14 iyun 2020 11:48
1914

Heydər Əliyev şəxsiyyətinin təntənəsi - qurtuluşdan qurtuluşa

Heydər Əliyev şəxsiyyəti müasir Azərbaycanın dövlətçilik tarixində ən parlaq simadır. Azərbaycan xalqının qəlbində əbədiyaşar yerə sahib, hələ sağlığında Ümummilli Lider statusunu qazanan, Ulu Öndər kimi milyonların sevimlisi olan Heydər Əliyev müasir Azərbaycan dövlətinin xilaskarı, memarı və qurucusu kimi tarixə düşüb. Hər kəsin bildiyi və qəbul etdiyi, bəzilərinin istəməsə belə qəbul etməyə məcbur olduğu yenilməz bir həqiqət var: Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının xilaskarıdır və onun müəyyən etdiyi ideoloji xətt müasir dövlətimizin parlaq gələcəyinin təminatçısıdır.

1993-cü il iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub və həmin gün dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edilməsi üçün əsaslı sütunlar yaranıb. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qoruyub, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırıb və inkişafın təməlini qoyub. Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü aydın göstərir, regionda və dünyada Azərbaycanın nüfuzu daha da artır. Bəhs etdiyimiz qurtuluş mövzusunda fikir və mülahizələrimizi davam etmək üçün daha bir həqiqəti ifadə etməliyik Milli Qurtuluş Gününün əsası çox-çox əvvəl Azərbaycan keçmiş sovetlər birliyinin tərkibində olduğu dövrdən qoyulub. Məhz bu həqiqətə və məntiqi mülahizələrə əsaslanaraq mühakimələrimizi davam etdirmək niyyətindəyik. Əslində bütün parametrlərinə görə, bu dövrün başlanğıcını 1967-ci ildən hesab etməyimiz daha düzgün olardı. Ən azı ona görə ki, ulu öndər Heydər Əliyev Azərbaycan SSR Dövlət Təhlükəsizlik komitəsinin Sədri vəzifəsinə təyin olunduğu vaxtda ermənilər Dağlıq Qarabağ bölgəsində separatçı fəaliyyətlərini genişləndirmişdilər. Yəni 1987-ci ilin sonlarında ermənilərin baş qaldıran əsasız iddiaları bundan iyirmi il əvvəl də ortaya çıxmışdı. Heydər Əliyevin Dövlət Təhlükəsizlik Komitəsinin sədri kimi bu barədə Azərbaycan rəhbərliyinə təqdim etdiyi məxfi arayışlardan birinə diqqət edək: ”Son vaxtlar ayrı-ayrı təşkilatlarda xidməti silah və sursatın itməsi halları müşahidə olunur...Nəticədə 1968-ci ilin iyul ayında Sarkisyan tərəfindən Bakıdan Xankəndinə daşınan partlayıcı maddədən cəmi 2520 ədəd olmaqla 3 qutu itmişdir”. Dövrünün siyasi şəraitinə qanunlarına uyğun olaraq fəaliyyət istiqamətləri müəyyən edən Heydər Əliyev qısa bir zamanda Dağlıq Qarabağdakı separatizm fəaliyyətlərinə son qoydu. Ermənistanın millətçi-təxribatçı qüvvələrin Dağlıq Qarabağın ictimai-siyasi həyatına təsir imkanları minimuma endirildi. Nəhayət, Heydər Əliyevin 1969-cu il iyulun 14-də Azərbaycanda siyasi hakimiyyətə gəlişi baş tutdu. Əlbəttə bundan əvvəlki funksiyasının qapalılığı səbəbindən geniş ictimaiyyət Heydər Əliyevi o qədər də yaxından tanıya bilməzdi. Lakin siyasi dairələr, dövlət elitası, elmi-mədəni ictimaiyyət və s. mühüm təbəqələr Heydər Əliyev şəxsiyyətinin gücünə müəyyən mənada bələd idilər. O, dövrdə respublika rəhbərliyindəki siyasi çəkişmələr, sosial-iqtisadi inkişaf konsepsiyasının olmaması, Moskva ilə uzlaşmaların zəifliyi ölkədə bir sıra problemlər yaratmışdır. Azərbaycan bütün göstəricilərinə görə, keçmiş SSRİ məkanında geridə qalan tərəflər sırasına yer alırdı. “Hər kəs üçün məşğulluğun təmin edilməsi” prinsipi ilə ölkənin siyasi idarəetməsinə yeni nəfəs gətirən Heydər Əliyev qısa zaman kəsiyində elm və təhsil, kənd təsərrüfatı, neft və kimya, sənaye, şəhərsalma, gənclər və idman kimi mühüm sahələrdə canlanma yaratdı. Hər biri yeraltı saray qədər möhtəşəm olan metro stansiyalarının bir-birinin ardınca istifadəyə verilməsi paytaxt Bakının genişlənməsi üçün stimul oldu. Çayçılıq, üzümçülük, pambıqçılıq, tütünçülük sahələrinin inkişafı ölkədə yeyinti sənayesinin yeni təməli üçün bazaya çevrildi. Azərbaycan qanunvericiliyində əsalı dəyişikliklər aparıldı, Azərbaycan dili konstitusiya əsasında dövlət dili elan edildi. Mədəniyyətin bütün sahələri üzrə dinamik inkişaf başladı. Elm və mədəniyyət sahələrinin aparıcı simalarına ali dövlət mükafatlarının təqdim edilməsi bu sahələrdə sağlam bir rəqabət yaratdı. Çox qısa zamanda Azərbaycanın adı sovet sərhədlərindən uzaqlarda eşidilməyə başladı. Bütün sahələr üzrə qabaqcıllığı ələ keçirən Azərbaycan ölkə xaricindəki soydaşlarımız üçün cəlbedici Vətənə çevrildi. Yuxarıda sadaladığımız fəaliyyət istiqamətləri təsdiq edir ki, Heydər Əliyev şəxsiyyəti qurub yaratmaq, daim yeniliklər etmək, siyasi şəraitə uyğun şəkildə xalqına xidmət etmək, ölkəsinin və millətinin inkişaf yolunu müəyyənləşdirmək iqtidarında olan əvəzsiz bir liderdir. Ulu Öndərimizin liderlik xüsusiyyətlərində ən mühüm cəhət uzaq hədəfləri dəqiq müəyyən etmək və ona çatmaq üçün strategiya müəyyənləşdirmək olub. Ölkədə aparılan çoxistiqamətli təhsil siyasəti nəticəsində keçmiş SSRİ-nin ən qabaqcıl ali təhsil müəssisələrində, eləcə də hərbi məktəblərdə ali təhsil almağa göndərilən azərbaycanlı gənclər Heydər Əliyevin siyasi hakimiyyətinin birinci dövründən xalqımıza miras qalan milli sərvət kimi zamanında pöhrələyib bəhrə verməyə başladı.

...1987-ci ilin sonlarından başlayaraq erməni millətçi dairələrinə Azərbaycana qarşı səsləndirilən əsasız ərazi iddiası həmin dövr üçün siyasi sensasiya yaradacaq bir təsirdə oldu. Üstündən 33 il keçən bir dövrdə baş verənləri təhlil edərkən ortaya heç kəsin inkar edə bilməyəcəyi həqiqət çıxır: Liderlik Allahın şəxsiyyətə bəxş etdiyi lütfdür. Liderlər elə lider olaraq doğulur və zamanında öz sözünü deyərək qalibiyyət qazanır!

Dünya ermənilərinin, o cümlədən təcavüzkar Ermənistanın Azərbaycan qarşı əsasız ərazi iddiaları ortaya çıxanda xalqımız bir nəfər kimi öz sözünü dedi və qətiyyətli etiraz mövqeyi nümayiş etdirdi. Lakin Ermənistan SSR-də məskunlaşan 300 minə yaxın soydaşımız öz ata-baba yurdundan qanunsuz deportasiya edildi. Soydaşlarımızın bu deportasiyasını yaradan yeganə səbəb budur: hər bir azərbaycanlının mövqeyi dəyişməz qalırdı - Dağlıq Qarabağ Azərbaycandan ayrıla bilməz! Belə bir şəraitdə məhz 1987-ci ilin sonlarından başlayaraq ardıcıl olaraq qarşılaşdığımız məğlubiyyətlərin də səbəbi məhz lidersizlik oldu. Yalnız və yalnız bu boşluq sayəsində 1988-1993-cü illərdə Azərbaycan dövlətçilik ənənələrinə sarsıdıcı zərbələr vuruldu, ölkə iqtisadiyyatı böhran həddinə sürükləndi, respublikanın müdafiə konsepsiyası yaradılmadı, anarxiya və xaos siyasi hakimiyyəti zəbt etdi.

Qeyd etdiyimiz kimi 1967-ci ildən başlayaraq sonrakı dövrlər üçün əsaslı inkişaf stimulları yaradan Ulu Öndər siyasi hakimiyyətinin birinci dövründə daha fundamental işlərə imza atmışdı. Təsadüfi deyildir ki, Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra keçmiş SSRİ-nin digər müttəfiq ölkələrində yaşayan bütün sahələr üzrə kadrlar, o cümlədən ordu zabitləri vətənin dar günündə Azərbaycana dönməyə başladılar. Əlbəttə ki, müstəqilliyimizin ilk illərində həmin kadrlardan düzgün istifadə edilməməsi təəssüf doğuran başqa bir mövzudur. Müasir Azərbaycanın dövlətçilik tarixinə qanlı hərflərlə yazılan 20 Yanvar faciəsi həm də xalqımızın qəhrəmanlıq salnaməsi kimi millətimizin şərəf və ləyaqətini tərənnüm edir. O dövrdə özünün siyasi lider hesab edənlərin əsl siması yanvar hadisələri zamanı ortaya çıxdı. Bu acı həqiqət xalqın mübarizə əzminə arxadan zərbə idi. Lakin ulu öndər Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etdi. Bu hadisə Sovet imperiyasına sarsıdıcı zərbə təsiri bağışladı, beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycandakı proseslərə cəlb etdi. Ən əsası odur ki, Azərbaycan xalqının sönmüş ümidlərində qığılcım yarandı. O, dövrdə heç kəs deyə bilməzdi ki, cəmi bir il sonra Ulu Öndər, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etməklə sovet imperiyasının dayaq nöqtələrinə sarsıdıcı zərbə vuracaq. Ulu Öndərimiz 1991-ci ildə Naxçıvanda əhalinin tələbi ilə siyasi hakimiyyətə gələndən sonra isə Azərbaycanın qurtuluşu üçün mənəvi-psixoloji zəmin formalaşdırdı. Bu Azərbaycan Xalq Cümhuriyyətindən yadigar olan dövlət atributlarımızın qəbul olunması və Azərbaycan hakimiyyətinə edilən tövsiyələrlə bağlı idisə, digər bir mühüm hissəsi isə Naxçıvanın işğal təhlükəsində qurtarması ilə bağlı idi. Heydər Əliyevin Naxçıvana dönüşü yerli əhalidə yaşamaq və öz yurdunu qorumaq üçün mübarizə aparmaq əzmini zirvələrə qaldırdı. Azərbaycan əhalisi ölkənin nicatının Heydər Əliyevdə olduğunu açıq-aydın ifadə etməyə başladı. 1991-ci il sentyabrın 3-də Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinə sədr seçilməsi dünyanın nəzərini Naxçıvana çevirdi. Ulu Öndərimizin siyasi fəaliyyətinin çoxşaxəliliyi və dəqiq strategiyası Naxçıvanın gələcək işıqlı həyatını təmin etdi, işğal təhlükəsi arxada qaldı. Heydər Əliyev 1992-ci il yanvarın 19-da Süleyman Dəmirəlin tapşırığı ilə Naxçıvana gəlmiş nümayəndə heyətini, aprelin 1-də ATƏT-in nümayəndə heyətini, mayın 27-də Birləşmiş Millətlər Təşkilatının Naxçıvana göndərdiyi xüsusi nümayəndə heyətini, iyunun 17-də ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili R.Maylsı, iyulun 23-də Rusiya Prezidentinin xüsusi tapşırıqlar üzrə səfiri, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla aradan qaldırılması üzrə Rusiya vasitəçi nümayəndəliyinin rəhbəri Vladimir Kazimirovu, 1993-cü il martın 5-də Böyük Britaniyanın Azərbaycandakı səlahiyyətli nümayəndəliyinin rəhbəri Horold Fomstoku, elə həmin gün Fransanın fövqəladə və səlahiyyətli səfiri Jan Perreni qəbul etmişdir. Bu görüşlərin hər birində bir tərəfdən blokadada olan Naxçıvana humanitar yardım məsələləri müzakirə edilir, digər tərəfdən Ermənistanın təcavüzkarlığı ifşa edilirdi.

Ümummilli lider Heydər Əliyevin Naxçıvana qayıdışı muxtar respublikada tamamilə başqa bir ab-hava yaratdı. Əhalinin mübarizə əzmi artdı, gələcəyə ümid yarandı, insanlarda yaşamaq və doğma torpağı müdafiə etmək qüdrəti yüksəldi, əhali nikbinləşdi. Ulu Öndərimizin siyasi hakimiyyətinin Naxçıvan erasını Prezident İlham Əliyevin ifadəsi ilə xatırlamaq çox əhəmiyyətlidir:”...Naxçıvanlılar Heydər Əliyevi qorudular, Heydər Əliyev isə Naxçıvanı qorudu”.

Keçmiş SSRİ-nin süqutu və müstəqilliyimizin bərpası illərində Azərbaycanda baş verən ictimai-siyasi, sosial-iqtisadi və hərbi prosesləri bir neçə mərhələyə bölə bilərik. Həmin dövrdə dəfələrlə siyasi hakimiyyət dəyişikliyinə məruz qalan ölkədə baş verənlər keçmiş ittifaq rəhbərliyinin məlum düşmənçilik ssenariləri üzərində davam edirdi. AXC-Müsavat hakimiyyəti illərində bu proseslər daha təhlükəli məcraya çatdı. Ümidsizlik, inamsızlıq, nikbinliyin itməsi ən qüdrətli ordunu belə məğlubiyyətə aparan təhlükələrdir. Həmin dövrdə qeyd etdiyimiz təhlükənin əsas istiqamətləri də məhz bu amillər üzərində yarandı. Orta əsrlərin görkəmli dövlət xadimi Nizamülmülkün məşhur “Siyasətnamə” əsərindəki bir məqama diqqət edək: ”...Hər dəfə göydən bəla yağdıqda, dövlətə bədnəzər baxdıqda hökumət dəyişər, hakimiyyət əldən-ələ keçər, fitnə qalxar, qarmaqarışıqlıq düşər, bədxah qılınclar öz qınından çıxarılar. Bu qarmaqarışıqlıqda adlı-sanlı adamlar sıxışdırılar, müfsidlər iş başına keçib qudurar, istədiklərini edərlər. Düz adamların işi çətinləşər, vəziyyətləri ağırlaşar. Alçaq adamlar əmirliyə yüksələrlər, nəciblər məhrum qalarlar. Heç bir alçaq öz üzərinə vəzir, şah adını götürməkdən boyun qaçırmaz”. Sonda qeyd edilən məqamla AXC-Müsavat hakimiyyətinin Azərbaycanda yaratdığı həyat gerçəkliyinin acı görüntüsünün tam şəkildə əksidir.

15 iyunun - Milli Qurtuluş Günü barədə danışarkən “Biz nədən qurtulmuşuq” sualı ətrafında qısa bir şərhimiz var: Azərbaycan ümidsizlikdən, inamsızlıqdan, səbirsizlikdən qurtuldu. Azərbaycan adlı dövlətin dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi aradan qaldırıldı.

Nəhayət, ulu öndər Heydər Əliyevin müəyyən etdiyi uzaqgörən neft və inkişaf strategiyası qüdrətli Azərbaycan dövlətinin bu gününü və gələcəyini müəyyən etdi. Bu gün uğurla fəaliyyət göstərən Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, Cənub Qaz Dəhlizi, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və s. kimi beynəlxalq əhəmiyyətli iqtisadi layihələr ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasının, dövlətçilik ənənələrinin, siyasi rəhbərliyin etibarlılığının qorunması prinsiplərinin ortaya çıxardığı nailiyyətlərdir.

Yekunda qeyd etmək istərdik ki, yeni növ koronavirus (COVID-19) pandemiyası 2020-ci ildə dünya dövlətləri üçün sınaq perimetrinə çevrildi. Təkcə ölkələrin idarəetmə imkanları deyil, humanizm prinsiplərində yanaşma tərzi də üzə çıxdı. Cəmi 33 il əvvəl başqa ölkələrin və beynəlxalq təşkilatların yardımına möhtac olan Azərbaycan bu prosesdən alnıaçıq çıxa bildi. On beş ölkəyə COVID-19 infeksiyası ilə bağlı humanitar yardım göstərildi. Məlum epidemiyaya qarşı mübarizdə istifadə etmək üçün zəruri olan məhsulların istehsal müəssisələri, həmçinin mobil xəstəxanalar quruldu. Bütün bunlar Heydər Əliyev şəxsiyyətinin təntənəsi hesab olunan davamlı nailiyyətlərdir.

Sabir Şahtaxtı

AZƏRTAC