03 dekabr 2019 13:48
106

Hindistanın kosmik aparatının qalıqları aşkar edilib

ABŞ-ın Aeronavtika və Kosmik Tədqiqatlar Milli Agentliyinin (NASA) “Lunar Reconnaissance Orbiter” (LRO) orbital stansiyası sentyabrda Yerin təbii peykinə endiyi zaman qəzaya uğrayan Hindistanın “Vikram” kosmik aparatının qalıqlarını Ayın səthində aşkar edib.

AZƏRTAC NASA-nın saytına istinadla xəbər verir ki, agentlik Hindistan kosmik aparatının Ayın səthinə çırpıldığı yerin fotoşəkilini yayıb.

Xatırladaq ki, sentyabrın 7-də Hindistan Ay missiyasını yerinə yetirən özünün “Chandrayaan-2” pilotsuz kosmik gəmisi və “Vikram” aparatı ilə əlaqəni Yerin təbii peykinin səthindən 2 kilometr hündürlükdə itirib. Hindistanın Kosmik Tədqiqatlar Təşkilatı (ISRO) hər ötən saat kosmik aparatın batareyasının tükəndiyini, bir neçə gündən sonra modulun işləməsi üçün heç bir gücünün qalmayacağını bildirmişdi. İndi məlum olub ki, kosmik aparat Ayın səthinə çırpılaraq parçalanıb. O, Yerin təbii peykinə “Praqyan” lunoxodunu çatdırmalı idi. “Chandrayaan-2” pilotsuz kosmik gəmisi isə bu gün də orbitdə fəaliyyətini davam etdirir.