07 fevral 2019 15:40
217

Həsən Ruhani: "İran ABŞ ilə münasibətləri yoluna qoymağa hazırdır"

"ABŞ xarici siyasətindəki meyarlarını dəyişdirib İranın daxili işlərinə müdaxilələrinə görə üzr istəsə, rəsmi Tehran bu ölkə ilə münasibətlərini yoluna qoymağa hazırdır".

"İki sahil" “Report”a istinadən xəbər verir ki, bunu xarici ölkələrin səfirlərilə İslam İnqilabının 40 illiyinə həsr olunan görüşü zamanı ölkə Prezidenti Həsən Ruhani bildirib.

“Məqsədimiz Orta Şərqi hər cür kütləvi qırğın silahlardan təmizləməkdir. Bu mövqeyimiz 40 il ərzində dəyişməzdir. Məqsədimiz xarici qoşunların çıxarılmasıdır. Məqsədimiz zorakılıq və ekstremizmdən azad dünyadır”, – Prezident deyib. 

O, başqa dövlətlərin suveren hüquqlarına hörmət etdiklərini, eyni münasibəti beynəlxalq birlikdən də umduqlarını vurğulayıb.

H.Ruhani ABŞ öz meyarlarını dəyişdirərək İranın daxili işlərinə müdaxilələrinə görə üzr istəsə, İran xalqının böyük və şərəfli olduğunu qəbul etsə, ona hörmət göstərsə, bu ölkə ilə münasibətləri yoluna qoymağa hazır olduqlarını diqqətə çatdırıb: “ABŞ bizə qarşı uzun illər zülm etsə də, üzrxahlıqlarını qəbul etməyə hazırıq”.