11 may 2020 09:28
1837

“Heydər Əliyev irsi milli sərvətimizdir”

Mayın 10-da Mədəniyyət Nazirliyinin təşkilatçılığı və regionlarda fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərinin iştirakı ilə “Heydər Əliyev irsi milli sərvətimizdir” mövzusunda videokonfrans keçirilib. Tədbir ulu öndər Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunub.

AZƏRTAC xəbər verir ki, videokonfransı giriş sözü ilə açan Azərbaycan İstiqlal Muzeyinin direktoru vəzifəsini müvəqqəti icra edən Sədi Mirseyibli Heydər Əliyevin bacarıqlı dövlət xadimi, təcrübəli siyasətçi, Azərbaycan dövlətçiliyinin möhkəm təməlini yaradan, ölkəni davamlı inkişaf yoluna çıxaran qüdrətli şəxsiyyət olduğunu bildirib. Vurğulayıb ki, Ulu Öndərin həyat və fəaliyyəti müasir tariximizin mühüm mərhələsini təşkil edir. Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlərdə ölkə həyatının bütün sahələrinə xüsusi diqqət yetirib. Onun əsasını qoyduğu davamlı inkişaf siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Sonra söz regionlarda fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərinin direktorlarına verilib.

Zaqatala rayon Heydər Əliyev Mərkəzinin direktoru Famil Rəhimov mərkəzin fəaliyyəti haqqında məlumat verib. Qeyd edib ki, 2008-ci ildən fəaliyyət göstərən mərkəz 2015-ci ildə yeni binaya köçürülüb. Cəlbedici arxitekturası ilə seçilən ikimərtəbəli binada müxtəlif təyinatlı bölmələr fəaliyyət göstərir. Burada Ulu Öndərin zəngin həyat yolu və çoxşaxəli fəaliyyətinin bütün dövrləri barədə ətraflı məlumat almaq mümkündür.

Samux Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova çıxış edərək müasir Azərbaycanın qurucusu Heydər Əliyevin ölkəmizin bütün bölgələrinin inkişafına xüsusi diqqətlə yanaşdığını bildirib. Mərkəz haqqında məlumat verən direktor deyib ki, ekspozisiya zalında dahi siyasətçinin həyat və fəaliyyətini əks etdirən zəngin materiallar nümayiş olunur. Bunların arasında Heydər Əliyevin 1977-ci ildə Azərbaycan Elmi Tədqiqat İnstitutunun 50 illik yubileyində etdiyi çıxış və yeni üzüm, taxıl və pambıq sahələri ilə tanışlığı zamanı əhali ilə görüşləri haqqında materiallar maraq doğurur.

Heydər Əliyev 1969-cu ildə Azərbaycan KP MK-nın 1-ci katibi seçildikdən sonra bölgələrə ilk səfərini Salyan rayonuna etmişdi. Bu barədə danışan Salyan Rayon Heydər Əliyev Mərkəzinin direktoru Nübar Bayramova deyib ki, sonrakı illərdə Ulu Öndər dörd dəfə Salyanda olub və mərkəzin ekspozisiya zalında bu səfərlərdən bəhs edən fotoşəkillər nümayiş etdirilir.

Videokonfransda daha sonra Gəncə şəhər, Qusar, Sabirabad, Zaqatala, Bərdə, Kürdəmir, Xaçmaz, Tərtər, Qazax, Ağcabədi rayon Heydər Əliyev mərkəzlərinin direktorları mərkəzlərin ekspozisiya zallarından virtual ekskursiya təşkil ediblər.

Çıxışlarda Ulu Öndərin şərəfli ömür yolundan, vətənimiz qarşısındakı misilsiz tarixi xidmətlərindən söz açılıb. Vurğulanıb ki, Heydər Əliyev Azərbaycana uğurlu rəhbərliyi sayəsində ölkəmizin nüfuzu artıb, hərtərəfli inkişafa nail olunub.