13 may 2019 10:51
262

Hikmət Şikarov: İddiaların heç bir əsası yoxdur

“Son 16 il ərzində böyük inkişaf yolu keçən Azərbaycan bir çox sahələrdə mühüm uğurlara imza atıb. Bu fakt da, təbii ki, dünya ictimaiyyətinin diqqətindən kənarda qalmayıb. Bunun nəticəsidir ki, ölkəmiz olduqca böyük, beynəlxalq miqyaslı yarışlara, festivallara, qlobal forumlara, konfranslara - bir sözlə, nüfuzlu tədbirlərə ev sahibliyi edir. Bu tədbirlərin  Azərbaycanda keçirilməsi bütün sahələrdə ölkəmizə böyük nüfuz qazandırır. Azərbaycan tolerant ölkədir və dünyada əhəmiyyətli rola malikdir. Ölkəmiz indiyədək bir çox mötəbər beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi edib və bundan sonra da edəcək. Bu, Azərbaycanın dünya birliyinə verdiyi önəmin bir nümunəsidir. Azərbaycan dünya, beynəlxalq aləm üçün nə qədər əhəmiyyət kəsb etdiyini bu tədbirlərlə, apardığı siyasətlə təsdiq edib.”

Bu fikirləri “İki sahil” qəzetinə açıqlamasında Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov bildirib.

H.Şikarov vurğulayıb ki, artıq Azərbaycanda keçirilən Avropa, Dünya çempionatları silsilə xarakteri daşıyır: “2010-cu ildən bu yana müxtəlif  beynəlxalq turnirlərin - bədii gimnastika, qılıncoynatma, taekvondo, güləş, boks, karate, avarçəkmə, FİFA U-17 qadınlararası dünya çempionatı,  “Baku World Challenge” avtomobil yarışı və Olimpiya növlərinə daxil olan digər beynəlxalq idman tədbirləri, o cümlədən dünya və Avropa çempionatlarının təşkili, 2015-ci ildə I Avropa Oyunları, 2017 - ci ildə İslam Həmrəylik Oyunları, artıq 4 dəfə keçirilmiş Formula-1 yarışları ölkəmizə böyük imic qazandırıb. Belə olan təqdirdə ölkəmizin dinamik inkişafını, müstəqil və prinsipial siyasət həyata keçirməsini, milli maraqlarını qorumasını həzm edə bilməyən müəyyən qərəzli mərkəzlər də ortaya çıxır. Bunlar isə ölkəmizə qarşı hələ də ikili standartlardan çıxış edən dairələrdir. Azərbaycanın bugünkü inkişafından narahat olan qüvvələr hər dəfə ölkəmizdə keçirilən beynəlxalq tədbirlərdən bir fürsət kimi istifadə edərək öz məkrli planlarını həyata keçirməyə çalışırlar. Ölkə Prezidenti İlham Əliyevin sözləri ilə desək, bu gün Azərbaycan dünya miqyasında elə də böyük dövlət deyil, lakin sözümüzün çəkisi böyükdür, ölkəmizə  qarşı aparılan qarayaxma kampaniyasının da başlıca səbəbi odur ki, biz müstəqil siyasət yürüdürük. Sözün həqiqi mənasında ölkəmizin çəkisini, rolunu dünya siyasətində hər bir dövlət görür, qiymətləndirir, ölkəmizi dünya siyasətində etibarlı tərəfdaş kimi dəyərləndirir.”

H.Şikarov qeyd edib ki, mayın 29-da Bakıda UEFA Avropa çempionatının finalının keçirilməsini gözü götürməyənlər Azərbaycan əleyhinə çirkin təbliğat, yəni qarayaxma kampaniyası apararaq beynəlxalq ictimaiyyətdə bu mühüm idman tədbirinin Azərbaycanda keçirilməsinin məqsədəuyğun olmadığı barədə yanlış ictimai rəy formalaşdırmağa çalışırlar: “Lakin anlamırlar ki, bu cür şər və böhtan kampaniyası Azərbaycanda keçiriləcək beynəlxalq idman yarışına təsir göstərmək gücündə deyil. Çünki antiazərbaycan dairələrinin irəli sürdüyü iddialar tamamilə əsassızdır, Azərbaycan insan hüquqlarını ən yüksək səviyyədə təmin edən ölkədir və  milliyətindən, dinindən və dilindən asılı olmuyaraq indiyə kimi ölkəmizdə keçirilən yarışlarda iştirak edən hansısa bir idmançı ilə bağlı problem yaşanmayıb. Buna görə də növbəti dəfə belə bir əsassız fikirlərin səsləndirilməsinin heç bir əhəmiyyəti yoxdur.”

Orxan Vahidoğlu, “İki sahil”