20 may 2020 12:28
681

Həkimlərin fədakarlığı alqışa layiqdir

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında qeyd olunur ki, ölkəmizdə 3274 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 2015 nəfəri müalicə olunaraq sağalıb, 39 nəfər vəfat edib, 1220 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Göründüyü kimi, bu günədək 2000-dən çox koronavirus infeksiyasına yoluxmuş şəxs müalicə olunaraq sağlamlığına qovuşub. Bu o deməkdir ki, ölkəmizdə koronavirusa yoluxmuş şəxslərə xüsusi qayğı ilə yanaşılır, xəstələrin qısa müddətdə tam sağalması üçün həkimlər əllərindən gələni əsirgəmirlər.

Bu gün ölkəmizdə vətəndaş-dövlət birliyi fonunda koronavirus bəlasından ən az itki ilə çıxmaq üçün zəruri olan bütün addımlar atılır və bu, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən də yüksək səviyyədə təqdir edilir. Ölkə Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bütün çıxışlarında, xalqa müraciətlərində həkim əməyinə yüksək dəyər vermələri öz ifadəsini tapır. Dünyanın hazırda bir nömrəli probleminə çevrilən koronavirus (COVID-19) infeksiyası ilə mübarizədə Azərbaycan səhiyyə işçilərinin fədakarlığı danılmazdır. Məlumdur ki, həkimlər öz həyatlarını risk altına ataraq xəstələrə xidmət göstərirlər. Həkimlərin səyi nəticəsində koronavirusdan sağalan xəstələrin sayı günü-gündən artmaqdadır.

Nəzərə aldıqda ki, ən inkişaf etmiş ölkələr bu xəstəliklə mübarizədə böyük problemlər yaşayır və bu ölkələrdə gündə yüzlərlə insan vəfat edir, o zaman Azərbaycan səhiyyəsinin nə qədər böyük iş gördüyünü təsəvvür etmək elə də çətin deyil. Öz həyatlarını təhlükə altına qoyaraq, gecə-gündüz insanların sağlamlığının keşiyində dayanan həkimlərimiz xüsusi karantin dövründə hətta öz ailələri ilə də yaxından görüşə bilmirlər. Sirr deyil ki, bu gün Azərbaycan səhiyyəsi öz inkişaf dövrünü yaşayır. Amma dünyanı ağuşuna almış pandemiya qarşısında böyük iqtisadiyyatları olan, öz səhiyyə sistemi və həkimləri ilə fəxr edən ölkələr aciz duruma düşüblər.

Qısa müddət ərzində 20-dən çox xəstəxananın, “Yeni klinika”nın koronavirus xəstələrinin müalicəsinə cəlb olunması, 10 modul tipli xəstəxananın tikilməyə başlanması Azərbaycanın vəziyyəti nəzarət altında saxlaya bilməsinə imkan yaratdı. Xüsusi karantin rejiminin tətbiqi ilə qabaqlayıcı tədbirlərin həyata keçirilməsi, təbii ki, Prezident İlham Əliyevin öz xalqına olan sevgisindən və çevik qərarlar qəbul etmək bacarığından irəli gəlir.

Bir sözlə, Azərbaycan səhiyyəsində uzun illər boyu əldə edilmiş nailiyyətlər artıq bu gün öz bəhrəsini verməkdədir. Bu müddət ərzində Səhiyyə Nazirliyi tərəfindən güclü peşəkar kadrlar yetişdirilib və yaranmış böhran vəziyyətində tibbi personal peşəkarlığı ilə birgə öz qəhrəmanlıq və fədakarlığını da nümayiş etdirməkdədir. İnanırıq ki, qarşıdakı günlərdə xəstələrin sayı daha da azalacaq, yeni yoluxma halları minimuma enəcək.

Taleh Bağırov, “İki sahil”