KÖŞƏ

Yaqut Ağaşahqızı

Həyat bir gündür, o da bu gündür...

29 avqust 2019 12:12
354

Orqanizmin vaxtından əvvəl qocalması, ümumiyyətlə, yaşlanma qorxusu hər zaman insanları dərindən düşündürüb.  Bəzi insanlar yaşları hansı rəqəmin üstündə dayansa da, özlərini hər zaman gənc və gümrah hiss edirlər, cəmiyyətə də özlərini bu cür təqdim edirlər. İctimaiyyətin digər qismi isə bunun əksinə qocalmağı nə qəbul edir, nə də  yaşlanmaq istəyir. Xüsusilə də xanımlar yaşlanmaqdan, hətta bu haqda düşünməkdən belə çəkinir, qocalmanın qarşısını almaq üçün də bir çox metodlardan, qabaqlayıcı tədbirlərdən, qoruyucu vasitələrdən istifadə edirlər.

Nəzərə alsaq ki, qocalma həyatın leqal və təbii proseslərindən biridir, o zaman bunu həm adi, həm də normal şəkildə qəbul etməliyik. Yaşlanmanı tam dayandıra bilməsək də, onu müəyyən zaman kəsiyi üçün ləngidə bilərik. Böyük Britaniyanın Nyukasl Universitetinin alimlərinin araşdırmalarına əsasən, xroniki və davamlı stressdə yaşayan insanın orqanizmi fizioloji göstəricilərə görə həyatında stressi az olan insandan 10 yaş daha yaşlı olacaq. Bunun səbəbini isə  alimlər hormonların təsirində görür. Stress zamanı orqanizm xüsusi stress-hormonları,  yəni kortizol, adrenalin, noradrenalin ifraz edir. Bu hormonların təsiri qısamüddətli olarsa, orqanizmdə ciddi dəyişikliklər baş vermir. Lakin uzun müddət ərzində orqanizmdə yüksək səviyyədə olan stress-hormonları hüceyrələrin nüvəsini sındıra və onun genlərinə təsir edə bilir. 

Cavan qalmaq üçün ilk növbədə bağırsaqlarınız saat kimi işləməlidir. Bağırsaqların fəaliyyəti normal və sağlam olarsa, müvafiq olaraq, orqanizm də sağlam işləyəcək və insan ömrü uzanacaq. Bağırsağın sağlamlığı isə əlbəttə ki, yeməkdən asılıdır. Təzə tərəvəz və meyvələr, təmiz su, az yağlı xəmir yeməkləri, salatlar və sıyıq, həmçinin səhərlər çobanyastığı çayı dərinin gözəl qalmasına çox kömək edir.

Dərinin epidermis qatında zülal lifləri - cavanlaşdırıcı qabiliyyətə malik kollagenlər var. Suya düşən zaman onların həcmi artır. Qabarmış kollagen daxildən dərinin təzyiqini artırır ki, bunun sayəsində qırışlar yox olur və ya azalır. Dərinin hamarlığı bu prosesdən asılıdır. Su orqanizmi oksigen və həyat enerjisi ilə dolduracaq.

Doyunca yatmamaq dəri və saç gözəlliyinin ən qəddar düşmənidir. Gün ərzində 8 saat yatmağa çalışın. Yuxu ilə bağlı aparılan araşdırmalar da göstərib ki, gecələr tez yatan insanların dərisi daha cavan qalır.

Əgər siz bütün gün ofisdə oturaq vəziyyətdə çalışırsınızsa, heç olmasa bir neçə dayanacaq evə piyada gedin. Pəncərənin nəfəsliyi də daim açıq olmalıdır, qışda isə otaqların havasını tez-tez yeniləyin. İstirahət günlərində açıq havada çoxlu gəzin. İnsanın özünü həm mənəvi, həm də fiziki baxımdan yaxşı hiss etməsi üçün bir saatda təxminən otuz kubmetr təmiz hava qəbul etməlidir.

Gözəllik və cavanlığın daha bir mühüm sirri hamamdır. Bizim dərimiz canlı orqanizmdir, orqanizmdə isə toksinlər yığılır və biz daim bu elementləri bədəndən təmizləməliyik. İnsan bədənindəki toksinlər dəri vasitəsilə böyrəklərdən 3 dəfə çox xaric olmalıdır. Buna isə buxar hamamı vasitəsilə nail olmaq olar.

Sağlam qidalanmaq, artıq çəki və piylənmədən qorunmaq, pis vərdişlərdən uzaq olmaq (alkoqol, siqaret və s.), idmanla müntəzəm məşğul olmaq, açıq havada müntəzəm gəzinti təşkil etmək, vaxtlı-vaxtında həkim müayinəsindən keçmək, təmizliyə və şəxsi gigiyenaya qulluq etməklə sağlam həyat tərzi qurmaq və ömür uzunluğunu artırmaq mümkündür.

Fiziki cəhətdən yaşlansanız da, bu, sizin xoşbəxtliyinizə, həyata olan sevginizə heç bir şəkildə əngəl olmamalıdır. Qocalmağı özünüz üçün problem kimi görməyin. Ruhunuzu, arzunuzu, sevginizi, istəyinizi cavan saxlayın. “Necə olacaq, nə edərəm, qocalmaq istəmirəm...” tipli sual və fikirləri də beyninizdən və özünüzdən uzaq tutmağa çalışın. Unutmayın ki, həyat bir gündür, o da bu gündür.

Cavid Əkbərov
Hoqqabazlar
Əmrah Fəqanoğlu
Vicdan yoxlaması
Sevinc Mürvətqızı
Gözdən işıq qapanlar...
Elşad Miraləm
BİZ KİMİK?
Röya Rasimqızı
Qadın olmaq...