24 yanvar 2021 17:39
910

Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi özbək yazıçıya həsr edilmiş tədbirdə təmsil olunub

Daşkənddəki Yüngül Sənaye və Toxuculuq İnstitutunda məşhur özbək yazıçısı Aybekin yaradıcılığına həsr olunmuş “Aybek filosof və ədəbiyyatçı kimi” adlı anım tədbiri keçirilib.

"İki sahil" AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) də təmsil olunub.

İnstitutun müəllimi Şahnoza Nurbekova tədbiri açaraq Aybekin həyat və yaradıcılığı haqqında məlumat verib, böyük yazıçının özbək ədəbiyyatındakı yerindən və mövqeyindən danışıb.

Azərbaycan Mədəniyyət Mərkəzinin direktor müavini Polad Zeynalov qədim zamanlardan özbək şairlərinin və yazıçılarının azərbaycanlı həmkarları ilə dostluğundan söz açıb, Mədəniyyət Mərkəzinin mədəniyyət və ədəbiyyat sahələrində həyata keçirdiyi layihələrdən danışıb.

Bildirilib ki, dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Xəmsə”sindən sonra böyük özbək şairi Əlişir Nəvai türk dilində “Xəmsə” yaradıb və dünya ədəbiyyatına türk dilində “Xəmsə” yaradan şair kimi düşüb. Qeyd olunub ki, Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə işıq üzü görən “Özbək poeziyası çələngi” kitabında Aybekin şeirləri də yer alıb.

Mərkəzin əməkdaşı Kifayət Pirməmmədova Aybekin şeirlərini Azərbaycan dilində səsləndirib.

Tədbirdə tələbələrin təqdimatında Qarabağın milli kişi və qadın geyimləri nümayiş olunub, mərkəzin “Azərbaycan qızları” rəqs ansamblının üzvləri milli rəqslərimizi ifa ediblər.