11 iyun 2019 10:19
487

Hər bir vətəndaşın hüququnun qorunması bizim üçün çox önəmlidir

Hər bir mühüm hadisə keçilən yolun, həmçinin atılan addımların əhəmiyyətinin geniş təhlilini bir zərurət kimi ortaya qoyur. Məlum olduğu kimi, dövlətimizin başçısı İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə hər il iyunun 18-i ölkəmizdə İnsan Hüquqları Günü kimi təsis edilib. Bu əlamətdar günü nəzərə alaraq, əldə edilən nailiyyətləri, habelə qarşıda duran vəzifələri və onların icrası ilə bağlı tədbirləri müəyyənləşdirmək məqsədilə hər il olduğu kimi, bu il də İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) mayın 18-dən iyunun 18-dək ölkəmizdə “İnsan Hüquqları Aylığı”nın keçirilməsini elan edib. Ay ərzində keçirilən tədbirlər insan hüquqlarının qorunması sahəsində atılan addımların təhlilinə geniş imkanlar açır.

Son 15 ildən artıq dövr ərzində hüquqi cəmiyyətin möhkəmləndirilməsi istiqamətində atılan addımların davamlılığı göz önündədir. “Biz qanunun aliliyinin təmin olunduğu, yüksək səviyyədə şəffaflıq olan, hər bir insanın sülh və əmin-amanlaq şəraitində yaşadığı və bütün azadlıqlardan istifadə etdiyi cəmiyyət qururuq” söyləyən Prezident İlham Əliyev, eyni zamanda, bu fikri daim önə çəkir ki, iqtisadi artım, cəmiyyətin demokratikləşməsi siyasətimizin əsas elementləridir və biri digərsiz mümkün ola bilməz. İqtisadi cəhətdən güclü olan ölkədə demokratiya, şəffaflıq yoxdursa, insan hüquqları yüksək səviyyədə qorunmursa, uğurdan danışmaq qeyri-mümkündür.

İnsan hüquqlarının müdafiəsi sahəsində aparılan islahatların davam etdirilməsi məqsədilə Prezident İlham Əliyevin 28 dekabr 2006-cı il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı” təsdiq edildi. Sənəddə də bu vacib məqam öz əksini tapdı ki, Azərbaycanın müasir inkişaf dövründə hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi sahəsində səylərin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edilib. Milli Fəaliyyət Planının təsdiqindən ötən dövr ərzində görülən işlər beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirildi, dövlətimizin siyasətində insan amilinə verilən dəyər təqdir olundu. Prezident İlham Əliyevin 18 iyun 2007-ci il tarixli “Azərbaycan Respublikasında İnsan hüquqları gününün təsis edilməsi haqqında” Sərəncamı bu sahəyə diqqəti bir daha təsdiqlədi. Ümummilli lider Heydər Əliyev tərəfindən 1998-ci il iyunun 18-də Azərbaycanda ilk “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nın təsdiq edildiyini və insan hüquqlarının təmin olunmasının dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edildiyini nəzərə alaraq 18 iyunun İnsan Hüquqları Günü kimi qeyd edilməsi görülən işlərin hesabatı, qarşıdakı vəzifələrin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Demokratik prinsipləri bu gününün və gələcəyinin əsası kimi qəbul edən dövlətimizin dünyanın nüfuzlu təşkilatlarına, xüsusilə demokratik prinsiplərin inkişafı ilə məşğul olan Avropa Şurasına tamhüquqlu üzv qəbul olunması, 18 ildən artıq dövr ərzində münasibətlərin yüksələn xətt üzrə inkişafı Azərbaycanın sivil dəyərlərə sadiqliyindən qaynaqlanır. AŞPA-nın “Azərbaycanda demokratik təsisatların inkişafına dair” qəbul etdiyi qətnamədə ölkəmizin demokratiya təcrübəsi yüksək dəyərləndirilir, digər dövlətlərə nümunə göstərilir.

Bir reallıq da hər kəsə aydındır ki, dünyanın ikili siyasətinin mövcudluğu fonunda Azərbaycanın demokratik inkişafına kölgə salan “Freedom House”, “Amnesty İnternational” kimi təşkilatlar vardır. Onların hesabatlarında işğalçı Ermənistanın “azad”, Azərbaycanın isə “qeyri-azad” ölkələr sırasında qeyd olunması qərəzin, ikili mövqeyin göstəricisidir. Dövlətimizin başçısı İlham Əliyevin “2001-ci ildən başlayaraq bu günə qədər Azərbaycana qarşı bəzi hallarda aparılan ədalətsiz mübarizə bizdə çox böyük hiddət doğurur. Çünki hər şey ədalətli olmalıdır. Ədalət ən böyük meyardır... Azərbaycanın yerləşdiyi bölgədə, qonşuluqda yerləşən ölkələrdə problemlər bizim problemlərdən az deyil. Bəzi hallarda o məsələlərə göz yumulur, yaxud da ki, yanlış məlumat təqdim olunur. Azərbaycanda isə xırda məsələ ilə bağlı böyük hay-küy salınır. Sanki kimsə istəyir ki, Azərbaycanın reputasiyasına zərbə vursun... Bu bizə qarşı aparılan məqsədyönlü və ədalətsiz mübarizədir. Biz bu mübarizəyə hazırıq və bu mübarizəyə qarşı ancaq öz siyasətimizi, sözün yaxşı mənasında, inadkarlığımızı qoymalıyıq və qoyuruq ki, Azərbaycanın maraqlarını müdafiə edək” fikirləri ölkəmizə qarşı qərəzli mövqedə dayanan, uğurlarımızı inkar yolunu tutan qüvvələrə tutarlı cavabdır.

Ölkə Prezidenti daim bu fikri də bildirir ki, bu və ya digər beynəlxalq təşkilatlara qəbul olunmaqda məqsəd Azərbaycanın dəyərlərini dünyanın qabaqcıl ölkələrinin meyarlarına uyğunlaşdırmaqdır. Atılan addımlar hansısa təşkilata, dövlətə xoş gəlmək deyil, ölkənin uğurlu gələcəyi üçündür.

Azərbaycan inkişaf, tərəqqi yolunda inamla irəliləyir. Bu yeniliklərin qəbul olunan qanunlarda, Konstitusiyamızda da öz əksini tapması zamanın tələbinə çevrilib. Konstitusiyamızın qəbulundan ötən 23 ildən artıq dövrdə sənədə 3 dəfə əlavə və dəyişikliklərin edilməsi məqsədilə ümumxalq səsverməsinin keçirilməsi də insan hüquq və azadlıqlarının yüksək səviyyədə qorunmasına, yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsinə xidmət edir. “Dövlətin ali məqsədi” maddəsinə edilən əlavəyə əsasən dövlətin məqsədi insan hüquq və azadlıqların qorunması ilə yanaşı, onları yüksək həyat şəraiti ilə təmin etməkdir.

Göründüyü kimi, bütün hüquqlarımız dövlət tərəfindən qorunur. Vətəndaşların sərbəst toplaşmasını, seçki proseslərində sərbəst iştiraklarını təmin edən qanunvericilik bazası mövcuddur. Təbii ki, hüquqlarımızla yanaşı, vəzifələrimiz də vardır. Dövlətimizin başçısı bildirir: “Bu gün Azərbaycanda bütün azadlıqlar mövcuddur. Ancaq eyni zamanda, qanun-qayda da var. Azərbaycanda Konstitusiyada təsbit olunmuş bütün azadlıqlar, hüquqlar qorunur. Eyni zamanda, hər bir vətəndaş da məsuliyyətini hiss etməlidir. Heç kimə imkan verilməyəcək ki, qanunu pozsun. Heç kimə imkan verilməyəcək ki, hansısa müstəsna güzəştlərə malik olsun. Hamı necə, başqası da elə. Biz hüquqi dövlət qururuq. Qanunun aliliyi bizim üçün başlıca şərtdir və heç kimə, heç bir şəxsə, heç bir qüvvəyə imkan verilməyəcək ki, qayda-qanunu pozsun, qeyri-qanuni hərəkətlər etsin.”

1995-ci ildən imzalanan əfv fərmanları və Amnistiya aktları da dövlətin insan hüquq və azadlıqlarının qorunmasına xüsusi diqqət göstərdiyini təsdiqləyir. Şəxsiyyət azadlığına humanist münasibətlərin formalaşdığı ölkəmizdə ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından 2003-cü ilə qədərki dövrə qədər 32 əfv Fərmanı imzalanıb, 7 Amnistiya aktı qəbul olunub. Son 15 ildən artıq dövrdə isə 30-dan çox əfv Fərmanı imzalanıb, 4 Amnistiya Aktı qəbul olunub. Bu sənədlər əsasında ümumilikdə on minlərlə məhbus azadlığa qovuşub. Dövlətimizin başçısı İlham Əliyevin son 16 mart 2019-cu il tarixli “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncamı isə ümumilikdə 431 nəfərə şamil olunmuşdur.

Prezident İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə daha geniş sferanı əhatə edən “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın təsdiq edilməsi də atılan addımların davamlılığının, dövrün tələbinə uyğun təkmilləşmənin həyata keçirilməsinin göstəricisidir. Milli Fəaliyyət Proqramının əsas məqsədi insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması, cəmiyyətdə hüquq mədəniyyətinin inkişaf etdirilməsi, hüquq müdafiə sisteminin təkmilləşdirilməsi istiqamətindəki islahatların davamlılığını təmin etməkdir. Bütün bunlar belə bir reallığın təsdiqidir ki, Azərbaycan demokratik dəyərlərə sadiqliyini sözdə deyil, əməldə təsdiqləyir. Ən əsası insan amili dövlət siyasətinin əsasını təşkil edir. Cənab İlham Əliyevin 2003-cü ildə irəli sürdüyü “Neft kapitalını insan kapitalına çevirək” tezisi də bunun təsdiqidir. Neft gəlirlərindən əldə olunan vəsaitin təyinatı üzrə, ədalət prinsipi əsasında xərclənməsi əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımların atılmasına yol açır. Neft siyasətinin məntiqi davamı kimi dəyərləndirilən qeyri-neft sektorunun inkişafına yönələn addımlar da ölkə Prezidentinin qarşıya qoyduğu “Enerji sektorundan asılılığı minimuma endirməliyik” məqsədinin gerçəkləşməsinə xidmət edir. Cənab İlham Əliyev çıxışlarında bu məqamı xüsusi qeyd edir: “İnsan amili, insan kapitalı. Mən hələ bunu 2003-cü ildə demişəm, biz neft kapitalını insan kapitalına çevirməliyik. Bunu deyəndə təkcə elmə, texnologiyalara, təhsilə qoyulan vəsaitdən söhbət getmir. Söhbət ondan gedir ki, Azərbaycan vətəndaşına hər yerdə hörmət olmalıdır... Hər bir dövlət məmuru öz xalqına xidmət etməlidir. Hər bir icra başçısını mən vəzifəyə təyin edərkən, onu qəbul edərkən ona bir neçə əsas istiqaməti göstərirəm: inkişaf, quruculuq, səmərəli iş, təvazökarlıq və insanlara xidmət!” Ölkə Prezidentinin “İqtisadi göstəricilər təkcə rəqəmlərdə deyil, insanların gündəlik həyatında öz əksini tapmalıdır”, “Xalq görülən işlərdən razı olarsa, onda mən də razı qalaram”, “Azərbaycan xalqı təhlükəsizlik, sabitlik şəraitində yaşamalıdır” kimi tezisləri vətəndaş amilinə verilən önəmin təsdiqidir. Ən əsası cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı gündən “Hər kəsin Prezidenti olacağam” vədini vermiş və son 15 ildən artıq dövrdə bunu əməli işində təsdiqləmişdir. Dünya Bankının hesabatlarında ən islahatçı ölkə kimi tanınan Azərbaycan adambaşına düşən Ümumi Milli Gəlir təsnifatına görə “yuxarı orta gəlirli ölkələr” kateqoriyasına daxil olmuş, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının İnsan İnkişafı ilə bağlı hesabatına əsasən isə “orta insan inkişafı ölkələri” qrupunu tərk edərək, “yüksələn insan inkişafı ölkələri” qrupunda yer almışdır. Bu reallıq ölkə Prezidenti İlham Əliyevin çıxışlarında da yer alır ki, neftlə zəngin çox ölkələr var. Lakin onlarda bu resurs heç də inkişafa, tərəqqiyə yol açmır. İnsanlar arasında təbəqələşmə prosesi sürətlə gedir. Lakin Azərbaycanda inkişaf strategiyasının dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə istinadən müəyyənləşdirilməsi, ən əsası ədalət prinsipinin, şəffaflığın yüksək səviyyədə qorunması bu kimi fərqlərin baş verməməsinə səbəb olmuşdur. Bu, dövlətin ali məqsədində insan amilinə verilən önəmin bariz nümunəsidir.

Konstitusiyamızda bu reallıq da öz əksini tapıb ki, hakimiyyətin yeganə mənbəyi xalqdır. Xalqın iradəsini özündə əks etdirən nəticələr demokratiyanın əsas göstəricilərindəndir. Dövlətimizin başçısı bildirir: “Siyasi mənsubiyyətindən, əqidəsindən asılı olmayaraq hər bir vətəndaşın hüquqları dövlət tərəfindən qorunur, bütün azadlıqları təmin edilir. Biz siyasi islahatları dərinləşdirərək bütün azadlıqları - söz azadlığını, mətbuat azadlığını, sərbəst toplaşma azadlığını, siyasi fəaliyyət azadlığını təmin etmişik. Təkcə onu demək kifayətdir ki, bu gün Azərbaycan vətəndaşlarının 80 faizi internet istifadəçiləridir və internet Azərbaycanda azaddır. Yəni, demokratik inkişafla bağlı bizim siyasətimiz çox düzgün siyasətdir və bizim milli maraqlarımızı təmin edir. Biz bunu kiminsə xoşuna gəlmək üçün yox, ona görə edirik ki, Azərbaycanda siyasi islahatlar daha da dərinləşsin, Azərbaycan xalqı həmişə öz taleyinin sahibi olsun, necə ki, bu gün Azərbaycan xalqı öz taleyinin sahibidir.”

Yeganə problemimiz olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində də əsas amillərdən biri xalqın iradəsidir. Bu da xalq-iqtidar birliyinin təcəssümü, dövlətin siyasətində insan amilinə verilən dəyərin bariz göstəricisidir. Bəyan edilir ki, xalqın iradəsindən kənar heç bir qərar qəbul oluna bilməz. Hər bir Azərbaycan vətəndaşı işğal altında olan torpaqlarımızın sülh yolu ilə ədalətli həllində maraqlı olduğunu bildirməklə yanaşı, digər variantı da istisna etmirlər ki, torpaqlarımızı hərb yolu ilə azad etmək üçün Prezidentin hücum əmrini gözləyir. Bir qarış torpağımızın belə düşmənə verilməyəcəyini bəyan edən dövlətimizin başçısı İlham Əliyev ən yüksək tribunalardan “Xalqın səbri tükənməz deyil” bəyan etməklə yenə də xalqa güvəndiyini, arxalandığını təsdiqləyir.

Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, elə bir sahə yoxdur ki, orada ictimai maraqlar qorunmasın, ümumi rəyə əsaslanan mövqe ortaya qoyulmasın. Cəmiyyətin informasiya tələbatının ödənilməsi missiyasını yerinə yetirən mətbuatın inkişafına yönələn addımlar, həmçinin jurnalist əməyinə verilən dəyər də bu maraqların qorunmasının bir tərkib hissəsidir. Analoqu olmayan addım kimi dəyərləndirilən jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması məsələsinə diqqət yetirsək heç bir ayrı-seçkiliyə yol vermədən mənzillərin paylanması dövlətin ictimai maraqların, vətəndaş hüquqlarının qorunmasında nə qədər maraqlı olduğunu nümayiş etdirir. Dövlətimizin başçısı İlham Əliyevin əsas tövsiyəsi budur: “Hər bir vətəndaş birgəyaşayış qaydalarını əks etdirən qanunlara tabe olmalı, fəaliyyətini, əməllərini, iş prinsipini onun tələblərinə uyğun müəyyənləşdirməlidir.” Yəni cəmiyyəti idarə edən qanunlardırsa, hər bir vətəndaş qanun qarşısında eyni məsuliyyəti daşıyır. Heç kəs müstəsna hüquqlara malik deyil. Vətəndaş məsuliyyətini artırmaqla, Konstitusiya ilə bizə verilən hüquqlardan istifadə etməklə, ölkəmizin inkişafına öz töhfəmizi verməliyik.

Yeganə Əliyeva, “İki sahil”