07 noyabr 2019 10:45
120

İcbari tibbi sığorta hamı üçün əlçatan olacaqmı?

Hazırda bir neçə rayonda pilot layihə kimi həyata keçirilən icbari tibbi sığortanın 2020-ci ildən etibarən bütün ölkə üzrə tətbiqinə başlanılacaq.

Qeyd edək ki, icbari tibbi sığorta dövlət sosial sığortasının tərkib hissəsi olmaqla, sığorta hadisəsi zamanı sığortaolunanlara icbari tibbi sığortanın maliyyə mənbələri hesabına və xidmətlər zərfi çərçivəsində sığortaolunanların tibbi yardım almasını təmin edir. Bu mənada xidmət zərfi çərçivəsində təminatı nəzərdə tutulmuş tibbi xidmətlərin göstərildiyi hər hansı hadisə və ya hal sığorta hadisəsi hesab edilir.

Xidmətlər zərfi  baza və əlavə hissələrdən ibarət olmaqla icbari tibbi sığortanın maliyyə mənbələri hesabına sığortaolunanlara müvafiq növdə, həcmdə və şərtlərlə göstərilən tibbi xidmətlərin toplusudur. Burada baza hissə sığortaolunanlara xidmətlər zərfinə uyğun olaraq göstərilən ilkin səhiyyə xidmətini, habelə təcili və təxirəsalınmaz tibbi yardım xidmətini, əlavə hissəsini isə  sığortaolunanlara xidmətlər zərfinə uyğun olaraq həkim müayinəsi, laborator-diaqnostik müayinələr, cərrahi əməliyyatlar, xəstənin ehtiyaclarına uyğun qulluq və s. tibbi xidmətləri əhatə edir.

Bunlardan baza hissədə nəzərdə tutulan xidmət üzrə ödəniş ölkə vətəndaşları, eyni zamanda, ölkədə daimi və müvəqqəti yaşayanlar, əcnəbi və vətəndaşlığı olmayan şəxslər üçün dövlət büdcəsindən ödəniləcək.  Əlavə hissədə olan xidmətlər isə icbari tibbi sığorta haqqı hesabına ödəniləcək. Bununla belə xidmətlər zərfində olmayan tibbi xidmətlərdən istifadə edən şəxs öz vəsaiti hesabına ödəniş etməli olacaq.

Sığorta haqqına gəlincə Milli Məclis və ölkə başçısı tərəfindən təyin olunan şəxslər, seçkili ödənişli vəzifədə işləyən şəxslər, habelə neft-qaz və dövlət sektorlarında çalışanlar aylıq məvaciblərinin 2 faizi məbləğində, işəgötürənlər isə hesablanmış əməyin ödənişi fondunun aylıq 2 faizi məbləğində icbari tibbi sığorta haqqı ödəyəcəklər.

Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, mülki-hüquqi xarakterli (xidməti) müqavilə ilə çalışan şəxslər və işsizlər isə illik 120 manat ödəməklə icbari tibbi sığortaya malik olacaqlar.

Yerdə qalan kateqoriyadan olan şəxslər-  18 yaşına qədər olan gənclər, 23 yaşınadək peşə təhsili, orta ixtisas təhsili və ya ali təhsil müəssisələrində əyani təhsil alan şəxslər, pensiyaçılar, sosial müavinət almaq hüququna malik olan şəxslər, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri, ərazi poliklinikalarında və qadın məsləhətxanalarında qeydiyyatdan keçmiş hamilə qadınlar, habelə doğuşdan sonrakı 42 gün müddətində qadınlar, qismən ödənişli sosial  məzuniyyətdə  olan qadınlar icbari tibbi sığorta haqqı ödəməyə cəlb edilməyəcəklər. 

İcbari tibbi sığorta olunanlara İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqaviləsi olan müəssisələrdə xidmət göstəriləcək. Lakin istənilən halda sığorta tibbi xidmətin bir hissəsini sığortaolunan ödəməli olacaq və bu azadolma adlanır.   

Ümumilikdə götürdükdə, icbari tibbi sığortanın əsas prinsiplərini əhalinin tibbi xidmət almaq hüququna, habelə tibbi xidmətlərin əlçatanlığına və keyfiyyətinin artırılmasına dövlət tərəfindən təminat verilməsi ilə bərabər, sığorta haqlarının sığorta ödənişlərinə mütənasibliyinin təmin edilməsi yolu ilə icbari tibbi sığortanın maliyyə sabitliyinin qorunması, sığorta haqlarının sığortalılar tərəfindən müntəzəm ödənilməsinin məcburiliyi, icbari tibbi sığortanın iştirakçılarının hüquqi bərabərliyi və digərləri də təşkil edir.

Bununla belə təəssüf ki, qeyri-formal (rəsmi olmayan) məşğulluq icbari tibbi sığortanın hər kəs üçün əlçatanlığını sual altında qoyur. Belə ki, qeyri-formal məşğul əhalinin “kölgə”də qalması icbari tibbi sığortanın maliyyə təminatına zərbə vurmaqla yanaşı,  bu qrupdan olan şəxsləri belə hüquqlarından məhrum edir. Söhbət ondan gedir ki, bu ilin birinci yarısına olan məlumata görə, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər də daxil olmaqla, rəsmi şəkildə əməklə məşğul olan əhalinin sayı 1 milyon 721 min 976 nəfər olub (buraya kənd təsərrüfatı sahəsində məşğul olanlar daxil deyil). Ölkə üzrə formal məşğulluq bütövlükdə məşğul əhalinin 57,3 faizini təşkil edib.

Ölkə üzrə formal məşğul əhalinin 1 milyon 36 min 484 nəfəri Bakı şəhərində olub. Paytaxtda formal məşğul işçilər bütövlükdə məşğul əhalinin 93,8 faizini təşkil edib. Bundan başqa, Ağcabədidə formal məşğul əhalinin bütövlükdə məşğul əhaliyə nisbəti 61,6  faiz, Qəbələdə 52,2 faiz, Şəkidə 51,5 faiz, Xaçmazda 50,7 faiz, Abşeronda 50,6 faizdir. Digər rayonlarda isə bu göstərici 50 faizdən aşağı olub. Cari ilin birinci yarısında rəsmi məşğul əhalinin bütövlükdə məşğul olan əhaliyə nisbətində ən aşağı göstəriciləri olan rayonlar Yardımlı (26,5 faiz), Qobustan (25,8 faiz) və  Hacıqabul (22 faiz) rayonlarında müşahidə edilib. Bu isə onu deməyə imkan verir ki, icbari tibbi sığorta regionlarla müqayisədə paytaxt sakinləri üçün daha əlçatan olacaq.

İcbari tibbi sığortanın qeyd edilənlərlə yanaşı, həmçinin tibbi xidmət sahəsində indiyədək qarşılaşılan neqativ halların aradan qaldırılmasına, şəffaflığa və daha keyfiyyətli tibbi xidmətin göstərilməsinə imkan verəcəyi gözlənilir.

Ceyhun Piriyev, “İki sahil”