04 mart 2019 11:18
2252

Hər kəsin cavabını axtardığı maraqlı suallar

Yəqin ki, bir çoxlarımızın, xüsusən də xanımların soğan soyarkən gözləri yaşarır. Bəs bunun səbəbi nədir? Soğanın tərkibində olan syn-propanetial-S-oksid  adlı kimyəvi maddədir.  Bu maddə asanlıqla havaya yayıla bilən uçucu kükürd tərkibli qazdır.  Buna görə də soğanı kəsdiyimiz zaman asanlıqla havaya yayılır və gözlərimizə dolur. Bu zaman gözün təbii qorunma mexanizmi işə düşür, nəmlənərək yad maddəni kənara qovmağa çalışır.  Bunun qarşısını almaq üçün başlamadan əvvəl bıçağı, doğramamışdan qabaq isə  soğanı soyuq su ilə yuyun.

Xüsusən  emosional hal yaşadıqda, üşüdükdə insanın dəri kökləri sanki dikəlir, biz-biz durur.  İnsanın dərisində çoxsaylı tük folikulları və onları hərəkət etdirən əzələlər var. Bu əzələlər sıxılanda dərinin altında kiçik təpəciklər yaranır bu hadisə el arasında “tüklərim biz-biz oldu” deyilir.  Nəticədə dəri sanki tikan-tikan olur. Bu refleks insana əcdadı olan meymunlardan miras qalıb. Soyuqda isə tüklər qabardıqda tüklə dəri arasında qalan boşluqda hava təbəqəsi yaranır və bu təbəqə bayırdakı soyuğu dəriyə, dəridəki istini isə bayıra çıxmağa qoymur. Bədənimizdəki  tük olmasa belə dərimizin belə biz-biz olması bizi də isidir, çünki hərəkət edən əzələlərdə qan dövranı sürətlənir, qan isə bədəni isidir. Düzdür, bu istilik çox cüzidir, amma azacıq da olsa işə yarayır. 

Çox duyğulu və təsirli hal yaşadıqda isə bu beynimizin amiqdala bölgəsinə təsir edir. Bu bölgə qorxu  hisslərimizə  nəzarət edən beyin  bölgəsidir. Buna görə də  həmin məqamlar beynimizin qorxu zonasını aktivləşdirir. Yaşanan  vəziyyətə uyğunlaşdıqda isə hisslərimiz “sakitləşir”.

Hər birimizi maraqlandıran suallardan biri də çips  paketlərinin  niyə tam doldurulmamasıdır. Bəzən bunu “istehlakçıların qənaəti” adlandırılması isə heç  də doğru deyil. Əslində bunun səbəbi çox zərif formada olan çipslərin  daşınma, çatdırılma zamanı əzilməməsi üçündür. Məhz buna görə də qablaşdırma yarımçıq və çox hissəsi də hava ilə doldurulur.

Yəqin ki, kal xurma yeyən zaman çoxunuzun  ağzı büzüşür, ani diksinmə olur. Bunun səbəbi xurmanın tərkibində olan aşılayıcı maddələrdir. Ağız büzücü hissi  xurmanın tərkibindəki  tanin adlı maddə verir. Ağız büzmə hissi  ancaq  kal meyvəni yedikdə olur. Yetişmiş meyvənin tərkibində isə  bu maddə demək olar ki, yoxdur. Oxşar hissi nar qabığı yeyəndə, çox tünd çay içəndə də olur.

Əksər sürücülərin  heç cür qəbul etmədiyi avtomobildə təhlükəsizlik kəmərlərindən istifadə olunmasıdır. Lakin bu kəmərlərin  çox mühüm vəzifələri vardır. Qəzalarda ağır xəsarətin, yaralanmanın, ciddi təsirlərin   təhlükəsizlik kəmərləri 70 faiz qarşısını alır. Üzbəüz toqquşmadan 2,3 dəfə, yandan toqquşmadan isə 1,8 dəfə həyat xilas edir. Bunun üçün də yol polisindən və cərimədən  ehtiyatlandığınız üçün deyil, məhz həyatınızın müdafiəsi üçün istifadə etmək lazımdır. Təhlükəsizlik kəmərlərinizi taxmağı unutmayın.

Bir çoxumuz  qəpiklərin kənarındakı naxışlara diqqət etmişik. Əvvəllər sikkələrin  dəyəri istifadə edilən qiymətli metalın miqdarına bərabər idi. Fırıldaqçılar sikkələrin kənarlarını kəsib kiçildərək, artıq qalan metaldan yeni sikkələr hazırlayırdılar. Bunun qarşısını almaq üçün sikkələrin kənarına  bəzəkli haşiyə vurmağa başladılar. Nəticə sikkənin kənarını kəsdikdə haşiyə pozuldu və bu da gözə çarpırdı.

İtaliyada bütün makaron növlərinə pasta deyilir. Bu söz italyan dilindən tərcümədə “makaron üçün xəmir mənasını” verir.

Veqan və vegetarian arasında hansı fərqlər var. Bildiyimiz kimi, vegeterianlar yalnız ət yemirlər, buna baxmayaraq heyvan məhsulu olan südü içir yumurtanı yeyir, heyvan dərisindən gödəkçə, ayaqqabı geyinirlər. Veqanlar isə bunların heç birini etmir. Onlar ancaq bitki tərkibli  məhsullarla qidalanır. Heyvanlardan alınan heç bir qida və digər məhsulları qəbul etmirlər.  Bir də “xam yeyənlər” var. Onlara meyvəyeyən də deyilir. Bu insanlar ancaq meyvə-tərəvəzlə qidalanır, amma bişməmiş formada, yəni xam bişirilmədən yeyilə bilən meyvə-tərəvəzlərlə qidalanır.

Gün ərzində daha çox oturaq, stabil vəziyyətdə olan insanlar bir müddət eyni  formada qaldıqda ayağa durarkən  uyuşma, keyimə və iynə batır kimi hiss edirlər. Bu sinir reseptorlarının reaksiyasıdır. Ayaq, əl  əzilən zaman damarlar sıxılır və qan dövranı zəifləyir. Bu cür vəziyyətdə oksigen  çatışmazlığı  həssas olan sinir reseptorları fəaliyyətlərini müvəqqəti dayandırırlar. Biz isə bunu uyuşma kimi hiss edirik. Uyuşan  ayağımızı tərpədəndə isə qan dövranı normal qaydaya düşür. Sinir reseptorları  da bu barədə siqnal verir. Bu siqnalları  biz sancma, iynə batma və bədənimizdə  qarışqaların girməsi kimi hiss edirik.

Yaqut Ağaşahqızı, “İki sahil”