29 aprel 2020 10:19
1648

Heydər Əliyev adına Neft Emalı Zavodu humanitar aksiyaya qoşulub

Bu gün ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün tətbiq edilən xüsusi karantin dövründə, çətin anlarda aztəminatlı ailələrə yardım etmək məqsədilə Birinci vitse-prezident xanım Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən köməyə ehtiyacı olan ailələrə yardım məqsədilə çox böyük aksiya həyata keçirilir. Bu humanitar aksiyaya ölkə üzrə bir sıra təşkilatlar qoşulmuş, köməyə ehtiyacı olan minlərlə ailəyə yardımlar edilmişdir.

SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodu da bu humanist addıma qoşularaq aztəminatlı, xüsusi kateqoriyadan olan (şəhid ailələri, Əfqanıstan müharibəsi iştirakçıları, Çernobıl iştirakçıları, əlillər, uşaq evindən məzunlar) işçi ailə üzvlərinə köməklik göstərməyi özünə borc bilmişdir. Bu məqsədlə Həmkarlar İttifaqı Komitəsi tərəfindən 160 nəfər zavod işçisinə ərzaq paylanılmış, maddi köməyə ehtiyacı olan ailələrə yardımlar edilmişdir. Bu xeyirxah tədbir işçilər tərəfindən çox müsbət qarşılanmışdır.

Heydər Əliyev adına Neft Emalı Zavodunun kollektivi inanır ki, tezliklə bütün bəşəriyyəti bürümüş bu bəla xalqımızın üzərindən götürüləcək və insanlarımız yenidən o gözəl günlərinə qayıdacaqdır.