24 oktyabr 2020 13:15
1095

Hüseyn Cavidin anadan olmasının 138-ci ildönümü qeyd edilib

Muxtar respublikada Hüseyn Cavid irsinin yaşadılması, öyrənilməsi və təbliğ olunması xüsusi diqqətdə saxlanılır.

"İki sahil" AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Hüseyn Cavidin Naxçıvan şəhərindəki ev-muzeyi və xatirə kompleksində ədibin anadan olmasının 138-ci ildönümü münasibətilə keçirilən tədbirdə ətraflı danışılıb.

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova milli poeziyamızda fəlsəfi lirikanın təkrarsız nümunələrini yaratmış görkəmli söz ustadının həmişəyaşar yaradıcılığından bəhs edib, Hüseyn Cavid şəxsiyyətinə və irsinə göstərilən dövlət qayğısından söhbət açıb.

Böyük Cavidin, onun yaradıcılığının xalqımıza qaytarılmasında və təbliğində ümummilli lider Heydər Əliyevin rolundan söhbət açan nazir qeyd edib ki, ulu öndər Heydər Əliyevin böyük səyləri və cəsarəti sayəsində şairin cənazəsi 1982-ci ildə Azərbaycana gətirilərək doğulduğu Naxçıvan torpağında dəfn olunub. Dahi rəhbərin şəxsi təşəbbüsü və himayəsi ilə ədibin məzarı üzərində 1996-cı ildə məqbərə ucaldılıb.

Bildirilib ki, Prezident İlham Əliyevin ədibin 125 və 130 illik yubileyləri haqqında sərəncamları Cavid şəxsiyyətinə ehtiramın ifadəsidir.

Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2007-ci il 15 may tarixli Sərəncamı ilə təsdiq olunmuş “Hüseyn Cavidin 125 illiyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planı”na əsasən hər il oktyabrın 24-ü Naxçıvan Muxtar Respublikasında “Hüseyn Cavid Poeziya Günü” kimi qeyd edilir.

“Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin ədibin yubileyləri ilə bağlı imzaladığı sərəncamlar və təsdiq etdiyi Tədbirlər Planına əsasən qədim diyarımızda da böyük sənətkarın yubiley tədbirləri yüksək səviyyədə təşkil olunub, elmi konfrans və simpoziumlar keçirilib, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Hüseyn Cavidin “Şeyx Sənan” və “İblis” əsərləri tamaşaya hazırlanıb”, – deyən nazir qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə təsdiq olunmuş “Oxunması zəruri olan kitabların Siyahısı”na görkəmli şairin “Azər” poemasının daxil edilməsi isə ədibin zəngin irsinin gənc nəslə çatdırılması sahəsində atılan mühüm addım kimi dəyərləndirilir. Ötən il Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamına əsasən keçirilən dahi ədibin oğlu Ərtoğrol Cavidin 100 illik yubiley tədbirləri də Cavid irsinə göstərilən qayğının bariz nümunəsidir.

Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Asim Əliyev çıxış edərək dahi mütəfəkkirin keşməkeşli həyat yolundan və Azərbaycan ədəbiyyatına bəxş etdiyi bənzərsiz yaradıcılıq irsindən bəhs edib.

Sonda tədbir iştirakçıları Hüseyn Cavidin ev-muzeyinin ekspozisiyası ilə tanış olublar.