17 oktyabr 2019 19:09
996

Havadakı müharibə qoxusu və işğalçı Ermənistanın qorxusu...

Azərbaycan Prezidenti İlham Əliyevin “Valday” Beynəlxalq Diskussiya Klubunda səsləndirdiyi “Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatının Ermənistan cəmiyyətində doğurduğu geniş rezonans hələ də səngiməyib. Prezidentimizin məlum bəyanatındakı  “Deməliyəm ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü bu gün də davam edir. Həmçinin Ermənistan baş nazirinin təəccüb doğuran bəyanatına toxunmaq istərdim. Bu bəyanat təkcə Azərbaycanda təəccüblə qarşılanmayıb, ona Rusiya Federasiyası tərəfindən də “Valday” forumu çərçivəsində müvafiq cavab verilib. Beləliklə, bəyanat sözbəsöz belədir: “Qarabağ Ermənistanın bir hissəsidir və nöqtə”. Birincisi, yumşaq desək, bu, yalandır. Dünya tərəfindən həm Aran, həm də Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi tanınıb. Ermənistan özü də bu qanunsuz qurumu tanımır. Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi.”  şəklində dəqiq ,  lakonik və tarixi cavabı  Ermənistan tərəfini elə sarsıdıb ki, hələ də işğalçı ölkə mətbuatında bununla bağlı silsilə yazılar,  şərhlər və analitik  izahlar yayımlanmaqdadır.

İşğalçı ölkənin “tert” saytında  yer alan  yazıda erməni azərbaycanşünas Anjela Elibeqovanın Azərbaycan Prezidentinin sözügedən bəyanatı ilə bağlı dərin narahatlığı və mümkün müharibə qorxusu öz əksini tapıb. A. Elibeqova bildirib ki,  Prezident Əliyevin “Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatı Azərbaycanda təbliğat və informasiya müharibəsində yeni tezisi ortaya çıxarıb: “Bu tezis yavaş-yavaş konstruksiya alır, xüsusilə konfranslar və parlament dinləmələri keçirilir, Azərbaycan Müdafiə Nazirliyini bunu əmr kimi qəbul edib, Azərbaycan icması isə gəncləri birləşməyə və bu prinsipi beynəlxalq arenaya çıxarmağa çağırıb. Yeni konsept formalaşır, əminəm ki, Azərbaycan bu konsepti beynəlxalq cəmiyyətə təqdim edəcək. Narahatlıq rəsmi mövqeyimizdir ki, təbliğat xəttimizi necə aparacağıq. Əgər bu vəziyyətdə Azərbaycandan bizim üçün proqnozlaşdırılan mənzərəmiz varsa, erməni tərəfinin rəsmi mövqeyi haqqında eyni şeyi deyə bilmərik”.

Ermənistan hakimiyyətinin bir-birindən fərqli  üç yanaşma ortaya qoyduğunu xatırladan azərbaycanşünas fikirlərini belə açıqlayıb: “Ermənistan baş naziri Nikol Paşinyan əvvəlcə bildirdi ki, Qarabağ (qondarma qurum- S.A ) danışıqlar masasına qayıdır, çünki məsələnin həlli üçün onun mandatı yoxdur. Sonra ikinci tezis səslənir ki, “Qarabağ Ermənistandır və nöqtə.” Üçüncü həll isə budur ki, Qarabağ məsələsinin həlli həm Azərbaycan, həm Ermənistan, həm də Qarabağ sakinlərinin maraqlarından irəli gəlməlidir. İndi hansı tezisi əsas götürürük? Təbliğat paketi aydınlaşdırılmalı və inkişaf etdirilməlidir. Əgər biz Qarabağın Ermənistan tərkibinə daxil olması yolunu tutsaq, onda  Azərbaycan bildirir ki, müharibə əməliyyatlarına başlamaqdan başqa bir variant yoxdur”.

A.Elibeqova  müsahibəsində Azərbaycanın işğal altında olan əzəli torpaqlarını azad etmək üçün mümkün müharibəyə başlayacağı  ehtimalı ilə bağlı təlaşını  dilə gətirib: “ Azərbaycan tərəfinin hərbi əməliyyatlara başlayacağı ilə bağlı vaxtaşırı səsləndirdiyi bəyanatlar yenilik deyil, ancaq bunu da bilirik ki, Azərbaycan dediyini  edir, yəni, sözdən işə keçməyi əla bilir. Son dövrlərdə mütəmadi olaraq Türkiyə və digər dövlətlərlə birgə keçirdiyi genişmiqyaslı hərbi təlimləri, müasir silahlar tədarük etməsini isə heç xatlrlatmağa belə ehtiyac yoxdur, bunu hamımız yaxşı bilirik. Azərbaycan müharibəyə hazırlaşır  və onlar bunu gizlətmirlər”. 

O, müsahibəsində 2016-cı ilin aprel döyüşlərini də xatırladaraq Azərbaycanın təkcə sözdə deyil, elə işdə də hərbi gücünü nümayiş etdirdiyini təşvişlə vurğulayıb. 

A.Elibeqovanın mümkün  müharibə versiyası ilə bağlı fikirlərində müəyyən həqiqət var. Bəli, Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar nəticə verməyəcəyi təqdirdə öz torpaqlarını erməni işğalından azad etmək üçün hərbi yolu seçəcəyini istisna etmir. Azərbaycan Prezidenti İlham Əliyev beynəlxalq tribunlardan da  qətiyyət və prinsipiallıqla bunu həmişə bəyan edir.

Aydın məsələdir ki, Azərbaycanın  davamlı olaraq öz hərbi gücünü məqsədyönlü şəkildə artırması işğalçı Ermənistanı daimi təşvişdə saxlayır. Ermənistan mətbuatında Azərbaycanın müxtəlif ölkələrdən silah alması ilə bağlı yer alan silsilə yazılarda da mümkün müharibə ehtimalı dərin təşviş  içində müxtəlif rakurslardan təhlil edilir.

A.Elibeqova da işğalçılıq siyasəti yürüdən Ermənistanın düşdüyü  vəziyyətin çıxılmazlığını yaxşı dərk  edir. Ancaq eyni zamanda bu situasiyadan da çıxış yolunun Ermənistanın işğalçılıq  siyasətindən təcili şəkildə imtina edib Azərbaycanın əzəli torpaqlarından çıxması olduğunu da yaxşı bilir. 

Prezident İlham Əliyev Ermənistan üçün düzgün yolun nədən ibarət olduğunu dəfələrlə öz çıxışlarında bəyan edib: “Ermənistan asılı ölkədir, öz gələcəyini özü müəyyən edə bilmir. İşğalçı siyasəti onları bax, bu vəziyyətə gətirib çıxarıbdır. Onların vəziyyətdən yeganə çıxış yolu qonşularla münasibətləri bərpa etməkdir. Bunun üçün isə işğala son qoyulmalıdır. Dağlıq Qarabağın gələcək statusu ancaq vahid Azərbaycan dövləti çərçivəsində mümkün ola bilər. Münaqişənin həlli bundan ibarətdir... Ermənistanı bu ağır böhranlı vəziyyətdən çıxarmaq üçün bir yol var, o da Azərbaycan ilə münasibətləri normallaşdırmaqdır. Biz buna hazırıq. Ancaq əlbəttə ki, buna nail olmaq üçün bir şərt var - Ermənistan silahlı qüvvələri işğal edilmiş torpaqlardan çıxarılmalıdır.”

Sevinc Abdullayeva, “İki sahil”