08 aprel 2020 21:55
1358

Hikmət Hacıyev: Ölkəmizin ərzaq təminatı üçün bütün kompleks tədbirlər görülür

Azərbaycan tərəfindən görülən tədbirlər kompleks və qabaqlayıcı xarakter daşıyır. Hətta yanvar ayının erkən dövrlərində şəxsən dövlət başçımızın rəhbərliyi və tapşırığı altında bütün sahələrdə olduğu kimi, ölkəmizin ərzaq tədarükünün davamlı şəkildə təchiz edilməsi ilə əlaqədar tədbirlər görülüb və zəruri ehtiyatlar təmin olunub.

Trend-in məlumatına görə, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə deyib.

H.Hacıyev vurğulayıb ki, digər ölkələrdə müəyyən panik əhval-ruhiyyənin yaşanması, həmçinin supermarketlərdə boşluqların olması kimi hallar gördük:

“Ancaq Azərbaycanda bu kimi halların heç biri baş vermədi. Bu da zəruri tədarüklərin görülməsinin nəticəsi idi. Həmçinin idxal-ixrac əməliyyatlarının davamlılığını təmin etmək üçün aidiyyəti tərəfdaşlarımızla əməkdaşlığımız davam edir. Azərbaycan ərazisindən tranzit olmaqla, həmçinin Azərbaycan idxal məntəqəsi olmaqla bütün beynəlxalq tərəfdaşlarımızla daşımalar həyata keçirilir.

Hətta son 2-3 ayın statistikasına baxsaq, burada əsaslı artım görə bilərik. Məsələn, son 2-3 ay ərzində ölkəmizin ərazisindən 5 mindən artıq yük maşını keçib. Ölkəmizdə ərzaq təchizatı ilə əlaqədar bütün kompleks tədbirlər görülür və qarşıdan gələn dövrlər ərzində də uzunmüddətli əsasda müvafiq müqavilələr bağlanılır”.