29 yanvar 2019 19:53
158

“Heydər Əliyev - milli-siyasi elitamızın zirvəsi” kitabı çapdan çıxıb

Heydər Əliyev özündən əvvəlki bəzi siyasətçilərin yolu ilə getmədi, milli həyat və milli mədəniyyətin zamanın sınaqlarından çıxmış dəyərlərindən istifadə etməklə yalnız milli varlıq anlayışının təbliği ilə kifayətlənmədi. O, yaxşı bələd olduğu Azərbaycan xalqının milli xüsusiyyətlərinin metodoloji prinsiplərini elmi həqiqətlərlə əlaqələndirərək qeyri-adi, qeyri-standart siyasət fəlsəfəsini yaratdı.

AZƏRTAC xəbər verir ki, bu fikirlər siyasi elmlər doktoru, professor Vaqif Abdullayevin yenicə çapdan çıxmış “Heydər Əliyev - milli-siyasi elitamızın zirvəsi” kitabında yer alıb.

Kitabda Azərbaycan milli elitasının formalaşma tarixi, bu prosesin son 40 ilində Heydər Əliyevin müstəsna xidmətləri sosioloji-politoloji rakursdan, “millət-lider-elita” aspektindən işıqlandırılıb. Vaqif Abdullayev qeyd edir ki, milli-siyasi elitamız həm çarizmin süqutundan sonra ilk müstəqil respublika, həm də sovet dövründə Heydər Əliyevin siyasi rəhbərliyə gəlişi ilə epoxaların ekstremallığına baxmayaraq, millətin varlığını qoruması və inamlı gələcəyə addımlamasında üzərlərinə düşən missiyanı layiqincə yerinə yetirib. Dövlət müstəqilliyinin bərpasından sonra elitanın formalaşma prosesi Yeni Azərbaycan Partiyasının bazasında yeni məzmun kəsb edib.

Müəllifin fikrincə, milli elitanın əsas missiyası dövlət müstəqilliyini, mədəni-tarixi dəyərləri, cəmiyyətin milli identikliyini qoruyub saxlamaqdan ibarətdir. Lakin bütün bunlar yalnız o zaman mümkün ola bilər ki, milli elita öz xalqını dünyanın inkişaf mərhələsinə uyğun olan iqtisadi, sosial və hərbi-siyasi mövqelərlə təmin edə bilsin. Elitanın fəaliyyətinin əsas mənası öz amalını millət və dövlət qarşısında məsuliyyət kimi ifadə etməsidir.

Altı fəsildən ibarət olan kitabın birinci fəslində Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı dövrün siyasi mənzərəsi, siyasi təşkilatlanma, milli elitanın fəaliyyəti, Paris Sülh Konfransında Azərbaycanın diplomatik missiyası ilə bağlı məsələlər araşdırılıb.

Müəllif sovet dövründə Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gəlişini milli-siyasi intibahın başlanğıcı hesab edir. Bu mövzuya həsr edilmiş ikinci fəsildə Azərbaycanda müasir siyasi elitanın formalaşması xüsusiyyətləri, Heydər Əliyev fenomeni SSRİ miqyasında, keçid dövrü və yeni tipli siyasi elitanın təşəkkül tapmasını şərtləndirən faktorlar təhlil olunur. Vurğulanır ki, Heydər Əliyevin müdrikliyi onun sovet dövrünün prinsiplərindən çıxış edərək idarəçilərin yeni elitasının yaradılması üçün zaman kəsiyini uğurla adlamağın və Azərbaycan gənclərinin intellektual səviyyəsini yüksəltmək yolu ilə gələcəyin milli elitasının nümayəndələrinin yetişdirilməsinə yönəlmiş fəaliyyətin vacibliyini dərindən dərk etməsində idi.

Kitabda ulu öndər Heydər Əliyevin idarəçilik üslubu milli-siyasi konsepsiya kimi nəzərdən keçirilir. Üçüncü fəsildə Heydər Əliyevin siyasi baxışlarında başlıca kateqoriya - milli şüur, siyasi elitanın dünyagörüşündə milli-tarixi şüur amili, Ulu Öndərin siyasi konsepsiyasında siyasi sosiallaşma prosesinin yeri göstərilir. Həmçinin siyasi qətiyyət anlayışı Heydər Əliyevin xarizmasında mühüm cəhət kimi vurğulanır.

“İlham Əliyev – yeni yüzilliyin yeni lideri” adlı dördüncü fəsildə müasir Azərbaycan Respublikasının uğurları “xalq-lider-elita” müstəvisində, milli dövlətçilik aspektində nəzərdən keçirilir, sosial sahənin mühüm istiqamət olduğu vurğulanır. Eyni zamanda, Prezident İlham Əliyevin 15 illik prezidentliyi dövründə qazanılan möhtəşəm uğurlar, müasir təfəkkürlü milli elitanın inkişafa verdiyi töhfələr oxucunun diqqətinə çatdırılır.

Kitabın beşinci fəsli milli-siyasi elitamızda Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın fəaliyyətinə həsr edilib. “Mehriban Əliyeva – milli siyasi elitamızın qadın obrazı” adlı bu fəsil onun keçdiyi mənalı həyat yoluna, zəngin ictimai-siyasi və humanitar fəaliyyətinə, yüksək insani keyfiyyətlərinə bir daha işıq salır. “Bütün ruhi rahatlığı insanların xoş əhval-ruhiyyəsində tapan, yalnız sosial-istiqamət fəaliyyəti ilə deyil, həm də xoş ünsiyyəti, təvazökarlığı, xeyirxahlığı ilə seçilən Mehriban xanım Əliyevanın həyatda tutduğu yol – neçə-neçə nəslə uğurlu fəaliyyətin sirlərini öyrətmək, mənəviyyatımızın saflığını, zənginliyini qorumaq yoludur”, - deyə müəllif qeyd edir.

“Yeni Azərbaycan Partiyası – cəmiyyətimizin siyasi avanqardı” adlı sonuncu - altıncı fəsildə 91 ziyalının ulu öndər Heydər Əliyevə müraciətindən başlayaraq Yeni Azərbaycan Partiyasının fəaliyyət dinamikası və uğurları tutarlı faktlarla açılıb göstərilir.