12 iyul 2019 16:02
99

"Heydər Əliyev və Azərbaycan" - FOTO

İyulun 12-də Ucar rayonunun idarə, müəssisə və təşkilatlarında çalışan gənclər arasında ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlməsinin 50 illiyi münasibətilə "Heydər Əliyev və Azərbaycan" mövzusunda intellektual oyun keçirilib.

Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüblər. Ucardakı Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Dövlət himninin səsləndirilməsindən sonra Ümummilli Liderin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Yeni Azərbaycan Partiyası (YAP) Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva tədbiri açaraq Heydər Əliyevin Azərbaycanda 1969-cu ilin iyulun 14-də siyasi hakimiyyətə gəlişindən sonra ölkəmizin keçdiyi tarixi yol haqqında məlumat verərək qeyd edib ki, Azərbaycanın uğurlu inkişafının təməlində Heydər Əliyev siyasəti dayanır: “Nə qədər Azərbaycan xalqı var, Ulu Öndərin parlaq ideyaları Azərbaycanımıza uğurlar qazandıracaq.”

Mərasimdə, həmçinin YAP sıralarına yeni qəbul olunanlara partiyanın üzvlərə üzvlük vəsiqələri təqdim olunub.

Oyunun əsasnaməsi iştirakçılara izah olunduqdan sonra yarışlara start verilib. Yarışda 8 komanda iştirak edib. Rayon Təhsil Şöbəsinin "Təhsil" komandası 1-ci, "Yeni Abituriyent Kursu"nun komandası 2-ci, rayon Gənclər və idman idarəsinin "Olimpiya" komandası 3-cü yerlərə sahibləniblər. Yarış iştirakçılarına diplom və hədiyyələr təqdim olunub.

Sonda yarış iştirakçıları ilə xatirə şəkli çəkiliblər.

Orxan Vahidoğlu, “İki sahil”