02 iyun 2020 13:42
1173

Hicran Hüseynova Sumqayıtın ekoloji probleminin həlli ilə bağlı təklif edib

“Dünyada olan panik və böhran hallara baxmayaraq Azərbaycan dövləti gələcəyə əmin addımlarla irəliləyir. Elə dünən, iyunun 1-də Asiya İnkişaf Bankının təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə bankın rəhbərliyi arasında keçirilən videokonfransda qarşı tərəfin də qeyd etdiyi kimi ölkəmizdə  bütün   iri   miqyaslı   layihələr   uğurla   həyata keçirilir, sosial - iqtisadi rifah ardıcıl olaraq yüksələn xətt üzrə inkişaf edir. Pandemiyanın mənfi təsirlərinə baxmayaraq, həyata keçirilən qabaqlayıcı tədbirlər və düşünülmüş siyasət nəticəsində vəziyyətin nəzarət altında saxlandığına diqqət çəkən cənab Prezident videogörüşdə bildirdi ki, pandemiya uğurlu inkişaf üçün iqtisadiyyatın dayanıqlı  olduğunu göstərdi. Əhalinin rifahını   yüksəltmək,  sosial müdafiəsini gücləndirmək,   layiqli həyat səviyyəsini təmin etmək bu günümüzə və  gələcəyimizə   hesablanmış   sosial-iqtisadi   inkişaf konsepsiyasının   müsbət  nəticələrini   biz   bu   gün   ağır və çətin bir dönəmdən keçdiyimiz bir vaxtda daha aydın gördük.”

“İki sahil” xəbər verir ki, bu fikirləri Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova iyunun 2-də parlamentdə çıxışı zamanı  bildirib.

H.Hüseynova diqqətə çatdırıb ki, inkişaf etmiş ölkələrdə, o cümlədən Azərbaycanda məişət tullantılarının emalı, ətraf mühitə təsirinin öyrənilməsi və optimallaşdırılması, poliqon texnologiyasının tətbiqi, tullantıların texnoloji və ekoloji qiymətləndirilməsi, təkrar emalı, xammal kimi istifadə olunma potensialı olduqca aktual məsələdir: “Məlumdur ki, məişət tullantıları ictimai fəaliyyətdə əmələ gələn, iqtisadi dəyəri yüksək olan, lakin ətraf mühitdə yığılarsa ciddi təhlükələr doğuran, məişətdə yararsız hesab edilən artıq maddələrdir. Məişət tullantıları bir tərəfdən insan sağlamlığına zərəri olmaqla yanaşı təbii mühiti çirkləndirir, amma sənaye üçün də güclü xammal resursudur. Məişət tullantıları düzgün emal olunmazsa, düzgün poliqon texnologiyası tətbiq edilməzsə çürümə prosesi getdiyi zaman əmələ gələn infeksiyalar canlı orqanizmləri də məhv edər. Sovet İttifaqı dağılan və ölkə müstəqillik qazanan zaman "gənclər şəhəri" adlandırılan Sumqayıtda 180-200 min əhali yaşayırdı. Hazırda isə urbanizasiya, qaçqın və məcburi köçkünlərin şəhərə yerləşməsi nəticəsində əhali 500 min nəfərdən də artıqdır. Sumqayıtda zibillərin utilizasiyası zavodunun tikilməsinə son dərəcə ehtiyac var. Əgər bizdə elə zavod olsa, adamlar zibili çeşidlərə ayırmağı öyrənər. Qeyd edim ki, 2007-ci ildə Sumqayıta alman mütəxəssislər gəliblər və şəhər sakinlərinə məişət tullantılarını çeşidləməyi öyrətməyə cəhd ediblər. Bunun üçün xüsusi layihə həyata keçirilib. Şəhərin küçələrinə müxtəlif növ tullantıları ayırmaq üçün bölmələri olan zibil qabları qoyublar. Amma niyyət baş tutmayıb. Şəhər sakinləri hələ də zibillərin hamısını eyni yerə atmağa davam edirlər. Səbəb isə odur ki, şəhərdə zibil emalı zavodu mövcud deyil və belədə zibilləri ayrı yığmağın da mənası yoxdur. O cümlədən, Sumqayıtda poliqonun dolub-daşmasının bir səbəbi də bura tullantıların təkcə Sumqayıtdan gətirilməməsidir. Bura, həmçinin Abşeronun və Qaradağın yaxınlıqdakı yaşayış məntəqələrindən də zibil daşınır. Sumqayıt ətrafındakı yaşayış məntəqələrinin də zibili bura gətirilir. Ona görə də bu şəhərə mütləq zibilin təkrar emalı zavodu lazımdır. Məlumdur ki, məişət tullantılarının toplanması, emalı və utilləşdirilməsi üzrə müasir standartlara uyğun vahid sistemin yaradılması məqsədi ilə cənab prezident İlham Əliyevin 6 avqust 2008-ci il tarixli sərəncamı ilə “Təmiz şəhər” ASC yaradılıb. Və böyük işlər görülür, layilər həyata keçirilir. Belə ki, Bakı şəhərinin ekoloji problemlərinin həlli istiqamətində son illər həyata keçirilən ən böyük layihələrdən biri də şübhəsiz ki, Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunun tikintisidir. Zavodun fəaliyyətə başlaması ilə bir vaxtlar Abşeron yarımadası üçün fəlakət mənbəyinə çevrilən paytaxtın ən böyük zibilliyi – “Balaxanı zibilliyi” tarixə çevrilib. Artıq neçə ildir ki, paytaxtdan toplanan zibillər Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi zavodunda çeşidlənir, təkrar emal edilir.”

Komitə sədri çıxışında vurğulayıb ki, cənab Prezidentin iştirakı ilə Sumqayıtda bir çox iri layihələr, sənaye parkları açılıb: “Ancaq yaxşı olardı ki, pandemiya dövründə epidemioloji problemlərin ortaya çıxdığı, insanların sağlamlığının ən vacib olduğu bir dönəmdə  hökümətdən və aidiyyəti orqanlardan xahiş edirəm ki, Sumqayıtda da Məişət Tullantıları Zavodun tikilməsi işini layihələndirsinlər. Yaxşı olardı ki, bu məsələ dövlət büdcəsi ilə bağlı müvafiq iclaslarda da müzakirə olunsun. Onu da qeyd etməliyəm ki, cənab Prezident elə Balaxanı Məişət Tullantıları Zavodunun açılışında İqtisadiyyat Nazirliyinə və digər aidiyyəti qurumlara tapşırmışdır ki, Sumqayıtda və digər yerlərdə bir neçə belə sənaye kompleksləri yaradılsın. Ona görə bir daha xahiş edirəm ki, ölkəmizin böyük şəhərlərindən biri olan Sumqayıtın ən böyük ekoloji probleminin və onun sakinlərinin sağlamlıqla bağlı təhlükəsizlik təminatını həll etmək üçün şəhərdə Məişət Tullantıları Zavodunun tikintisi xərcləri büdcə layihəsinə yaxud investitisiya proqramlarına salınsın.”

Orxan Vahidoğlu, “İki sahil”