01 iyul 2020 10:33
174

Hər birimiz öz məsuliyyətimizi anlamalıyıq ki,..

Azərbaycan höküməti yeni növ COVID-19 virusuna qarşı mübarizəni ən yüksək səviyyədə davam etdirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin pandemiyadan maksimum dərəcədə az itkilərlə çıxması üçün mühüm addımlar atılır. Qətiyyətlə demək olar ki, koronavirusun bütün dünyada meydan suladığı bir zamanda istər ölkə daxilində, istərsə də xaricdəki vətəndaşlarımız dövlətin hərtərəfli dəstəyi ilə əhatə olunublar.

Koronavirusla mübarizənin ilk günlərindən həyata keçirilən tədbirlər bir daha təsdiq etdi ki, Prezident İlham Əliyevin siyasətinin əsasında Azərbaycan vətəndaşı dayanır. İnsanların sağlamlığı, sosial rifahının yüksəldilməsi dövlət siyasətinin əsas prioritetidir. Pandemiyanın ilk günlərindən ölkə başçısının birbaşa nəzarətində olan bu məsələlər ilə bağlı müxtəlif qabaqlayıcı tədbirlər görüldü, ilk növbədə, vətəndaşların sağlamlığının qorunması, təhlükəsizliyinin və sosial rifahının təmin edilməsi istiqamətində səmərəli və təsirli addımlar atıldı.

Qısa müddət ərzində bu virusa yoluxma dinamikasında azalma, sağalanların sayının yeni yoluxanların sayından dəfələrlə artıq olması, ölüm faizinin bəlkə də dünyada ən aşağı səviyyədə olması bir daha onu sübut edir ki, ölkəmizdə bu istiqamətdə çox ciddi tədbirlər həyata keçirilir. Son illərdə respublikamızda səhiyyə sahəsində həyata keçirilən ardıcıl və sistemli islahatlar, paytaxtda və regionlarda  müasir standartlara cavab verən xəstəxana komplekslərinin istifadəyə verilməsi, xəstəxanaların ən müasir tibbi avadanlıq və cihazlarla təmin olunması, həkimlərin bilik və bacarıqlarının daha da təkmilləşdirilməsi sahəsində görülən tədbirlər sayəsində respublikamızda rəqabətədavamlı səhiyyə sisteminin formalaşdırılması koronavirusla mübarizədə mühüm uğurların əldə edilməsinə böyük töhfələr verdi.

 Təbii ki, koronavirusun ölkəmizdə geniş yayılmasının qarşısının alınması üçün ölkə başçısının rəhbərliyi ilə Azərbaycan hökuməti tərəfindən həyata keçirilən operativ və qabaqlayıcı tədbirlər qısa müddətdə öz müsbət nəticələrini göstərdi. Məhz həyata keçirilən genişmiqyaslı tədbirlərin,  eləcə də ciddi karantin rejiminin tətbiqi nəticəsində Azərbaycanda yoluxma hallarının sayı azaldı. Lakin yoluxma sayının azalması, xüsusi karantin rejiminin yumşaldılması əhalidə təhlükənin sovuşduğu əhval-ruhiyyəsini yaratmamalıdır. Təəssüf ki, son vaxtlar karantin rejimindəki məhdudiyyətlərin bəzilərinin aradan qaldırılması nəticəsində bir çox insanlarda arxayınlaşma əməl gəldi və nəticədə COVID-19 virusuna yoluxmada artım baş verdi. Bu  baxımdan yoluxmanın daha da artmaması və prosein ikinci dalğasının başlamaması üçün əhali dövlət qurumlarının müəyyən etdiyi normativlərə çox ciddi əməl etməlidir ki, dünyanı təlatümə salan bu virus ölkəmizdən xaric olsun.

 Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın regionlara səfərləri, bir sıra açılış tədbirlərində proqram xarakterli çıxışları, koronavirusla bağlı maraqlı tövsiyələri, tələbləri, məsləhətləri  bir daha təsdiq etdi ki, Azərbaycan dövləti hər zaman öz vətəndaşının yanındadır. Bu günlərdə ölkə başçısı  Gəncədəki çıxışında haqlı olaraq bildirib ki, əgər mən Prezident kimi maskadan istifadə edirəmsə, vətəndaş niyə etməsin?!- “Mən maska ilə gəzirəm. Göstərmişəm, bir daha göstərirəm. Bütün qapalı yerlərdə maska taxıram. Yaxşı, indi Prezident bunu edirsə, niyə başqası edə bilməz? Nə çətin şeydi bu? Heç bir əziyyət vermir, heç bir problem yaratmır. Sadəcə olaraq, məsuliyyətsizlik və deyə bilərəm ki, eqoizm və biganəlik.”

Əsas olan odur ki, karantin rejiminin yumşaldılması ilə əlaqədar əhalidə təhlükənin sovuşduğu əhval-ruhiyyəsi yaranmamalıdır. Pandemiyanın birinci dalğasını az itki ilə başa vurmağımız hələ təhlükənin tamamilə sovuşmaması anlamına gəlməməlidir.

Şübhəsiz, xüsusi karantin rejimindəki mövcud məhdudiyyətlərin sanitar-epidemioloji şəraitdən asılı olaraq mərhələli yumşaldılması zəruridir. Ancaq indiki vəziyyətdə hər şey insanlara bağlıdır. Yəni məhdudiyyətlər götürülsə belə, insanlar profilaktik tədbirlərə, sanitar normalara uygun davranmasa yoluxma halları çoxala bilər. Təəssüf ki, bəzi vətəndaşlarımız bütün bunlara barmaqarası yanaşır, laqeydlik və məsuliyyətsizlik nümayiş etdirir, təhlükəsizlik qaydalarını kobud şəkildə pozurlar. İnsanlar ölkəmizdə koronavirusa yoluxma hallarının artdığı bir şəraitdə pandemiyanın yayılma sürətinin qarşısının alınması və əhalinin qorunması üçün sərtləşdirilmiş karantin rejiminin tələblərini yerinə yetirməli, verilən qərarla əməl etməli, qoruyucu tibbi maskalardan istifadə etməli və sosial məsafə saxlamalıdırlar. Hər bir şəxs qaydalarla yaşamağı bacarmalıdır. Yalnız bu şəkildə özümüzü və yaxınlarımızı, bütövlükdə cəmiyyətimizi bu dəhşətli bəladan qoruya bilərik.

Hər bir vətəndaşımız ölkə başçısından, birinci xanımdan nümunə götürməli, dövlətimizə, onun rəhbərliyinə həmrəylik nümayiş etdirməlidir. Həmrəyliyimiz, sosial məsuliyyətimiz koronavirusdan güclü olmalıdır ki, dövlətimiz dünyanı cənginə alan bu ağır bəladan daha az zərərlə çıxsın.

Zahid Rza,

“İki sahil”