14 may 2019 11:57
69

Heyvandarlıq təsərrüfatlarında alternativ yem bazası yaradılacaq

Elmi axtarışlarının 89-cu ilini arxada qoymuş Göygöl rayonunda yerləşən Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu hazırkı fəaliyyətini müasir dövrün çağırışları fonunda quraraq ölkəmizin qida təhlükəsizliyi prioritetlərinin reallaşdırılması istiqamətində işlər aparır. Bu gün institut əməkdaşlarının əsas tədqiqatları heyvandarlıqdakı cins tərkibinin dəyişdirilməsi sahəsində tədbirlərin müəyyən olunması, iri və xırdabuynuzlu heyvandarlıqda, quşçuluqda cins göstəricilərinin yüksəldilməsi, yeni cinslərin rayonlaşdırmaya qəbulu, seçimi, zoobaytar-zootexniki tələblərin elmi baxımdan əsaslandırılmasına yönəlib. Müəssisənin 2016-2020-ci illər üçün nəzərdə tutulmuş tədbirlər planına əsasən institutun əməkdaşları tərəfindən respublikamızın müxtəlif bölgələrində - Gəncə-Qazax, Şəki-Zaqatala, Mərkəzi Aran və Abşeronda müxtəlif mövzuda elmi-tədqiqat işləri həyata keçirilir.

Bu elmi istiqamətlərdən biri də heyvandarlıqda qapalı rejimdə intensivliyin təmin olunması üçün alternativ yem bazasının tapılması və  elmi əsaslandırmasını hazırlamaqdır. Yaxın günlərdə institut dünya təcrübəsində geniş yayılmış yaşıl yem texnologiyasının laboratoriya şəraitində tətbiqinə başlayıb. “Yemləmə, yem istehsalı və məhsulların emalı texnologiyası” laboratoriyasında lazımi avadanlıqlar qurularaq arpa, buğda, qarşıdalı, tritikale və digər dənli bitkilərdən yem məqsədi ilə yaşıl kütlə əldə olunur.

Qeyd edək ki, dən əvvəlcə xüsusi qablarda yuyulur, bununla toxumlar göbələk sporlarından, toz-zibildən təmizlənir, sonra hər qabda 1-1,2 kq hesabı ilə sərilir. İkinci gündən etibarən cücərti alınır. Üçüncü gün dənin kök sistemi şaxələnərək vegetativ inkişaf başlayır, dördüncü gün həm köklər, həm də yaşıl kütlə sürətlə inkişaf edir. Beşinci gün boy inkişafı daha da sürətlənir, altıncı və yeddinci gündə isə kök qalınlığı ilə birgə bitkinin hündürlüyü 20 sm-ə çatır. Cəmi yeddi günə heyvanlar üçün ekoloji baxımdan təmiz, qidalı bir yem vahidi hazırdır. Mütəxəssislər deyir ki, açıq hava şəraitində bu inkişafı yalnız dörd aya əldə etmək mümkündür. Heyvan yemi toxumları ilə birgə yeyir, əsas qidalılıq onun kök sistemindədir. Davamlı yaşıl yemin verilməsi heyvanlarda sağlamlığı, süd məhsuldarlığını, döl, bala çəkisi, südün yağlılığını artırır. Bu yemi bütün növ ev heyvanlarına verirlər.

Qeyd edək ki, Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu artıq bu müsbət təcrübənin fermer təsərrüfatlarında yayılması ilə bağlı maarifçilik işlərinə başlayıb. Yaxın günlərdə iri və xırda təsərrüfatlarda texnologiyanın tətbiqi ilə bağlı təlimlər keçiriləcək.