25 yanvar 2019 19:42
408

Hədəfimiz Azərbaycanda müasir infrastruktur yaratmaqdır

Azərbaycan Çin hökumətinin “Bir kəmər, bir yol” təşəbbüsünü daim dəstəkləyir


Dünyanın 100 möhtəşəm layihəsi siyahısına daxil edilən, Azərbaycanın təşəbbüsü ilə gerçəkləşən neft- qaz kəmərlərindən sonra qitələri birləşdirən önəmli layihə kimi dünya birliyinin diqqətini cəlb edən Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun istifadəyə verilməsi ilə Qədim İpək Yolu bərpa olundu.

Təkcə Azərbaycan deyil, bölgə dövlətləri üçün siyasi, iqtisadi, strateji baxımdan böyük əhəmiyyət daşıyan, Çindən başlayaraq Londona qədər uzanan BTQ dəmir yolu vasitəsilə Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərinə və Türkiyəyə birbaşa gediş imkanları yaranır. Diqqət çəkən maqam odur ki, əvvəlki neft-qaz layihələrinin gerçəkləşməsində beynəlxalq maliyyə təşkilatlarının dəstəyindən istifadə edən təşəbbüskar dövlətlər böyük geosiyasi inqilab adlandırılan BTQ-nin çəkilişini yalnız öz vəsaitləri hesabına reallaşdırdılar. Bu sahədə Azərbaycanın rolu daha böyükdür. İqtisadiyyatının dinamik inkişafı sayəsində maliyyə imkanları artan Azərbaycan dəmir yolunun Gürcüstan hissəsinin inşası üçün dost ölkəyə 25 il müddətinə illik bir faizlə 200 milyon dollar kredit ayırmaqla daha qüdrətli, müstəqil dövlət olduğunu sübuta yetirdi.

Xəzər hövzəsindəki karbohidrogen ehtiyatlarını dünya bazarına çıxaran Azərbaycan yükdaşımalarının təminatında da logistik mərkəz rolunu oynamaqla regional əhəmiyyətini artırır.

Layihəyə əsasən müəyyənləşdirilən, Gürcüstanın Marabda stansiyasında dəmir yolunun təməlinin qoyulması münasibətilə keçirilən mərasimdə çıxış edən Prezident İlham Əliyevin vurğuladığı kimi, “Dəmir İpək Yolu” tikintidə iştirak edən, dəmir yolunun inşası üçün iradəsini ortaya qoyan tərəfdaş dövlətlərin birgə səyinin nəticəsidir.

Dəmir yolunun açılışını tarixi hadisə, tərəfdaşların birgə səyinin bəhrəsi adlandıran, “Çindən gələn və əsasən Transsibir magistralı ilə daşınan yükləri Gürcüstandan keçərək İstanbula çatdıracaq, oradan isə Avropaya istiqamətlənəcək layihə əsas tranzit mərkəzinə çevrilməklə iqtisadi səmərəlilik baxımından da böyük əhəmiyyətə malikdir. Bakı-Tbilisi-Qars tarixi İpək Yolunun bir hissəsinin bərpası deməkdir və bundan Çin, Qazaxıstan, Orta Asiya, Azərbaycan, Gürcüstan, Türkiyə, Avropa ölkələri istifadə edəcəklər. Şimal-Cənub nəqliyyat dəhlizi Hindistan, Pakistan, İran, Azərbaycan, Rusiya və Avropa ölkələrini birləşdirəcək. Azərbaycan hər iki layihədə fəal iştirakçıdır və öz maliyyə resurslarını ortaya qoyan ölkədir” söyləyən Prezident İlham Əliyev onu da qeyd edir ki, Azərbaycan nəqliyyat sektoruna çox böyük önəm verir və sərmayə ayırır.

Ölkəmizin təşəbbüsü ilə həyata keçirilən Bakı-Tbilisi-Qars, Şimal-Cənub, Cənub-Qərb nəqliyyat dəhlizlərinin, eləcə də Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu (TBNM) kimi layihələr təkcə iqtisadi səmərəsi ilə deyil, ölkələrarası əməkdaşlığın genişləndirilməsi baxımından da diqqət çəkir. Reallaşan hər bir layihə isə respublikamızın dünya birliyində siyasi, iqtisadi əhəmiyyətini artırmaqla, enerji və nəqliyyat təhlükəsizliyinin təminatındakı rolunun əvəzedilməzliyini göstərir.

Açıqlamalara görə, Şərqlə Qərb arasında il ərzində təxminən 40 milyona yaxın konteynerlərlə müxtəlif yüklər daşınır. Azərbaycan isə artıq həmin yüklərin daşınmasında mühüm halqalardan birinə çevrilir. İlkin hesablamalara görə, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi ilə 10-15 milyon ton yük daşınması planlaşdırılır və Azərbaycan tranzitdən çox böyük gəlirlər əldə edə bilər. Bu, təxminən ildə 250-300 milyon dollar deməkdir. Ümumiyyətlə, bu layihələrin reallaşması nəticəsində yüklərin Çin, Hindistan, Fars körfəzindən, Pakistan, İran Azərbaycan, Gürcüstan üzərindən keçməklə, şimalda Rusiya və oradan Avropaya, qərb istiqamətində isə Gürcüstan və Türkiyə üzərindən Avropaya, əksinə yüklərin daşınmasına imkanlar yaranacaq.

2017-ci ildə istifadəyə verilən və əlverişli şərtləri ilə diqqəti cəlb edən BTQ-nin perspektivlərini nəzərə alan dünya dövlətlərinin “Dəmir İpək Yolu”na artan marağı da təsadüfi deyil.

Çində keçirilən “Bir kəmər - bir yol” strategiyası” adlı beynəlxalq Forumda yüklərin daşınması ilə əlaqədar Azərbaycanla Çin arasında sənədin imzalanması qitələri birləşdirən dəmir yolunun perspektivlərini artırır. Nəqliyyat layihələrinin geosiyasi əhəmiyyətini araşdıran ekspertlərin rəyi belədir ki, Azərbaycanın Çinin “Bir kəmər - bir yol” strategiyasının iki istiqamətindən biri olan və ölkələr arasında iqtisadi sahədə münasibətlərin daha da genişləndirilməsini nəzərdə tutan “İpək Yolu”nun çəkilməsinə böyük töhfələr vermək imkanları çoxdur.

Dünya dövlətlərinin “ənənəvi iqtisadi hesabat tribunası”na çevrilən Davos İqtisadi Forumu çərçivəsində “Bir kəmər, bir yol” təşəbbüsünün inkişaf etdirilməsi: Çinin trilyon dollarlıq baxışı” mövzusunda keçirilən sessiyada qlobal müasir infrastrukturun yaradılmasının mahiyyət və əhəmiyyətindən ətraflı bəhs edən Prezident İlham Əliyev bildirmişdir ki, yolların, magistralların, hava limanlarının tikintisi üçün infrastruktura sərmayə yatıran Azərbaycan üçün BTQ tərəfdaş ölkələrə iqtisadi səmərə gətirməklə xalqları yaxınlaşdıran, bölgədə sabitliyi təmin edən həm də mənəvi körpüdür. “Bir kəmər, bir yol” təşəbbüsünün üzvü olan ölkələrin maliyyə imkanları son beş ildə əlli faiz çoxalmış və bu artım gələcəkdə də müşahidə olunacaqdır. Sabitliyə, təhlükəsizliyə xidmət edən, geosiyasi əsası olan istənilən enerji, nəqliyyat layihələrinin qarşılıqlı əməkdaşlıqda rolunun artması bu həqiqəti təsdiqləyib.

Davos İqtisadi Forumunda Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən layihələrin uğurla nəticələnməsini tərəfdaş ölkələrin birgə səyinin nəticəsi kimi dəyərləndirən cənab İlham Əliyev bildirir ki, qonşular olmadan tranzit ölkə olmaq mümkün deyil: “Bizim qonşularımız onların qonşuları olmadan tranzit ölkələr ola bilməzlər. Buna görə bu, ölkələr zənciridir və bayaq dediyim kimi, biz Şərqdən Qərbə və Şimaldan Cənuba gedən yol üzərindəyik. Beləliklə, biz qitələri, ölkələri birləşdiririk və daha proqnozlaşdırıla bilən gələcək yaradırıq.”

Bu baxımdan “Bir kəmər, bir yol” təşəbbüsünü dəstəkləyən Azərbaycanın səyi nəticəsində Bakı-Tbilisi-Qars dəmir yolunun çəkilişi ilə nəqliyyat şəbəkəsini Avropaya qədər uzatmaq mümkün oldu. Əsas məqsəd Çindən yükləri qəbul etmək və onların daşınmasını təmin etməkdir. Çünki Azərbaycan tərəfi Çinin “Bir kəmər -bir yol” strategiyasının iki istiqamətindən biri olan və tarixi İpək Yolu üzərində yerləşən ölkələr arasında iqtisadi sahədə münasibətlərin daha da genişləndirilməsini nəzərdə tutur. Eyni zamanda “Qərb-Cənub” nəqliyyat dəhlizi üzrə daha çox konteyner yükdaşımaların cəlb olunması üçün səylər davam etdiriləcək. Perspektivdə Şərqi Avropa ölkələrində yüklərin “Qərb-Cənub”, “Şimal-Cənub” nəqliyyat dəhlizi üzrə konteyner yükdaşımalarına nail olmaq nəzərdə tutulur. Ukrayna, Baltikyanı ölkələr, Polşa, Bolqarıstan, Rumıniya, Moldova və digər ölkələrdən yükləri cəlb etməklə bu xəttin rentabelliliyi təmin ediləcək.

Eyni fikirlərini daha ətraflı Çinin CGTN televiziyasına müsahibəsində şərh edən, qlobal əhəmiyyət daşıyan infrastruktur layihələrin genişlənməsində Çinlə əməkdaşlıqda maraqlı olduğunu bildirən Prezident İlham Əliyev vurğulamışdır ki, Azərbaycanın təşəbbüsü ilə reallaşan, gəlir gətirən layihələr həm də başqa ölkələrin iqtisadi inkişafı üçün əlavə imkanlar yaradır: “Lakin uzunmüddətli investisiyalara gəldikdə əsas məqsəd elə bir infrastrukturun yaradılmasıdır ki, o, uzun zaman ərzində fəaliyyət göstərsin və ölkəni dəyişmiş olsun, dünyanın ölkəyə münasibətini dəyişmiş olsun. Çünki bu infrastruktur layihələri olmadan Azərbaycanın coğrafi mövqeyinin bir o qədər də böyük mənası yoxdur. Biz ölkələri və insanları birləşdirməyə nail olmuşuq. Sizə deyə bilərəm ki, nəqliyyatla bağlı infrastruktur layihələri regionumuzda tamamilə yeni siyasi vəziyyət yaradır. Bir-birindən asılı olan ölkələr; biri tranzit ölkəsindən asılıdır, digəri tranzit ölkəsi olur, əlbəttə ki, onlar arasında daha yaxın münasibətlər yaranır. Onlar faydaları paylaşır, onlar bütün tərəflərin uduzmadığı bir vəziyyət tapa bilir.”

Dövlət başçımız onu da qeyd edir ki, təkcə ikitərəfli yox, çoxtərəfli formatda da Xəzər dənizi vasitəsilə qitələrin birləşdirilməsi, Bakıda dəniz limanının tikintisi, dəmir yolu sisteminin Avropa strukturları ilə birləşməsi yeni əməkdaşlıq formatını yaradır: “Bizim hədəfimiz Azərbaycanda müasir infrastruktur yaratmaq və ölkəni müasirləşdirməkdir. Eyni zamanda, məqsədlərimizə - siyasi, iqtisadi və maliyyə məqsədlərimizə fəal əməkdaşlıq və qarşılıqlı dəstək vasitəsilə nail olmaqdır.”

“Şərq-Qərb” nəqliyyat dəhlizi təşəbbüsünün fəal üzvü olan Azərbaycan Çin hökumətinin “Bir kəmər, bir yol”” təşəbbüsünü daim dəstəkləyir, qonşu ölkələrin qlobal layihələrə qoşulmaq istəklərini yüksək dəyərləndirir. Çünki Azərbaycan “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizlərinin üzvü olan yeganə ölkədir ki, infrastrukturun yenilənməsi ilə Xəzərin sahilində 25 milyon tona qədər yük daşımaq gücündə olan ən böyük dəniz limanı respublikamızın ərazisindədir. Başqa sözlə deyilsə, Avropa və Asiya arasında əlaqə yaradan Bakı-Tbilisi-Qars əraziləri yaxınlaşdırmaq istəyənlər üçün ən səmərəli yoldur.

Bunu təcrübə də göstərir. Davos İqtisadi Forumunda bu amili diqqətə çatdıran dövlət başçımızın vurğuladığı kimi “Şimal-Cənub” dəhlizi vasitəsilə keçən il ondan əvvəlki illə müqayisədə on dəfə çox yük daşınıb. Forumun qiymətləndirməsinə əsasən, yolların keyfiyyətinə görə Azərbaycanın dünyada 34-cü yerdə qərarlaşması respublikamızda infrastruktur layihələrinə artan diqqəti göstərir.

Xuraman İsmayılqızı,  “İki sahil”