burada hədəf  fərdin özü üçün iş yeri yaratması, o cümlədən bacarıqlarının inkişaf etdirilməsidir.  Necə ki, “DOST”, “ASAN xidmət”,  eləcə də özünüməşğulluq proqramı  dövlətimizin başçısının  Sərəncamı ilə təsdiq olunub. Beləliklə, şəxsiyyətin deqeredasiyasının qarşısının alınması üçün xüsusi  şərait və iş yerləri  yaratmaqla bağlı Sərəncam verildi və bununla əlaqədar ailələrə 3 - 5 min civarında vəsait ayrıldı. Bu vəsaitin hesabına insanlar kiçik biznesini qurmağa və  sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa nail olurlar.  Burada çalışanların əksəriyyəti əlilliyi olan, Qarabağ əlilləri,  həmçinin   evdar qadınlardır. Bu qrup insanlar kütləvi məşğulluğa cəlb oluna bilməyən insanlardır. Özünüməşğulluq proqramı əsasında  onların bu fəaliyyətə  cəlb olunmaları təmin olunur. Müşavirənin gedişində bir daha aydın oldu ki, cari ilin ötən dövründə bu məqsədlər üçün 10 minə yaxın iş yeri yaradılıb.

Bundan başqa, möhtərəm Prezidentimiz İlham Əliyev digər bir maraqlı məsələyə də toxunubdu.  Ölkə başçısı qeyd etdi ki, özünüməşğulluq Dünya Bankının, eyni zamanda, digər beynəlxalq təşkilatların da diqqətini cəlb edib. Onlar bu məqsədlərə vəsait ayrımaqda maraqlı olduqlarını bildiriblər.

- Bu günlərdə Belarusa qısamüddətli səfəriniz olub. Bu barədə nə deyə bilərsiniz?

- İnanın ki, hər səfərdə  ölkəmizə diqqət və marağın nə qədər böyük, iqtisadi uğurlarımızın, insanların yüksək rifahının necə  təqdir olunduğunu  görür və bundan qürur hissi keçirirəm. Müqayisə etdikdə Azərbaycanın bütün sahələrdə üstünlüklərə malik olduğu diqqətdən kənarda qalmır. Azərbaycan bu gün dünyaya nümunə olan ölkədir.   Müşavirə ərəfəsində  Minsk şəhərində səfərədə idim. ortada həmkarım - Əmək və sosial siyasət komitəsinin sədri Tamara Petrovna ilə görüşüm oldu. Görüşdə fikir mübadiləsi apardıq. Söhbət zamanı Tamara Petrovna ölkəmizdə tətbiq olunan “ASAN xidmət”, “DOST” layihələrindən bəhs etdi, həyata keçirilən islahatlar, onların necə tətbiq olunması istiqamətində  əldə olunan nəticələr ətrafında fikir mübadiləsi apardıq. Həmçinin İnformasiya nazirinin müavini İqor İvanoviç ilə görüşümüz oldu.  Düşünürəm ki, Azərbaycanda aparılan islahatlar digər ölkələr kimi, Belarus Respublikasının da marağındadır.

- Hadi müəllim, Belarus Respublikasının müstəqilliyinin 75 illiyi ilə  əlaqədar hansı tədbirlər həyata keçirildi?

-  Sevindirici hal o idi ki,  bu bayram içərisində başqa bir abı - hava var idi.  Belarus Respublikasını işğaldan azad edən qəhrəmanlar sırasında iki Sovet İttifaqı Qəhrəmanı var idi ki, onlardan biri məhz  Həzi Aslanov idi.  Belarusun Vilayka şəhərində Həzi Aslanovun xatirəsinə  əzəmətli bir abidə ucaldılıb. Yerli İcra Hakimiyyəti başçısının 15 ilə yaxın müavini olmuş Svetlana Deruqonun sözlərindən  məlum oldu ki, uzun müddət həmyerlimiz Baxşı Qəmbərov Həzi Aslanovun adının əbədiləşməsi istiqamətində  səylər göstərib. Əvvəl xatirə lövhəsi ilə kifayətlənən rayon rəhbərliyi sonra büstün qoyulmasına, daha sonra  isə heykəlin ucaldılmasına razılıq verib. Belarusda belə bir abidənən ucaldılması məndə iftixar hissi yaratdı. Fəxr edirəm ki, Azərbaycanın qəhrəman oğluna belə  diqqət vardır. Mənim üçün 75 illiyin ən böyük təəssüratı bu oldu. Eyni zamanda, orada yerləşən böyük parkda yenə də Həzi Aslanovun adına  memorial lövhə qoyulub. Bu bayram sanki Həzi Aslanovun adı üzərində qurulmuşdu.

- Bir  alim olaraq ölkəmizin bugünkü uğurları, dinamik inkişafı sizdə hansı qənaəti yaradır?

- İqtisadiyyat da, sosial siyasət də möhkəm baza üzərində qurulub. Sosial - iqtisadi göstəricilərimiz təkcə rəqəmlərdə deyil, insanların gündəlik həyatında özünü nümayiş etdirir. Burada söhbət  minimum yaşayışın, minimum əmək haqqının, minimum pensiyanın iqtisadi tərəqqiyə uyğun olaraq artmasından gedir.

Ümumilikdə həyata keçirilən bütün islahatlar, sosial yönümlü Fərman və sərəncamlar  bir daha sübut  edir ki, ölkə başçısı İlham Əliyevin həyata keçirdiyi siyasətin mahiyyətində məhz  Azərbaycan vətəndaşı,  Azərbaycan vətəndaşının sosial rifahının yaxşılaşdırılması dayanır. Təkmil, dövrün tələbinə uyğun yeniliklər, modernləşmə, ardıcıl, sistemli şəkildə islahatlar hədəflərə yüksək səviyyədə nail olmağa əsas verir.

Könül Əliyeva, “İki sahil”