20 may 2019 13:51
592

Hikmət Şikarov: Bu gün Azərbaycan dünyada söz sahibi olan dövlətdir

“Bu gün Azərbaycan tam müstəqil siyasət yürüdən ölkədir. Müstəqil Azərbaycan dövlətinin öz siyasi dəst-xətti, dövlətçilik siması, in­ki­şaf yolu vardır. Ötən illərdə uğurla gerçəkləşdirilən sosial-iqtisadi islahatların nəticəsi olaraq respub­li­ka­mız qlobal maliyyə-iqtisadi böhrandan uğurla çıxan, özünəməxsus milli inkişaf modelini yaradan dövlətlərdən biri kimi tanınır. Həm ölkə daxilində gedən proseslər, həm də Azərbaycanın dünya ölkələri ilə ikitərəfli və çox­formatlı əlaqələrinin daim genişlənməsi onu demə­yə əsas verir ki, indiyədək aparılmış və bu gün də davam etdirilən siyasi kurs düzgün istiqa­mət­dədir. Son on altı ildə görülən işlərin miq­yası, Azərbaycanın dinamik və hərtərəfli tərəq­qisi naminə qəbul edilən və uğurla həyata keçi­ri­lən qlobal Dövlət proqramları, onların real nəticələri, ölkəmizin dünya birliyində öz möv­qelərini daha da möhkəmləndirməsi bu həqiqəti bir daha təsdiqləyir.” Bu fikirləri “İki sahil” qəzetinə açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov bildirib.

H.Şikarov vurğulayıb ki, Azərbaycan dünyanın lider ölkələri ilə rəqabət aparmaq, qlobal iqtisadiyyata inteqrasiyanı daha da sürətləndirmək və yeni idarəçilik texnologiyalarına əsaslanan iqtisadi islahatları həyata keçirmək istiqamətində uğurla irəliləyir: "Əminliklə demək olar ki, bu gün ölkəmiz dünya birliyinin tam bərabərhüquqlu üzvüdür, söz sahibi olan dövlətdir. Azərbaycanın dinamik inkişafı onu siyasi, iqtisadi və mədəni cəhətdən nəinki regional, hətta qlobal mərkəzə çevirməkdədir. İlk növbədə siyasi sahədə qazanılan nailiyyətlər Azərbaycanı beynəlxalq ictimaiyyətə daha yaxşı tanıtdırmaqla bərabər, dünyanın diqqətini respublikamıza yönəldə bilib. Azərbaycanda olan sabitlik və inkişaf isə bütövlükdə regiona müsbət təsir edir. Regionda mühüm enerji layihələri, nəqliyyat layihələri həyata keçirilir ki, bütövlükdə bölgənin inkişafını şərtləndirir. Azərbaycanın təşəbbüskarı və müəllifi olduğu  bu layihələr təkcə ölkəmizə deyil, region və Avropa xalqlarına da xidmət edir.”

Ölkəmizin regionda əsas enerji resurslarına malik olduğunu qeyd edən YAP Pirallahı rayon təşkilatının sədri vurğulayıb ki, Azərbaycanın Avropanın enerji təhlükəsizliyini təmin olunmasındakı rolundan tutmuş, digər bir sıra beynəlxalq məsələlərin həllinə qədər əhəmiyyətinin artması, bütövlükdə, beynəlxalq müstəvidə respublikamızın yerini və rolunu möhkəmləndirir. Buna görə də Azərbaycanın regionun lider dövlətinə çevrilməsi təbiidir: “Artıq məlumdur ki, bu gün regionda Azərbaycanın iştirakı olmadan heç bir layihə uğur qazana bilməz.  Azərbaycanın müstəqil xarici siyasət kursu qonşu və digər dövlətlərlə xoş, qarşılıqlı maraqlara söykənən münasibətlər qurmağa şərait yaradıb. Son illər həyata keçirilən islahatların məntiqi nəticəsi olaraq Azərbaycan iqtisadi sahədə keçid dövrünü uğurla başa vuraraq iqtisadi və sosial-mədəni modernləşmənin keyfiyyətcə yeni mərhələsinə qədəm qoyub. Beynəlxalq təşkilatlar tərəfindən də ciddi maraqla qarşılanan Azərbaycanın inkişaf  modeli əlverişli coğrafi və geosiyasi məkanda yerləşən respublikamızın nüfuzunu daha da gücləndirib. Bu amilin nəticəsidir ki, Azərbaycanla əməkdaşlıq etmək istəyində olan dövlətlərin və təşkilatların sayı durmadan artır.”

H.Şikarov bildirib ki, Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində Azərbaycanın dünyada rolu gün keçdikcə artır: “Bu gün Azərbaycanın necə sürətli inkişaf etdiyi dünyaya məlumdur. Bu inkişaf cənab İlham Əliyevin rəhbərliyi ilə davam edir. Müxtəlif maraqların toqquşduğu Cənubi Qafqaz regionunda balanslaşdırılmış xarici siyasət xətti yürüdən Azərbaycan bütün beynəlxalq və regional məsələlərə münasibətdə beynəlxalq norma və prinsiplərə əsaslanaraq ayrı-ayrı dövlətlər və təşkilatlarla bərabərhüquqlu və qarşılıqlı hörmətə əsaslanan əlaqələrə üstünlük verir. Bu gün Azərbaycan ictimai-siyasi sabitliyin yüksək səviyyədə təmin edildiyi ölkələr sırasındadır. Ölkəmizdə bütün sahələrin inkişafına təkan verən mühüm amillərdən biri olmaq etibarilə ictimai-siyasi sabitlik həm də milli təhlükəsizliyimizin qarantı qismində çıxış edir. Birmənalı şəkildə qeyd etmək olar ki, Azərbaycanda hökm sürən ictimai-siyasi sabitliyin əsaslarını dövlət tərəfindən həyata keçirilən uğurlu islahatlar və tətbiq edilən yeniliklər, inkişaf modelləri təşkil edir.”

Orxan Vahidoğlu, “İki sahil”