10 dekabr 2019 15:05
856

Heydər Əliyev Beynəlxalq Aeroportunda illik sərnişin axını 5 milyon nəfərə çatacaq

Bu il Heydər Əliyev Beynəlxalq Aeroportundan 5 yeni aviaşirkət – “Kuwait Airways”, “UrAirlines”, “Smartavia”, “Flynas” və “Pegasus” uçuşlar həyata keçirməyə başlayıb.

"Report" "Azərbaycan Hava Yolları" QSC-yə istinadən xəbər verir ki, bu barədə hava limanının direktoru Teymur Həsənov məlumat verib. 

Onun sözlərinə görə, hazırda aeroport 60 beynəlxalq istiqamət üzrə uçuşlar yerinə yetirən 34 aviaşirkətə xidmət göstərir. Bunlardan 9-u “Buta Airways” (21 istiqamət), “WizzAir” (Budapeşt), “AirBaltic” (Riga), “Pegasus Airlines” (İzmir), “Flynas” (Ər-Riyad), “FlyDubai” (Dubay), “AirArabia” (Sharjah), “Jazeera Airways” (Küveyt), “Smartavia” (Sankt-Peterburq) daxil olmaqla aşağıbüdcəli aviaşirkətlərdir. 

Son beş il ərzində Bakının hava limanında illik sərnişin axını 62% artıb və bu ilin yekununda 5 milyon nəfərə çatmalıdır.