12 dekabr 2019 12:05
1100

Heydər Əliyevin ideyaları və əməlləri daim yaşayacaq

Azərbaycan xalqının ümummilli lideri, dünya şöhrətli siyasətçi Heydər Əliyevin əbədiyyətə qovuşmasından 16 il keçsə də, onun ideyaları, əməlləri daim yaşayır və yaşayacaq. Heydər Əliyev həyatını doğma xalqının azadlığına, müstəqilliyinə və milli tərəqqisinə həsr etməklə hər bir azərbaycanlının qəlbində özünə möhtəşəm abidə ucaldıb, xalqın Ümummilli Liderinə çevrilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar Astara rayonunun bütün yaşayış məntəqələrində, ərazi icra nümayəndəliklərində, bələdiyyələrdə, təhsil, səhiyyə və mədəniyyət müəssisələrində, idarə, müəssisə və təşkilatlarda tədbirlər, mərasimlər keçirilib.

Astara Pedaqoji Kollecində və rayonun bütün ümumtəhsil məktəblərində dərs məşğələlərinin ilk saatları Ulu Öndərin anım gününə həsr edilib.

Ümummilli lider Heydər Əliyev dəfələrlə Astaraya səfər edib, ölkəmizin bu dilbər guşəsi, onun zəhmətsevər insanları haqqında gözəl, səmimi və xoş sözlər söyləyib. Onun söylədiyi “Astara Azərbaycanın cənubunda dövlətçiliyin sütunlarından biridir, astaralılar bu sütunun etibarlı keşikçiləridir, dövlətçiliyə sədaqətlidirlər” sözləri hər bir astaralının qəlbində sonsuz qürur və fərəh hisləri yaradıb.

Dekabrın 12-də rayonun minlərlə sakini şəhərin mərkəzi meydanına - Heydər Əliyev Parkına gələrək Ulu Öndərin abidəsini ziyarət ediblər.

Ucu-bucağı görünməyən insan axını ömrünü xalqının xoşbəxtliyinə həsr etmiş dahi şəxsiyyətə göstərilən hədsiz məhəbbətin sübutu idi.

Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev, Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının idarə heyətinin üzvləri, ağsaqqallar, gənclər, tələbələr, məktəblilər, idarə, müəssisə və təşkilatların, ictimaiyyətin nümayəndələri Ulu Öndərin abidəsi önünə əklil və gül dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər.

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Astara rayon təşkilatının sədri Rafiq Əliyev xalqımızın Ümummilli Lideri ilə bağlı xoş xatirələri yada salaraq deyib: “Artıq 16-cı ildir ki, Heydər Əliyevin anım gününü dərin kədər və hüznlə qeyd edirik. Ulu Öndərin Astaraya hər səfəri yaddaşımda əbədi izlər qoyub. Böyük rəhbərimiz Astaraya gələndə təsərrüfatlara baş çəkər, qayğılarımızla maraqlanar, tövsiyə və tapşırıqlarını verərdi. Biz bu tövsiyə və tapşırıqları canla-başla yerinə yetirərdik. Bu gün Ümummilli Liderimiz cismən aramızda olmasa da, O, hər bir azərbaycanlının qəlbində yaşayır. Heydər Əliyevin ideyaları yaşayır və qalib gəlir”.

Mərasim iştirakçıları Heydər Əliyev Mərkəzinə gələrək, böyük rəhbərin büstünün önünə gül dəstələri düzüb, burada nümayiş etdirilən tarixi sənədlər və arxiv materiallarına, Ulu Öndərin ömür yolundan bəhs edən fotolara və videoyazılara baxıb, rəy kitabına ürək sözlərini yazıblar.