10 iyun 2020 12:30
2763

Heydər Əliyev: Müstəqilliyimizin əbədi memarı

Müdrik şəxsiyyət  Heydər Əliyev  canından artıq sevdiyi  Azərbaycanı  qorumaq üçün bütün mümkün imkanlardan istifadə etdi,  zəkasına güvənərək   xalqı birlik və həmrəyliyə çağırdı.
 

 Azərbaycanın dövlət müstəqilliyi ölkədə hakimiyyətsizliyin,  siyasi -iqtisadi böhranın  davam etdiyi müddətdə xalqına dayaq duran, qırılan, çözələnən ümidləri canlandıran xilaskar Heydər Əliyevin Bakıya qayıdışı ilə başlayır.  Həmin gün, 9 iyun 1993-cü il müstəqillik tariximizə, dövlətçilik salnaməmizə qızıl hərflərlə  yazılıb.

 1993-cü ilin mayında ölkədə hakimiyyətsizlik böhran həddinə çatmışdı. Azərbaycanın  çoxillik məhrumiyyətlər və əzab-əziyyət nəticəsində  nail olduğu müstəqilliyinin itirilməsi təhlükəsi xalqı seçim qarşısında qoymuşdu. Belə bir vəziyyətdə  Gəncədə başlanan qiyam  Azərbaycanda vətəndaş müharibəsi təhlükəsi yaratdı.

  4 iyun 1993-cü ildə  Gəncə şəhərində bir qrup silahlı   döyüş sursatı  ələ keçirmək  məqsədilə  şəhərdəki  hərbi hissələrə hücum etdi. Onsuz da gərgin olan vəziyyət daha da  çətinləşdi. O dövrdə  iqtidarda olan AXC-Müsavat hakimiyyəti vəziyyəti  sakitləşdirməyə çalışsa da , ictimai təhlükəsizliyi bərpa etmək gücündə olmadıqlarını fərasətsizlikləri ilə bildirdilər.  Azərbaycanı iqtisadi böhran həddinə çatdıran,  özbaşınalıq edərək hərc-mərclik yaradan iqtidarsızlar  Azərbaycanın taleyini həll etmək imkanlarından məhrum idilər. Respublikanı idarə edən  mafioz qüvvələr güclənir,  « demokrat», «vətənpərvər», «Azərbaycansevər» adı altında gizlənən siyasətbazların səriştəsizlikləri  üzündən  Azərbaycanın parçalanmasına yönələn   separatçı ocaqlar yaranırdı.  1993-cü ilin may ayının 25-də  Prezidentin İcra Aparatında  keçirilən müşavirədə  iqtiarda olan iqtidarsızlar tərəfindən səslənən « iflic vəziyyətində olan dövlət aparatının özü rüşvətxorluqla məşğuldur və  rüşvətxorluğa qarşı mübarizə də məhz  dövlət aparatından başlamalıdır», « Nazirlər Kabineti milyarderlərdən ibarətdir»,  «Ay məmurlar,  rüşvəti milyon dollarla almayın, minlərlə alın, insafla alın»  sözləri Azərbaycanda baş alıb gedən «bespredel»in nəticəsi idi. AXC-Müsavat iqtidarının «paqonluları»  ölkəni anarxiyaya çevirməklə,  xalqa divan tuturdular.  Buna görə də 1989-1993-cü illərdə  Azərbaycan qısa fasilələrlə fövqəladə  vəziyyət şəraitində yaşamışdır. Bütün şəhərlərdə  komendant saatı tətbiq olunduğundan  hərbi patrullar  küçələrdə  tanklar və zirehli  maşınlarla gəzirdilər. Çoxsaylı  qanunsuz silahlı birləşmələr insanları incidirdilər

 Belə bir vaxtda  AXC-Musavat iqtidarı tərəfindən Milli Qəhrəman elan olunan « yun polkovniki» Surət Hüseynovun iqtidardan pay umması, Gəncədə qiyam qaldırması ölkəni iflic vəziyyətinə gətirdi.

 O dövrdə  Naxçıvan MR Ali Məclisinin Sədri, müdrik siyasətçi Heydər Əliyev uzaqgörən siyasəti ilə  Azərbaycanı gözləyən fəlakəti hiss edirdi. Naxçıvan MR Ali Məclisinin sessiyasında hadisə ilə bağlı  qəbul olunan Bəyanatda   qeyd olunurdu : « Azərbaycan Respublikasının bir hissəsinin düşmən tapdağında olduğu, dünyanın mütərəqqi dövlətlərinin Azərbaycana diqqətinin artdığı bir dövrdə cinayətkar ünsürlərin törətdiyi qardaş qırğınını təcavüzkar Ermənistanın dəyirmanına su tökmək, milli dövlətçiliyimizə qarşı ittiham kimi qiymətləndiririk.» 

 Narahat xalq çıxış yolu axtarırdı.  Milyonları arxasınca aparmaq qüdrətinə malik lider həm də dövlətçiliyimizi qorumalı idi. Belə məsuliyyətli vəzifəni yerinə yetirmək, insanlarda qırılan ümidləri yandırmaq gücünə malik yeganə fenomen insan ulu öndər Heydər Əliyev idi.

9 iyunda  Bakıya qayıdan Ümummilli Lider paytaxta  gəlişi ilə  «bizi heç kim yıxa bilməz» ideyası ilə  hakimiyyətə yiyələnən iqtidarsızları  Surət Hüseynovun «Azadlıq» meydanında  quracağı dar ağacından xilas etdi.

  Xalqın təkidli tələbi ilə  Bakıya  gələn ümummilli lider Heydər Əliyev

 hadisələrin əsl səbəbini öyrənmək üçün Gəncədə oldu, insanlarla , görüşdü, yaxınlarını itirənlərə səbr dilədi. Vəziyyət o qədər   mürəkkəb idi ki, adi ehtiyatsızlıq daha ciddi  fəlakətlərlə nəticələnə bilərdi. Amma  müdrik şəxsiyyət  Heydər Əliyev  canından artıq sevdiyi  Azərbaycanı  qorumaq üçün bütün mümkün imkanlardan istifadə etdi,  zəkasına güvənərək   xalqı birlik və həmrəyliyə çağırdı.
Gəncədəki görüşün  nəticələri barədə iyunun 15-də keçirilən Ali Sovetin fövqəladə  sessiyasında   açıqlama verən  ulu öndər Heydər Əliyev bildirdi ki,  göstərilən səylər, aparılan danışıqlar  bu gərginliyi aradan qaldıracaq: « Hadisələr dəhşətlidir,  qan tökülüb cinayət edilib… Ancaq mən demişəm və  bir də deyirəm ki,  mən heç vəchlə silah işlədilməsinin tərəfdarı ola bilmərəm. Bu gərginlik, qarşıdurma yalnız sülh yolu ilə, barışıq yolu ilə , qarşılıqlı anlaşma yolu ilə , danışıqlar yolu ilə  həll olunmalıdır.»

 Həmin sessiyada  Ulu Öndərin söylədiyi « Biz Azərbaycanda  demokratik, müstəqil respublika  quraraq, sivilizasiyalı cəmiyyət uğrunda mübarizə apararaq, ümumi dünyəvi-bəşəri dəyərlərin hamısından istifadə etməliyik» sözləri  Azərbaycanın gələcək yolunu müəyyənləşdirdi. Həmin gün Azərbaycanın müstəqillik tarixinə  Milli Qurtuluş Günü kimi yazıldı.

 «Mən  xalqımla bir yerdə olmaq və xalqımın bu ağır günündə ona kömək  olmaq üçün respublikaya qayıtmışam» söyləyən

 Ulu Öndər vədini yerinə yetirdi.  Azərbaycanın tarixinə  xilas günü kimi  yazılan həmin  sessiyada  deputatların yekdil səsverməsi ilə  Heydər Əliyev  Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bu, seçim ilə  Azərbaycanın xilas yolunun, müstəqilliyimizin əbədiliyinin təməli  qoyuldu.

«... Heç kəsin şübhəsi olmasın ki, mən ömrümün bundan sonra qalan hissəsini harada olursa -olsun yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm» söyləyən , daim xalqa arxalanan  ulu öndər Heydər Əliyev  qısa müddətdə  ölkədə   milli həmrəyliyə, birliyə nail oldu. O günlərdə  müdrik şəxsiyyət Heydər Əliyevin hadisələrə müdaxiləsi olmasa idi, dünyanın siyasi xəritəsində Azərbaycan adlı  dövlət  mövcud olmayacaqdı.

  Bu hadisədən üç gün sonra-18 iyunda  Azərbaycan xalqı eşitdiyi xəbərdən  şoka düşdü: Azərbaycan Prezidenti Əbülfəz Elçibəy heç kimə məlumat vermədən , gizlincə  Bakını tərk edib. Doğma kəndi Kələkiyə gedərək  «Azərbaycanı Kələkidən idarə edəcəyəm» cavabı ilə  Bakıya dönməkdən imtina edib. Belə olan halda  ölkəyə rəhbərlik təbii ki,  respublikada ikinci səlahiyyətli şəxs olan spikerə həvalə edilməli idi. İyunun 24-də  Ali Sovetin qəbul etdiyi qərarla  Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri  Ali Sovetin sədri Heydər Əliyevə həvalə olundu.

 Beləliklə, cəmi üç gün əvvəl  Ali Sovetin  sədri seçilən Heydər Əliyev  dövlət başçısı funksiyalarını da yerinə yetirməli oldu.

Ölkəyə rəhbərlik  Azərbaycanda hamının sevdiyi, qətiyyətinə inandığı, təcrübəsinə güvəndiyi, müstəqilliyin qarantı   Heydər Əliyevə tapşırıldı.   Azərbaycan xalqı üçün bu ağır sınaq anında   üzərinə düşən məsuliyyəti  tam dərinliyi ilə dərk edən   müdrik siyasətçi Ümummilli Lider adını doğrultdu,  dövlət  və siyasi xadim kimi özünün bütün təcrübəsini ölkənin böhrandan çıxarılmasına sərf  etdi, respublikanı demokratik kursa sadiq  dövlət kimi dünyada tanıtdırdı. 

 Ulu öndər Heydər Əliyev Rusiya televiziyasına verdiyi müsahibəsində yaranmış vəziyyəti  şərh etdi: « Açığını desək, respublika demək olar ki,  idarəedilməz olmuşdu, çünki prezident yoxdur. Baş nazir yox idi, -o ,  artıq çoxdan istefa vermişdi, mən tək qalmışdım, bir çox məsələlər isə  prezidentin səlahiyyətlərindən istifadə edərək  həll olunmalı idi. Bax, belə bir vəziyyətdə  mən həmin vəzifələri  öz üzərimə götürdüm.»
 29 avqust 1993-cü ildə  Elçibəyə  etimad məsələsi ilə bağlı  referendum keçirildi. Prezident  seçkilərində ona bir milyon 800 yüz min  nəfər  etimad göstərmişdisə, referendumda  onun əleyhinə üç milyon yarımdan artıq seçici səs vermişdi.

  3 oktyabr 1993-cü ildə keçirilən prezident seçkilərində   bütün Azərbaycan xalqı  yekdilliklə ulu öndər Heydər Əliyevə etimad göstərərək onu əbədi olaraq xilaskar, müstəqilliyin qarantı seçdi.

 Prezident kimi andiçmə mərasimində də xalqın dəstəyi ilə   demokratik , müstəqil cəmiyyət quruculuğunda  önəmli nailiyyətlər əldə olunacağına dövlət başçısı kimi  söz verən ulu öndər Heydər Əliyev  Azərbaycanı dünya birliyində  qüdrətli bir  ölkə kimi tanıtdı.

  Uzun illərin dövlətçilik təcrübəsinə əsaslanan xalq-iqtidar birliyi 1994, 1995-ci illərdə törədilən dövlət çevrilişlərinə cəhdlər zamanı da  təsdiqləndi. İnamına, seçiminə sadiq qalan Azərbaycan xalqı yolunu müəyyənləşdirdi. Bu seçim sabaha böyük ümidlərlə dolu  Heydər Əliyev yolu idi. Azərbaycanı qorumaq, saxlamaq, dövlətçiliyimizi möhkəmləndirmək və inkişaf etdirmək yolları  hamar olmasa da  ümummilli lider Heydər Əliyev zəkası ilə  bütün çətinliklərə  qalib gəlmək əzmində olduğunu   subut etdi.   Onun  fəaliyyəti dövründə  Azərbaycan milli intibah zirvəsinə qədəm qoydu. Tükənməz əzmi hesabına ölkəmizdə yeni iqtisadi, siyasi, hüquqi təsisatlar yaradıldı, mühüm islahatlar həyata keçirildi, sosial-iqtisadi proqramların qəbulu ilə  nəhəng quruculuq prosesinin sürətlənməsi üçün real imkanlar  yarandı.   Sovetlərdən miras qalan planlı idarəetmə bazar iqtisadiyyatı ilə əvəz olundu, xalqlar arasında əməkdaşlıq əlaqələri yarandı,  neft strategiyası müəyyənləşdirildi,  Azərbaycanın inkişaf  parametrləri  düzgün istiqamətləndirildi.

 Prezident İlham Əliyevin davam  etdirdiyi varislik siyasəti ilə  ümummilli lider Heydər Əliyevin arzusunda olduğu möhtəşəm Azərbaycan dünyada tanındı, nümunə göstərildi, nüfuzu artdı. Hazırda Azərbaycan dünya birliyində  vədinə  sadiq etibarlı tərəfdaş, dünyanın nəqliyyat və enerji mərkəzlərindən biri kimi tanınır.
İnkişafa aparan  bu yol  9 iyun 1993-cü ildən başlanır.

Xuraman İsmayılqızı,

«İki sahil»