13 may 2019 14:58
67

Hikmət Babaoğlu: Azərbaycanın çox yaxşı beynəlxalq tədbirlər keçirmək təcrübəsi var

“Böyük Britaniya Xarici İşlər Nazirliyi  də daxil olmaqla bir sıra instansiyalar idmana heç bir aidiyyəti olmayan, qərəzli və reallıqdan uzaq subyektiv mülahizələr irəli sürür və beynəlxalq ictimaiyyətdə bu mühüm idman tədbirinin Azərbaycanda keçirilməsinin məqsədəuyğun olmadığı barədə rəy formalaşdırmağa çalışırlar”. Bu fikirləri “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

H.Babaoğlu bildirib ki, ilk növbədə bu cür bəyanat Böyük Britaniya-Azərbaycan münasibətlərinin ruhuna yaraşmır: “İkincisi, obyektiv deyil. Ümumiyyətlə rəsmi bir orqan hansısa bir məlumat yayırsa, mütləq bunun əsasları olmalıdır. Bu gün Azərbaycan kriminogen duruma görə ən sabit ölkələrdən biridir. Bəyanatda adı çəkilən oğurluq halları Azərbaycanda yoxdur və yaxud çox azdır. Dələduzluq çox azdır, etik davranışla bağlı ölkəmizdə problemlər yoxdur və s. Ona görə də düşünürəm ki, burada başqa məsələni axtarmaq lazımdır. Hesab edirəm ki, bu bəyanatın siyasi köklərinə enmək lazımdır. Burada antiazərbaycançı mərkəzlərin dəsti-xətti aydın görünür. Ümumiyyətlə, həmişə bu kimi beynəlxalq tədbirlər həyata keçirləndə biz bu və ya digər mərkəzlərin  şahidi oluruq ki, bu Azərbaycana qarşı əslində bir qarayaxma kampaniyasıdır. Məsələnin mahiyyəti bundan ibarətdir. Düşünürəm ki, bu doğru deyil. Məsələn, Londonda 2017-ci ildə 225 247 oğurluq halı qeydə alınıb, Azərbaycanda isə bu rəqəm 7 898-dir. Azərbaycanda 3 856 dələduzluq halı qeydə alınıb, halbuki bu rəqəm Londonda 175 348-dir. Yol hərəkəti ilə bağlı cinayətə gəldikdə isə bu rəqəm bizdə 1 753, onlarda isə 103 918-dir. Belə olan halda Böyük Britaniyanın XİN hansı mənəvi haqla, əsasla Bakını ittiham edə bilər? Bu doğru yanaşma deyil. Bütün hallarda bu qeyri-obyektivdir. Hesab edirəm ki, bu informasiyaları əhaliyə çatdırmaq lazımdır”.

Millət vəkili qeyd edib ki, Azərbaycanın çox yaxşı beynəlxalq tədbirlər keçirmək təcrübəsi var. Onun sözlərinə görə, 2008-ci ildən “Bakı Prosesi” başlayıb və bu Proses çərçivəsində biz bu yaxınlarda V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunu keçirdik: “Eləcə də, buna misal olaraq Birinci Avropa Oyunlarını, İslam Həmrəyliyi Oyunlarını, Formula-1 yarışlarını keçirmişik. Bu cür tədbirlərin heç birində hansısa kriminal hadisə baş verməyib, bütün tədbirlər yüksək təhlükəsizlik şəraitində baş tutub. Əminik ki, futbol üzrə Avropa Liqasının final oyunu da Bakıda ən yüksək səviyyədə baş tutacaq və bu da antiazərbaycançı mərkəzlərə ən yaxşı cavab olacaq”.