03 avqust 2020 18:45
844

Həmin kütləvi toplaşmalar olmasaydı, bugünkü rəqəmlər daha aşağı ola bilərdi

“Həftəsonu nəqliyyatın fəaliyyətinə məhdudiyyət qoyulmasının səbəbi insanların toplaşmasının qarşısını almaqdır”

 

“Qarabağ məsələsində həmrəyliyi bütün dünya dövlətləri gördü”.

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, ancaq burada kütləvi toplaşma hallarına da yol verildi: “Epidemioloqlar tərəfindən də qeyd edilir ki, həmin toplaşmalar olmasaydı, bugünkü rəqəmlər daha aşağı ola bilərdi. Gələcəkdə vətəndaşlarımız kütləvi xarakter daşıyan tədbirlərdən çəkinməlidir. Yas mərasimləri də bu qəbildəndir. Bu kimi tədbirlər vətəndaşların daha çox bir araya gəldiyi tədbirlər sırasındadır. Buna yol vermək olmaz”.

H. Hacıyev qeyd edib ki, iyulun 14-də kütləvi tədbirin hər birimizə qürur verən hissəsini kənara qoymaq şərti ilə məsələyə epidemioloji çərçivədən də baxmalıyıq.

O bildirib ki, isti yay günlərində bu çətinliklər səbr və təmkinlə qəbul olunur: “Biz müəyyən miqyas və birgə səylərimiz nəticəsində yoluxmanın azalmasına nail olduq. Amma bu bizi qane etmir. Gündəlik 200-dən çox yoluxma var. Buna da kütləvi tədbirlər səbəb olub. Biz daha aşağı yoluxma gözləyirdik. Buna görə də gələcəkdə bundan çəkinməyə çağırırıq”.

Hikmət Hacıyev deyib ki, həftəsonu nəqliyyatın fəaliyyətinə məhdudiyyət qoyulmasının səbəbi insanların toplaşmasının qarşısını almaqdır”.

O bildirib ki, əldə olunan müsbət dinamika bizi rahatlaşdırmamalıdır: “Digər dövlətlərin təcrübəsi də bunu göstərir. Virus hər an yenidən alovlana bilər”.