23 aprel 2019 10:30
1087

Heydər Əliyev təcrübəsi tükənməz həyat məktəbidir

Həqiqəti müəyyən ambisiyalarına görə, maraq və faktları mənafelərinə uyğun təhrif edənlərin, obyektiv faktları məqsədli şəkildə saxtalaşdıranların cəhdləri labüd iflasa, zamana ehtiyacı olan məğlubiyyətə məhkumdur. Əsrlərin təcrübəsi birmənalı şəkildə təsdiq edib ki, insana xas subyektivizmdən yüksəkdə durmaqla yeganə ədalətli hakim olan tarix həqiqətin təhrifi, faktların saxtalaşdırılması ilə heç vaxt barışmayıbdır. Həqiqətin bütün çılpaqlığı ilə gec-tez üzə çıxacağını yaxşı bilənlər məhz buna görə sözlərinə və əməllərinə məsuliyyətlə yanaşaraq, əməllərini sözlərinin, sözlərini isə əməllərinin təsdiq etməsinə xüsusi diqqət yetirirlər.

Mənalı ömrünü sözü və əməlinin bütövlüyü ilə yaşayan və elə buna görə də adı tarixə hələ sağlığında əbədi həkk olunan dahi şəxsiyyətlərdən biri də ulu öndər Heydər Əliyevdir. 

Heydər Əliyevin ömrü, fəaliyyəti elə mənalı keçib və XX əsrdə mövcudluğumuzun qorunub saxlanılması və milli azadlığımızın qazanılması tarixini məqsədyönlü fəaliyyəti və əməlləri ilə yazan bu böyük insanın həyatının hər günü, hər ayı, hər ili həyat dərsliyidir, təcrübə məktəbidir. Taleyin bəxş etdiyi bu milli sərvəti hərtərəfli və əsaslı şəkildə öyrənməklə biz gələcəyimizin daimi və şəriksiz sahibi ola bilərik.

Vətənini, xalqını sevən, milli ideallara xidməti özünün ən ümdə vətəndaşlıq vəzifəsi və borcu sayan hər bir şəxs Heydər Əliyevi Prezident - dövlət başçısı kimi, Ali Baş Komandan kimi, Ümummilli Lider kimi, diplomat kimi, siyasi xadim kimi, iqtisadçı kimi, sıravi vətəndaş kimi, nəhayət, ailə başçısı kimi öyrənməlidir; dövlət quruculuğunu və dövləti idarəetməni, müharibə vəziyyətində sərkərdəliklə incə diplomatiyanı birləşdirməyi, milli ənənəsi olmadığı halda yeni ictimai-siyasi, sosial-iqtisadi münasibətlər dövründə cəmiyyətin demokratikləşdirilməsini, iqtisadi potensialın gücləndirilməsini əlaqələndirməyi, Vətənə, xalqa təmənnasız xidməti, əsildən-nəsildən və köklü ocaqdan gələn ənənə ilə nümunəvi ailə yaratmağı öyrənməlidir.  

Heydər Əliyev Prezident - dövlət xadimi kimi

Ümummilli Lideri tarixi dövlətçilik ənənəsi olan bir çox ölkə rəhbərlərindən fərqləndirən əsas cəhət milli azadlıq hərəkatını formalaşdırmaq, tənzimləməklə respublikanı əsarətdən qurtarması və müstəqil dövlət qurmasıdır. Heç şübhəsiz, qurulu dövləti idarə etmək yeni bir dövlət quraraq onu idarə etməkdən qat-qat asandır. Uca Tanrı isə sanki Heyder Əliyevi işıqlı dünyaya Azərbaycan xalqının qarşısına çıxan bütün problemləri həll etmək üçün gətiribdir. Prezident və dövlət xadimi kimi Heydər Əliyevin fəaliyyətini şərti olaraq iki dövrə ayırmaq olar:

1. Milli müstəqilliyə qədər

2. Milli müstəqillikdən sonrakı dövr

Hər iki dövr üçün xarakterik cəhət Heydər Əliyevin özü üçün həyatının mənası kimi seçdiyi müqəddəs bir amala - Azərbaycana xidmət amalına sonsuz sədaqətidir. Amal isə dəyişməyib, dəyişən amalı gerçəkləşdirmə yolları və vasitələridir. Onun fəaliyyətinin birinci dövründə əsas məqsəd milli ruhun şüurlu oyanışına nail olmaqla milli potensialı qoruyub saxlamaq və gələcək müstəqil Azərbaycan üçün sosial-iqtisadi, mənəvi- psixoloji, hərbi və elmi-mədəni baza yaratmaq idisə, ikinci dövrdə artıq müstəqil, suveren dövlətin azadlığına dönməz xarakter vermək, demokratik, dünyəvi, hüquqi dövlət qurmaq, nizami ordu yaratmaq, iqtisadiyyatı, mədəni-elmi həyatı dirçəltmək, sosial məsələləri nizamlamaq əsas vəzifələr idi.  

Tanrı bütün bəndələrinə qarşı mərhəmətlidir, amma onun sevgisini qazanmaq hər bəndəyə nəsib olmur. Bəli, Heydər Əliyev Tanrının sevdiyi bəndədir. Hər əsgər general ola bilməz, amma pis əsgər odur ki, general olmaq istəmir. Bizim hər birimiz, o cümlədən sərhəddə torpaq keşiyini çəkən sıravi bir əsgər də məhz ulu öndər Heydər Əliyev kimi şəxsiyyət olmağa cəhd göstərməlidir. Cəmiyyətdə belə bir cəhdin ənənəyə çevrilməsi əslində əldə edilən uğurları qoruyub saxlamağa və daha da inkişaf etdirməyə qadir vətəndaşların yetişməsinə etibarlı təminat ola bilər.

Heydər Əliyev Ali Baş Komandan kimi

Azərbaycanda müasir tipli ordunun həm nəzəri, həm də praktiki baxımdan yaradılması məhz Heydər Əliyevin tarixi xidmətidir. Hələ sovet dövründə milli hərbçi kadrların yetişdirilməsinə xüsusi əhəmiyyət verən Heydər Əliyev C.Naxçıvanski adına Hərbi Məktəbin açılmasına nail oldu. Əhali, xüsusən gənclər arasında hərb sənətinə neqativ münasibəti kökündən dəyişdirdi, təhlükəsizlik və hüquq mühafizə orqanlarının milliləşdirilməsi prosesinə başladı. Azərbaycanlı hərbçilərin çoxsaylı etirafları bir daha sübut edir ki, məhz Heydər Əliyev hakimiyyətə gələndən sonra sovet rejimində azərbaycanlı hərbçilərə yüksək rütbələr və məsul vəzifələr verilməsinə başlanıldı. Keçmiş SSRİ-nin harasında xidmət etməsindən asılı olmayaraq, hər bir azərbaycanlı əsgər, xüsusən də zabit Heydər Əliyevin simasında özünün karyerasına, bacarıq və istedadının qiymətləndirilməsinə qarant görürdü. Elə o vaxtdan hərbçilər arasında Ulu Öndər ordu quruculuğunu peşəkarcasına bilən, ən başlıcası isə milli zabit kadrların yeganə qayğıkeşi və himayədarı imicini qazanmışdı.  

Heydər Əliyevin xarakterini, ideologiyasını, taktikasını və strategiyasını hələ 60-cı illərdən formalaşdırmağa başladığı milli azadlıq hərəkatı qələbə çalandan sonra səriştəsiz adamların rəhbərliyə gəlişi ilə sistematik, məqsədyönlü möhtəşəm dövlət və ordu quruculuğunda anarxiyaya rəvac verildi. Nəticədə cəbhəyə toplaşmalı olan silahlar təsadüfi əllərə düşdü, Bakıda cəbhə xəttindən daha çox atəş səsləri eşidilməyə başladı. Başıpozuq reket dəstələri hərbi birləşmələr adı altında “siyasi liderlərin” sözlə, əməli işlə gerçəkləşdirə bilmədikləri ambisiyalarını zorla reallaşdırmaq istəyirdilər.

Bir çox müxalifət liderləri silahlı dəstələrinin əhatəsində siyasi imic qazanmaq üçün canfəşanlıqla “Vətəndən” danışdıqları vaxtlar Heydər Əliyev danışmaq əvəzinə əməli iş görürdü - Milli Ordunu yaradırdı. Dəmir intizamlı, müasir texnika ilə təchiz edilmiş, həqiqi peşəkarlarla gücləndirilmiş milli ordunun varlığı ilk növbədə özünün xarici havadarlarına arxalanan və “qələbə eyforiyası” yaşayan erməni işğalçılarını atəşkəslə razılaşmağa vadar etdi. Ordunun sosial-məişət qayğıları, əsgər və zabit heyətinin döyüş hazırlığının təkmilləşdirilərək yüksəldilməsi, siyasi-ideoloji və tərbiyəvi işin müstəqil respublikamızın mənafe və marağına uyğun qurulması Ulu Öndərin diqqət mərkəzində idi.

İnamsız əsgərin əlində silah əslində ya dəmir parçasıdır, ya da hara tuşlanması dəqiq bilinməyən ölüm mənbəyidir. Heydər Əliyev şərəfli xilaskarlıq missiyasına başlayana qədər müqəddəs amal naminə silaha sarılan ən vətənpərvər gənclər də az müddətə bütün xalq kimi inamını itirmək təhlükəsi ilə qarşılaşmışdı. “Siyasi xadimlərin”, “cəfakeş millət liderlərinin” sayı artdıqca çaşqınlıq da güclənirdi, hərbi-siyasi vəziyyət mürəkkəbləşdikcə, torpaqlarımız, şəhər və kəndlərimiz əldən getdikcə xalqın, o cümlədən silahlı vətənpərvər gənclərin əsl sərkərdəyə ehtiyacı artırdı. Vətənə və xalqa sərkərdə lazım idi. Müharibəyə cəlb olunmuş Azərbaycanda isə qanlı döyüşləri, ərazi işğalını, azğın düşməni nizami ordunun gücünə dayandırmaq poetik nitqlər söyləməkdən, gəlişigözəl vədlər verməkdən qat-qat çətin idi və nəticəsi konkret əməli işdə görünən fədakarlıq tələb edirdi. Bu fədakarlığı ilk dəfə məhz Ali Baş Komandan kimi Heydər Əliyev öhdəsinə götürən gündən xalq həsrətlə gözlədiyi sərkərdəni tapdığını başa düşdü. Bu gün Heydər Əliyev Silahlı Qüvvələr, o cümlədən milli təhlükəsizlik orqanının əməkdaşları, Sərhəd Qoşunlarının şəxsi heyəti üçün qanuni yolla seçilmiş ümumxalq sevgisi qazanmış xilaskar sərkərdədir.

Heydər Əliyev Ümummilli Lider kimi

Heydər Əliyevin fitri istedada malik fenomenal şəxsiyyət olduğu hətta dünya birliyində də təsdiq və etiraf edilmiş həqiqətdir. Onu sələflərindən və müa- sirlərindən fərqləndirən başlıca cəhət ilk növbədə xalqa istinad etməsi və açıq fəaliyyət göstərməsidir. Heydər Əliyev bəlkə də dünya miqyasında yeganə şəxsiyyətdir ki, xalqın yekdil istəyi və arzusu ilə hakimiyyətə gəldi. Heydər Əliyev bəlkə də yeganə şəxsiyyətdir ki, faktiki Prezidentliyini rəsmiləşdirərkən, xalqın inamını, etibarını əsas götürdü. Bununla da Heydər Əliyevin yalnız Prezidentliyi deyil, ilk növbədə Ümummilli Liderliyi təsdiq olundu.

Xalq Heydər Əliyevə sonsuz inam bəslədiyi kimi, O da xalqa inanırdı, ən başlıcası bu inamını gizlətməyə çalışmırdı. Bu cəhət onun başqa bir özünəməxsusluğu ilə bağlıdır. Heydər Əliyev açıq fəaliyyət göstərən şəxsiyyət idi. 1994-cü ilin oktyabr, 1995-ci ilin mart dövlət çevrilişinə cəhdlər vaxtı Heydər Əliyev ilk növbədə xalqa müraciət etdi, bəla, xəyanət haqqında xalqa açıq, dolğun məlumat verdi, ən ağır məqamda da Bakını, ona inanan xalqını tərk etmədi. Onun səmimiyyəti, cəsarəti, obyektivliyi gecənin yarısı olmasına baxmayaraq, bütün xalqı ayağa qaldırdı. Xalq, o cümlədən ordu yalnız qanuni Prezidentinin səsinə səs verməklə kifayətlənmədi, eyni zamanda, tarixində ilk dəfə tapdığı xilaskarının - liderinin müdafiəsinə qalxdı. Heydər Əliyev Ümummilli Lider olduğunu əməli işlə təsdiq edir. O bu fəxri və şərəfli ada Prezident olandan sonra yox, əksinə Prezident olmamışdan əvvəl layiq görülmüşdü. SSRİ dövründə respublikanın rəhbəri işləyib, amma milli maraqları dövlət maraqlarından üstün tutub; zahirən kommunist ideologiyasının təbliğatçısı olub, amma əslində milli təhlükəsizliyin tərkib hissəsi olan milli ideologiyanın formalaşaraq təsiredici gücünün qorunub saxlanmasına çalışıbdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində işləyərkən Azərbaycan rəhbərliyinin görməli olduğu, amma görmədiyi işləri həyata keçirib. Bütün dövrlərdə Heydər Əliyev sadəcə olaraq vəzifə borcunu yerinə yetirməyib, tarixi xilaskarlıq missiyası kimi ona etibar olunmuş ümummilli liderliyini şərəflə doğruldubdur.

Heydər Əliyev diplomat, siyasi xadim, iqtisadçı, elm-sənət himayədarı, sıravi vətəndaş kimi də nümunəvi təcrübə məktəbi yaradıbdır. BMT-nin mənzil-qərargahının qarşısından Azərbaycan bayrağının dalğalanması hələ respublikamızın dünyada tanınması demək deyildi. Dünya diplomatiyası tarixində Heydər Əliyev bəlkə də yeganə ölkə başçısıdır ki, əlində xəritə ölkənin coğrafiyasını əyani nümayiş etdirməklə informasiya blokadasını dağıtmağı, düşmən tərəfin saxtakarlığını üzə çıxarmağı özünə rəva bilibdir. Bu qeyri-adi faktın özü də Heydər Əliyev məktəbinin əvəzsiz dərsidir. Ona görə ki, peşəkarlığı, istedadı vətənpərvərlik tamamlamalıdır.

1993-cü ilə qədər Azərbaycanda vahid xarici siyasət kursu yox idi. Xarici ölkələrlə əlaqələrdə emosiyalar, utopik nəzəri mülahizələr mühüm rol oynayırdı. Heydər Əliyev isə xarici siyasət konsepsiyasını beynəlxalq normalara əsasən qurdu, prioritet istiqamətləri müəyyənləşdirərkən yaxın və uzaq strateji hədəfləri, dövlət və milli maraqları əsas götürdü. Ulu Öndərin diplomatik əlaqələrdə iqtisadi amilə xüsusi diqqət yetirməsinin sayəsində respublikamıza investisiya qoyuluşu geniş vüsət aldı, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsində, daxildəki iqtisadi-sosial durumun stabilliyində marağı olan ölkələrin sayının artmasına nail oldu. Lissabon Sammitinin nəticəsi əslində Heydər Əliyev diplomatiyasının tarixi qələbəsidir. Mən əminəm ki, gələcəkdə dünya diplomatları və siyasətçiləri Lissabon Sammitini çıxılmaz vəziyyətdən maksimum fayda ilə çıxmağı bacaran dahi lider Heydər Əliyevin qələbəsi kimi ciddi şəkildə öyrənəcəklər. Heydər Əliyev təcrübəsi tükənməz həyat məktəbidir. Bu məktəbi öyrənərək başa vurmaq mümkün olmadığı üçün mən sonda bir məsələyə toxunmaq istəyirəm. Heydər Əliyev ata kimi də hər bir vətəndaşa örnəkdir. Uzun illər hakimiyyətin ən yüksək pilləsində dayanan külli ixtiyar sahibi kimi O, yeganə oğluna hər cür şərait və təminat yarada bilərdi. Heydər Əliyev oğlu cənab İlham Əliyevi gərgin mübarizələrlə dolu siyasət meydanına tək buraxdı və ən ağır sınaqdan çıxmağı - özünütəsdiqə özünün nail olmasını ona ömür yolu olaraq müəyyənləşdirdi. Hazırda Azərbaycan Prezidenti cənab İlham Əliyev siyasi arenada, beynəlxalq aləmdə qəti addımlarını atır, artıq özünü peşəkar və kamil siyasətçi, iqtisadçı, mahir diplomat kimi tanıdaraq hörmət qazana bilibdir. Cənab İlham Əliyevin uğurları isə yalnız ata Heydər Əliyevin deyil, eyni zamanda, ümummilli lider Heydər Əliyevin həyat təcrübəsinin və məktəbinin təsdiqidir. Biz belə bir milli sərvətimiz olduğu üçün xoşbəxtik. Biz bu sərvətin qədrini bilərək incəliyinə qədər öyrənib mənimsəsək daha böyük nailiyyətlər qazanarıq.

Cəlil Xəlilov,

Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik