10 may 2019 18:40
239

Heydər Əliyev Fondu Azərbaycan mədəniyyətinin hamisidir

Bu gün ümummilli lider Heydər Əliyevin zəngin irsinin öyrənilməsini və təbliğini, Azərbaycanın sosial-iqtisadi və mədəni tərəqqisinə verdiyi töhfələri gələcək nəsillərə çatdırmağı, dahi şəxsiyyətin həyat və fəaliyyəti ilə bağlı beynəlxalq layihələrin həyata keçirilməsini, Azərbaycan mədəniyyəti, incəsənəti və tarixinin dünyada tanıdılmasını qarşısına məqsəd qoymuş Heydər Əliyev Fondunun yaradılmasından və fəaliyyətə başlamasından 15 il ötür. Belə qısa bir zaman ərzində Fondun fəaliyyəti olduqca rəngarəng və dolğun olub. Bununla yanaşı qeyd etməliyəm ki, Fondun gördüyü işlərin belə geniş bir miqyas alması onun prezidenti Mehriban xanım Əliyevanın əvəzsiz və yorulmaz, gərgin və ağır fəaliyyəti ilə bağlıdır.

Bu fikirləri AZƏRTAC-a “Mədəniyyət” kanalının direktoru Ramil Qasımov bildirib.

R.Qasımov deyib: “Bu illər ərzində Heydər Əliyev Fondu Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Azərbaycan mədəniyyəti və tarixinin öyrənilməsi, təbliğ olunması, dünyada tanıdılması üçün olduqca böyük beynəlxalq layihələr həyata keçirib. Bunlara Azərbaycanın maddi və mənəvi mədəniyyət abidələrinin UNSECO-nun irs siyahısına daxil edilməsini, Azərbaycanda təhsil və səhiyyənin inkişafının dəstəklənməsini, sosial və ekoloji sahələrdə həyata keçirilən irimiqyaslı layihələri misal gətirmək olar.

Bütün bu sadalananlar göstərir ki, Azərbaycan mədəniyyətinin inkişafında və təbliğində Heydər Əliyev Fondu hami missiyasını yerinə yetirir. Bu baxımdan söyləmək yerinə düşərdi ki, mədəniyyətimizin daha da zənginləşməsi və tərənnüm olunması üçün Fond öz fəaliyyət dairəsini günü-gündən genişləndirməkdə davam edir.

Çox xoşbəxtəm ki, 15 illik fəaliyyəti dövründə Azərbaycanın mədəniyyət tarixinə silinməz iz salmış Heydər Əliyev Fondunun bir mədəniyyət işçisi kimi mənim inkişafımda danılmaz xidmətləri olub. Bunlara misal olaraq, Heydər Əliyev Fondunun dəstəyi və təşkilatçılığı ilə dünyanın müxtəlif ölkələrində Azərbaycan musiqisi və mədəniyyətinin təbliğ olunmasında yaxından iştirakımı, o cümlədən, 2011-ci ildə musiqisi Xalq artisti Firəngiz Əlizadəyə, librettosu Nərgiz Paşayevaya məxsus olan “İntizar” operasının reallaşmasında, Nizami Gəncəvinin sözlərinə yazılmış mahnı və romanslardan ibarət kompakt diskin hazırlanmasında, Məhsəti Gəncəvinin 900 illik yubileyi münasibətilə onun sözlərinə yazılmış və bəstəkar Bikə Axundovanın bəstələdiyi musiqilərdən ibarət layihənin Avropanın bir çox şəhərlərində təbliğ olunmasında iştirakımı xüsusilə qeyd etməliyəm.

Təşkil etdiyi tədbirlərdə mütəmadi olaraq çıxış edən yaradıcı bir insan olaraq Heydər Əliyev Fondunun hər zaman gənc və istedadlı incəsənət xadimlərinə böyük diqqət və qayğı ilə yanaşmasının şahidi olmuşam.

Təbii ki, bütün bunların arxasında Azərbaycan dövlətinin başçısı İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət dayanır. Bu siyasət vasitəsilə göstərilən dəstək nəticəsində yaradıcı insanlar, incəsənət xadimləri yeni-yeni uğurlara imza atırlar.

Heydər Əliyev Fondunun çoxistiqamətli fəaliyyəti nəticəsində bir çox sahələrdə diqqətdən kənarda qalan problemlər qısa müddətdə öz həllini tapmışdır.

Təhsilin inkişafı istiqamətində atılan addımlara xarici ölkələrdə fəaliyyət göstərən elmi-tədqiqat mərkəzləri ilə alimlərin mübadiləsini, ölkənin elmi potensialının artırılması üçün Azərbaycan Respublikası ərazisində və ölkədən kənarda aktual mövzulara dair təşkil olunmuş konfrans və seminarların təşkilini misal çəkmək olar.

Xüsusilə qeyd etməliyəm ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ilk dəfə olaraq Fransa Dövlət Şərq dilləri və Mədəniyyətləri İnstitutunda Azərbaycan dili fakültəsinin açılması hər bir azərbaycanlı üçün qürurverici hadisədir. Bu anlamda Mehriban xanım Əliyevanın fikirlərini bütün Azərbaycan vətəndaşlarının ürək sözləri kimi qəbul etmək olar: “Bu hadisə dövlətlərimiz arasında olan münasibətlərə, xalqlarımız arasında olan əlaqələrə, xoşməramlı, mədəni dialoqun qurulmasına güclü təkan verəcək. Əsrlər boyu millətlərin, xalqların formalaşmasında dil misilsiz rol oynayıb. Azərbaycan xalqı da çox qədim və zəngin tarixə və mədəniyyətə malik olan bir xalqdır. Eyni zamanda Azərbaycan müstəqil bir dövlət kimi çox gəncdir. Biz Azərbaycan dilimizi qoruyub saxlamaqla. Öz ənənələrimizi, milli-mənəvi dəyərlərimizi, öz köklərimizi qoruyub saxlamışıq. Əlbəttə, hər bir dil inkişaf edir, yeni kəlmələrlə, yeni terminlərlə zənginləşir. Amma biz gərək unutmayaq ki, dil özü-özlüyündə çox dəyərli bir mədəni və tarixi abidədir”.

Tolerantlıq ənənələrinin qorunması ilə bağlı həyata keçirilən “Tolerantlığın ünvanı – Azərbaycan” layihəsi çərçivəsində müxtəlif dini abidələr, ziyarətgahlar təmir-bərpa olunur, eləcə də bir-birindən rəngarəng sərgilər keçirilir.

Heydər Əliyev Fondunun fəaliyyətindəki əsas məqsədlərdən biri də Azərbaycan milli musiqi irsinin qorunub saxlanması və təbliği ilə yanaşı, dünya musiqi nümunələrinin ölkəmizdə tanıdılmasıdır. Buna misal olaraq Qəbələ və Bakıda şəhərlərində keçirilən musiqi festivallarını, xüsusilə beynəlxalq əhəmiyyətli Mstislav Rostropoviç Festivalını göstərə bilərik.

Azərbaycan xalqının zəngin və qədim tarixə malik mirası olan muğamın beynəlxalq arenada tanıdılması üçün görülən işlər isə hələ uzun müddət öz aktuallıını qoruyub saxlayacaq. Muğamın təbliği məqsədilə tikilmiş Beynəlxalq Muğam Mərkəzi, “Muğam ensiklopediyası”nın və “Muğam jurnalı”nın hazırlanması, 2005-ci ildən keçirilən “Muğam televiziya müsabiqəsi”, “Muğam aləmi” adlı Beynəlxalq Festival və simpoziumların keçirilməsi bu sənətə verilən yüksək dəyər və diqqətin danılmaz sübutudur. Adı çəkilən Festivalın açılış mərasimində çıxış edərkən Mehriban xanım Əliyeva muğamın Azərbaycan xalqının həyatında tutduğu önəmli yeri dəqiqliklə ifadə edib: “Biz muğamı gələcək nəsillərə qəlbimizin və ruhumuzun bir hissəsi kimi miras qoyuruq. Məhz muğam bizim varislərimizdə köklərə bağlılıq, milli ləyaqət, qürur, emosional zənginlik, iztirab çəkməyi və başqalarının iztirabına şərik olmağı bacarmaq, muğamın özünün malik olduğu mənəvi kamillik, tamlıq kimi keyfiyyətlər aşılamağa qadirdir”.

Qeyd etməyi özümə borc bilirəm ki, Azərbaycanın milli-mənəvi irsinin ölkə xaricində təbliği münasibətilə gerçəkləşdirilən layihə və tədbirlər xüsusilə təqdirəlayiqdir. Belə ki, Fransanın paytaxtı və bir sıra şəhərlərdə Nizami Gəncəvinin 870, Məhsəti Gəncəvinin 900 illik yubileyləri keçirilmişdir. 2012-2014-cü illərdə Fransanın müxtəlif regionlarında “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” layihəsi, eləcə də 2013-cü ildə Almaniyanın Münhen, Ştutqart, Köln və Hamburq şəhərlərində “Azərbaycanı tanıdım” layihəsi çərçivəsində müxtəlif sərgi və konsertlər təşkil olunmuşdur.

Son 15 ildə qarşıya qoyduğu bütün layihələri uğurla həyata keçirən və bu işıqlı yolu yorulmadan davam etdirən Heydər Əliyev Fondu Azərbaycanda və ölkə xaricində həmvətənlərinin sevgi və inamını qazanıb. Milli-mənəvi irsimizin qorunması və gələcək nəsillərə ötürülməsi, təhsilin, səhiyyənin, idmanın inkişaf etdirilərək dünya standartlarına cavab verəcək vəziyyətə gətirilməsi, eləcə də digər sosial- iqtisadi sahələrdə atılan inamlı addımlar Heydər Əliyev Fondunun, xüsusilə Mehriban xanım Əliyevanın humanizm, xeyirxahlıq, vətənpərvərlik hisslərinə, milli düşüncəyə söykənən uğurlu fəaliyyətinin bariz nümunəsidir”.