04 iyun 2020 17:10
792

Hər bir vətəndaş karantin şərtlərinə qeyd-şərtsiz əməl etməlidir

Koronavirus (COVID-19) pandemiyasının dünyada yayıldığı ilk günlərdən etibarən Azərbaycan höküməti tərəfindən virusa qarşı effektiv mübarizə aparılmışdır. Virusun ölkə ərazisində yayılmasının qarşısının alınması üçün qısa müddət ərzində  sərhədlərimiz demək olar ki, tamamilə bağlanmış, bütün təhsil ocaqları, ictimai iaşə obyektləri, xidmət sektorları fəaliyyətini dayandırmış və işləməyi zəruri olan strukturlarda xüsusi qaydalar tətbiq olunmuşdur. Məhz bunun nəticəsində ölkəmizdə pandemiya ilə əlaqədar məsələləri nəzarətdə saxlamaq, virusun geniş yayılmasının qarşısını almaq və insanların həyatını maksimum şəkildə qorumaq mümkün olmuşdur. Belə bir çətin dövrdə, pandemiya şəraitində ölkə əhalisinin birlik və həmrəylik göstərməsi, hökumətin tələblərinə əməl etməsi vacib şərt idi ki, vətəndaşlarımız da yüksək qətiyyət göstərərək karantin qaydalarına əməl etdilər. Dövlət-vətəndaş həmrəyliyinin nəticəsində aprel ayından etibarən yoluxma sayında azalmalar müşahidə olunmağa başladı, gündəlik sağalma sayı yoluxma sayını üstələdi. 

Bu səbəbdən hökumət tərəfindən karantin rejiminin yumşaldılması və mərhələli şəkildə karantin rejimindən çıxmaq planı qərara alındı. Ancaq təəssüf ki, proses zamanı vətəndaşlarımızın böyük bir hissəsi pandemiya ilə mübarizənin hələ də davam etdiyini unutdu, TƏBİB-in elan etdiyi göstərişlərə əməl etməyi dayandırdı və təsadüfi deyil ki, insanların məsuliyyətsizliyi ilə paralel olaraq gündəlik yoluxma sayında kəskin yüksəlişlər görünməyə və yoluxanlarla sağalanların sayı arasında ciddi fərq yaranmağa başladı. Son məlumatlara görə bir gündə 325 yeni yoluxma faktı qeydə alınıb ki, bu da bir gündə yoluxma halına görə rekord göstəricidir. Hər kəs anlamalıdır ki, belə bir fərqin yaranmağı ciddi fəsadlara gətirib çıxara bilər. Belə ki, ölkənin səhiyyə sistemi çökə və ciddi itkilər meydana gələ bilər. Buna görə də hər birimiz vəziyyətin ciddiliyini qəbul etməli və sosial məsuliyyət göstərərək bütün qoyulan tələblərə qeyd-şərtsiz əməl etməliyik.

Hal-hazırda yaranan vəziyyətin yenidən nəzarət altına alınması və  virusla mübarizənin kəskinləşməsi üçün karantin rejiminin yenidən sərtləşdirilməsi barədə qərar verilmişdir. Qeyd edilməlidir ki, dövlət tərəfindən karantin rejiminin yenidən məhdudlaşdırması arzu olunan deyil. Çünki, bu iqtisadi problemlərə gətirib çıxara bilər. Ancaq ölkə başçısı cənab İlham Əliyevin dəfələrlə vurğuladığı kimi Azərbaycan sosial yönümlü dövlətdir və dövlətimizin əsas məqsədi ilk növbədə vətəndaşlarını qorumaqdır. Buna görə də ökəmizdə 6-7 iyun tarixində tamamilə məhdudlaşma həyata keçiriləcək. Belə ki, 06 iyun  gecə 00:00-dan, 08 iyun 06:00-a kimi tam qapadılma tətbiq olunacaq. İctimai və fərdi nəqliyyat hərəkəti dayandıracaq, küçəyəçıxma, iş rejimi məhdudlaşdırılacaq və mağazalar qapadılacaq. Qərarın pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslər inzibati və cinayət məsuliyyəti daşıyacaqlar. Bir daha vurğulayaq ki, həftə sonları tam qapanma vətəndaşların sağlamlığını qorumaq məqsədini daşıyır.

Ölkə ərazisində qapanmanın yalnız həftənin 2 gününü əhatə etməsi və ölkəmizdə kifayət qədər ərzaq ehtiyatının olması, həmçinin maskaların və tibbi spirtin Azərbaycan Respublikasında istehsalının vaxtında təşkil edilməsi vətəndaşlarımızın heç bir narahatçılığının olmamasına xidmət edir. Ölkəmizdə heç bir qıtlıq və ya çətinlik mövcud deyil. Buna görə də vətəndaşlarımız panikaya qapılmadan lazımi tədbirləri görməli və 6-7 iyun tarixlərində xüsusi ehtiyac yaranmadığı təqdirdə evlərindən çıxmayaraq qaydalara tam əməl etməlidirlər.

Açıqlanan son statistikalardan və alınan son qərarlardan sonra karantin qaydalarına əməl etmənin vacibliyi bir daha təsdiqləndi. Beləliklə, vətəndaşlarımız  xüsusilə yaşı 65-dən yuxarı olan şəxslər küçəyə çıxarkən mütləq qoruyucu maskalardan istifadə etməli, kütləvi toplaşma yerlərindən uzaq durmalı, ehtiyac olmadıqca evdən çıxmamalı və mütləq ara məsafəsi saxlamalıdır. Məhz bu sadə addımlarla virusdan həm özümüzü, həm də yaxınlarımızı qoruya bilər, dövlətin pandemiya əleyhinə həyata keçirdiyi siyasətə dəstək ola bilərik. Təkcə bu nümunə kifayətdir ki, qoruyucu maskadan istifadə etmənin vacibliyi vurğulansın. 03 iyun tarixində ölkə başçısı cənab İlham Əliyevin Tərtər rayonunda açılışlarda iştirak edərkən qapalı məkanlarda maskadan istifadə etmişdir. Bu hər bir Azərbaycan vətəndaşı üçün nümunə olmalıdır və hər bir vətəndaş öz şəxsi məsuliyyətini hiss etməli, Operativ Qərargahın tələb və tövsiyələrinə riayət etməldir. Beləliklə, hər birimiz bu çətin günlərdə sosial məsuliyyətimizi dərk etməliyik. Bizlər aktiv olaraq virusla mübarizəyə qoşulmalı və karantin qaydalarını pozanlara qarşı ictimai qınağı ön plana çəkməliyik. Bu bizim özümüzə, ailəmizə və dövlətimizə qarşı insanlıq borcumuzdur.

Xəyalə Cavanşirli,

YAP Pirallahı rayon təşkilatının könüllüsü