02 iyun 2020 10:31
1884

İçməli su təchizatı layihələri dövlətimizin həyata keçirdiyi uğurlu sosial siyasətin məntiqi nəticəsidir - FOTO

Tarixən  insanların suya tələbatının ödənilməsinə yönəlmiş hər bir iş savab əməl sayılıb. Suyun insanlara xoşbəxtlik, sağlamlıq, səadət gətirdiyini xatırladan xalqımızın ümummilli lideri Heydər Əliyevin “Su verən, bulaq yaradan, çay açan hər bir insan həmişə xalqın, millətin, insanların məhəbbətini qazanır” fikirləri su təsərrüfatı işçilərinin əməyinə verilən ən böyük qiymətdir.

Ölkə Prezidenti  İlham Əliyevin 2014-cü il mayın 14-də imzaladığı sərəncama əsasən, ölkəmizdə su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramının təsis edilməsi də bu savab əməl, nəcib iş sahiblərinin əməyinə verilən qiymətin növbəti təzahürüdür. İstehlakçıları mərkəzləşdirilmiş qaydada içməli su ilə təchiz edən, onlara kanalizasiya xidmətləri göstərən “Azərsu” Açıq Səhmdar  Cəmiyyətinin (ASC) kollektivi, əvvəlki illərdə olduğu kimi, bu dəfə də peşə bayramlarını uğurlu göstəricilərlə qeyd edirlər.

Təbiətin bəxş etdiyi əvəzsiz nemətlərdən sayılan sudan səmərəli istifadə məhdud şirin su ehtiyatlarına malik Azərbaycanda tarixin bütün dövrlərində aktual olub. Orta əsrlərə aid mənbələrdə Azərbaycanın bəzi yaşayış məntəqələrində su təchizatı sistemlərinin yaradılması barədə faktlar mövcuddur. Su təchizatı tariximizin ilkin inkişaf dövrü 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərinə təsadüf edir. 1917-ci ildə Şollar-Bakı su təchizatı qurğuları istismara verilib. Xaçmaz rayonu ərazisindən Abşeron yarımadasına 187,5 km uzunluğunda kəmər çəkilib, Bakı şəhərində ilk dəfə mərkəzləşdirilmiş içməli su şəbəkəsi yaradılıb.

 Bu sahədə qazanılmış təcrübədən istifadə edilməklə Xaçmazdan Bakıya çəkilmiş ikinci kəmər 1958-ci ildə istismara verilib. Abşeron yarımadasında sənayenin sürətli inkişafı və əhalinin artımı nəticəsində içməli suya artan tələbatı ödəmək üçün 1961-ci ildə Ceyranbatan Sutəmizləyici Qurğuları işə salınıb. 

Azərbaycanın içməli su və kanalizasiya sektorunun sürətli inkişafı böyük dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderin təşəbbüsü və birbaşa rəhbərliyi ilə ötən əsrin 70-ci illərində Kür Sutəmizləyici Qurğular Kompleksi yaradılıb, burada emal olunan suyun Abşeron yarımadasına nəqli üçün magistral kəmərlər çəkilib. Bu layihə paytaxta yeni həyat gətirib.

1970-1980-ci illərdə ulu öndərin birbaşa nəzarəti altında Bakı şəhərinin tullantı su infrastrukturunun inkişafını nəzərdə tutan “Böyük kanalizasiya” layihəsi reallaşdırılıb. Həmin dövrdə Hövsan Aerasiya Stansiyası, eləcə də “Sənaye zonası”, “Şəhərkənarı” və “Sahil” kollektorları, Zığ kanalizasiya nasos stansiyası inşa edilib.

Azərbaycanın əksər şəhər və rayon mərkəzlərində içməli və tullantı su sistemlərinin yaradılması da ötən əsrin 1970-1980-ci illərinə təsadüf edir. Həmin dövrdə ulu öndərin rəhbərliyi ilə bölgələrdə yeni su mənbələri yaradılıb, sugötürücü və sutəmizləyici qurğular, su anbarları, nasos stansiyaları, magistral kəmərlər və paylayıcı şəbəkələr tikilib. Bu işlər bəzi yaşayış məntəqələrinin şəhər kimi formalaşmasında mühüm rol oynayıb.

Ümummilli Lider müstəqilliyin ilk illərində də əhalinin içməli su təchizatının yaxşılaşdırılmasını diqqətdə saxlayıb. Ölkədə siyasi sabitlik bərqərar olunduqdan sonra Dünya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankı “Böyük Bakının su təchizatı sisteminin yenidən qurulması layihəsi”nə 88,7 milyon dollar güzəştli kredit ayırıb.  Bu vəsait hesabına 1998-2002-ci illərdə Kür və Ceyranbatan sutəmizləyici qurğularında, 250-dən artıq məhəllədaxili nasos stansiyasında əsaslı yenidənqurma işləri aparılıb, su təsərrüfatının maddi-texniki bazası gücləndirilib.

2003-cü ilin oktyabrında cənab İlham Əliyevin xalqın etimadını qazanaraq prezident seçilməsi ilə ölkəmizin həyatında yeni inkişaf mərhələsi başladı. Ulu öndərin memarı olduğu sosial-iqtisadi inkişaf strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyev insan sağlamlığının qorunmasını dövlətin sosial siyasətinin prioriteti kimi müəyyənləşdirdi. Su kimi müqəddəs nemətin qorunması, onun keyfiyyətinin təmin olunması, gələcək nəsillər üçün etibarlı mənbələrin formalaşdırılması dövlət proqramlarında xüsusi qeyd olundu. Əhalinin içməli su təminatının və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə bu sektorda struktur islahatlarına başlanıldı. Dövlət başçısının “Su təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 11 iyun 2004-cü il tarixli sərəncamına əsasən, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti yaradıldı.

2000-ci illərin əvvəllərindən etibarən Bakı şəhərinin və ətraf qəsəbələrin böyüməsi, yeni sənaye müəssisələrinin fəaliyyətə başlaması içməli suya olan tələbatı ciddi şəkildə artırmışdı. Bu məsələnin həlli yollarını vaxtilə ümummilli lider Heydər Əliyev  zərgər dəqiqliyi ilə göstərmişdi. Hələ vaxtilə "Bakıya bol-bol su gətirəcəyik" deyən ümummilli liderimiz Heydər Əliyev 2002-ci ilin dekabr ayında keçirilən müşavirədə paytaxta yüksək keyfiyyətli bulaq suyunun gətirilməsinin vaxtının çatdığını bildirmiş və bu məqsədlə Oğuz-Qəbələ zonasının yeraltı sularının öyrənilməsi barədə tapşırıq vermişdi. Ulu Öndərin ideya müəllifi olduğu həmin layihə onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla reallaşdırıldı. 2007-ci ilin martında Oğuz-Qəbələ-Bakı su kəmərinin təməli atıldı. Dövlət Neft Fondundan maliyyələşdirilən layihə çərçivəsində Oğuz rayonu ərazisində məhsuldarlığı  saniyədə 5 kubmetr olan mənbə yaradıldı, buradan Abşeron yarımadasına 262,5 km özüaxımlı magistral su kəməri çəkildi. Tikintisinin böyük bir hissəsi mürəkkəb relyefdə aparılan kəmər 2010-cu ilin dekabrında istismara verildi. Bununla da, Bakı şəhərinin əksər ərazilərinin su təchizatında sabitlik təmin edildi, bəzi yerlərdə isə fasiləsiz rejimlərə keçirildi.

Bununla belə, sürətlə böyüyən və inkişaf edən paytaxtı fasiləsiz su ilə təchiz etmək üçün əlavə su həcmlərinə ehtiyac var idi. Abşeron yarımadasındakı qəsəbə və kəndlərdə mərkəzləşdirlmiş su şəbəkələrinin yaradılması ilə suya olan tələbatın artması, əhalinin keyfiyyətli su ilə təmin edilməsi, magistral kəmərlərdə qəzalar zamanı su təchizatında problemlərin yaranmaması məqsədilə su mənbələrinin əlaqələndirilməsi nəzərə alınmaqla Bakı şəhərinə yaxın yeni su mənbəyinin yaradılmasına qərar verildi. 2011-ci ilin sentyabrında Prezident İlham Əliyevin iştirakı ilə Ceyranbatan gölünün yaxınlığında ultrasüzgəc texnologiyasına əsaslanan yeni kompleksin təməli qoyuldu. Ən son texnologiya əsasında tikilən kompleks 2015-ci ilin oktyabrında istifadəyə verildi. Açılış mərasimində çıxış edən Prezident İlham Əliyev demişdir: “Bu kompleksdə ən müasir texnologiyalar tətbiq edilir, dünyanın ən böyük sutəmizləyici kompleksidir və Bakı şəhərinin, Abşeron rayonunun sakinlərinə xidmət edəcək. Bax, bu gün xəritədəki mənzərə onu göstərir ki, uzun illər içməli sudan korluq çəkən Bakı qəsəbələri bundan sonra bu təmiz suyu alacaq. Bir daha qeyd etmək istəyirəm ki, bu, Dünya Səhiyyə Təşkilatının standartlarına  cavab verən içməli sudur.”

Ənənəvi təmizləmə qurğularından fərqli olaraq yeni kompleksdə su   ultrasüzgəc texnologiyasına əsaslanmaqla heç bir kimyəvi təmizlənmə aparılmadan avtomatik rejimdə mexaniki üsulla təmizlənir. Məhsuldarlığı saniyədə 6,6 kubmetr təşkil edən qurğu Abu Dabi Qlobal Su Sammitində dünya su sənayesinin ən önəmli layihələrindən biri seçilib.

Oğuz-Qəbələ-Bakı su kəmərinin və Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin istismara verilməsi Kür sutəmizləyici qurğularında emal olunan və Bakıya ötürülən suyun bir hissəsinin içməli su problemi ilə üzləşən rayonların tələbatının ödənilməsinə yönəltməyə imkan yaratdı. Qurğuda emal olunan suyun ətraf rayonlara verilməsi məqsədilə Şirvan-Muğan və Sabirabad-Saatlı qrup su kəmərləri istismara verildi. Bununla da, Hacıqabul, Şirvan, Salyan, Biləsuvar, Saatlı və Sabirabad şəhərləri, həmçinin kəmərlərin marşrutu boyu 30-dan artıq kənd keyfiyyətli içməli su ilə təmin olundu.

2020-ci ilin martın 3-də Prezident İlham Əliyevin iştirakı ilə regionlarda tikilmiş ən böyük içməli sutəmizləyici qurğu - Şəmkirçay təmizləyici qurğusu istismara verildi. Məhsuldarlığı sutkada 140 min kubmetr və ya saniyədə 1,6 kubmetr olan bu qurğu  Gəncə, Şəmkir, Samux şəhərləri və ətraf kəndlərdə 450 mindən artıq insanın dayanıqlı və təhlükəsiz içməli su təminatına hesablanıb. Bu yaşayış məntəqələrini içməli su ilə təchiz etmək məqsədilə qurğudan Gəncə şəhərinə 27 km, Şəmkir şəhərinə 16,5  uzunluğunda magistral su kəmərləri çəkilib.  Artıq hər 3 şəhərə yeni mənbədən suyun verilməsi təmin edilib. 

Lənkəran və Astara şəhərlərinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə Xanbulançay su anbarının imkanlarından istifadə edilməklə yeni texnologiyaya əsaslanan və məhsuldarlığı sutkada 30 min kubmetr olan sutəmizləyici qurğular kompleksi inşa olunub,  buradan Lənkəran şəhərinə 12 km, Astara şəhərinə isə 25 km uzunluğunda magistral su kəmərləri çəkilib.

 Bölgələrdə yaşayan  əhalini keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək məqsədilə Mingəçevir, Quba, Qobustan və Ağstafa sutəmizləyici qurğuları da istismara verilib. 

Mərkəzi Aran bölgəsinin sudan əziyyət çəkən yaşayış məntəqələrinin su təchizatı məqsədilə Girdmançayın yatağında məhsuldarlığı saniyədə 450 litr olan Külüllü su mənbəyi yaradılıb və anbar kompleksi tikilib. Buradan Zərdab, Ucar, Kürdəmir və Ağsu şəhərlərinə 182 km uzunluğunda 4 magistral kəmər  çəkilib. Hazırda bu şəhərlər və magistral kəmərlərə yaxın yerləşən 50-dən artıq kənd Külüllü mənbəyi hesabına keyfiyyətli içməli su ilə təmin olunur.

Bundan əlavə, qlobal istiləşmə və quraqlıq nəticəsində bəzi su mənbələrinin məhsuldarlığında baş vermiş dəyişiklikləri nəzərə alaraq Tovuz, Gədəbəy, Şamaxı və Lerik şəhərləri üçün alternativ mənbələrin yaradılması layihələri icra edilib.

Bütövlükdə isə ötən dövrdə içməli su təchizatının yaxşılaşdırılması məqsədilə məhsuldarlığı saniyədə 19 kubmetrdən çox olan 44 yeni içməli su mənbəyinin yaradılması Azərbaycan vətəndaşlarının sağlamlığına və sosial rifahının yüksəlməsinə hesablanmış uğurlu layihələrdir.

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarına uyğun olaraq su və kanalizasiya layihələrinin icrasına başlanılmış 52 şəhər və rayon mərkəzinin 42-də içməli su şəbəkələrinin tikintisi yekunlaşıb.

Ötən müddətdə şəhər və rayon mərkəzləri ilə yanaşı, əhalisinin sayı 1 milyon 400 min nəfər olan 1050 kəndin içməli su təchizatının yaxşılaşdırılması ilə bağlı işlər də görülüb. Prezident İlham Əliyevin 2017 və 2018-ci illərdə imzaladığı sərəncamlar, həmçinin dövlət investisiya proqramları çərçivəsində son 3 ildə 240 kənddə içməli su layihələri icra olunub. Bununla da, 375 min sakinin keyfiyyətli içməli suya çıxışı təmin edilib.

Məcburi köçkün qəsəbələri, cəbhəyanı ərazilər və təmas xəttində yerləşən yaşayış məntəqələrinin su təchizatı  xüsusi diqqətdə saxlanılıb. Bu məqsədlə Biləsuvar rayonunun ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün salınmış qəsəbələrdə, Füzuli, Ağdam, Ağcabədi,  Tərtər, Goranboy, Tovuz və Qazax rayonlarının cəbhəboyu kəndlərində layihələr həyata keçirilib. 

Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı və kanalizasiya infrastrukturunun inkişaf etdirilməsi məqsədilə 2011-ci ildə Abşeron yarımadasının su təchizatı, kanalizasiya sistemləri və yağış sularının idarə olunması üzrə Master Plan hazırlanıb və layihələr bu sənədin tələblərinə uyğun icra edilir. Master Planın əsas layihələrindən olan Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi və 84 km uzunluğunda Ceyranbatan-Zirə magistral su kəməri, həmçinin kəmərin marşrutu boyunca yerləşən anbar kompleksləri istehlakçıların dayanıqlı su təminatı üçün yeni imkanlar açıb. Yeni yaradılmış infrastruktur hesabına Pirallahı, Dübəndi, Gürgan, Türkan, Zirə, Qala, Mərdəkan, Şüvəlan və Şağan qəsəbələri, həmçinin Binəqədi, Sabunçu və Suraxanı rayonlarının digər  yaşayış məntəqələri dayanıqlı içməli su ilə təchiz edilib.  

Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin qrantı hesabına  icra edilmiş layihə çərçivəsində Kürdəxanı qəsəbəsində yeni su təchizatı sistemləri yaradılıb və 14 mindən artıq sakin fasiləsiz rejimdə içməli su ilə təmin olunub. Abşeron yarımadasında ekoloji problemlərin həlli məqsədilə icra olunan “Təmiz Şəhər” layihəsi Balaxanı qəsəbəsində yeni su təchizatı sistemlərinin yaradılmasına imkan verib.

Səudiyyə İnkişaf Fondu ilə birgə maliyyələşdirilən layihə çərçivəsində Xırdalan şəhərinin su təchizatı  və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin birinci mərhələsi üzrə işlər yekunlaşıb. Şəhər əhalisinin dayanıqlı su təminatı məqsədilə ümumi tutumu 20 min kubmetr olan +118 “Abşeron” və +82 “Masazır” su anbarlarının tikintisi başa çatıb. Layihə çərçivəsində Xırdalan şəhərində  167 km içməli su və 83 km kanalizasiya şəbəkəsi yaradılaraq abonentlərin yeni şəbəkələrə qoşulması təmin edilib.

Şəhərdə yağış və tullantı sularının optimal idarə olunması məqsədilə 1 və 26 saylı kanalizasiya nasos stansiyalarının ərazisində yeni nasos stansiyaları inşa edilib. Eyni zamanda, 26 saylı nasos stansiyasından Binəqədi kollektoruna qədər 1200 mm diametrli borularla 4 km uzunluğunda təzyiqli kollektor tikilib. Yeni yaradılmış infrastruktur intensiv yağıntılar zamanı Xırdalan şəhərində subasma hallarının aradan qaldırılmasını təmin edəcək. 

Ötən müddətdə Səudiyyə İnkişaf Fondu ilə birgə maliyyələşdirilən digər layihə çərçivəsində Badamdar qəsəbəsində yeni infrastrukturun yaradılması işlərinin birinci mərhələsi yekunlaşıb. Bu layihənin imkanlarından istifadə olunmaqla 20-ci sahə yaşayış massivinin içməli su təchizatı da əsaslı şəkildə yaxşılaşıb. Badamdar qəsəbəsinin sürüşmə zonası kimi tanınan 3-cü yaşayış massivində isə layihənin icrası davam etdirilir.

Bakı şəhərinin şərq hissəsinin içməli su təchizatında müstəsna əhəmiyyət daşıyan anbar komplekslərində aparılan yenidənqurma işləri nəticəsində Nizami, Xətai, Suraxanı və Sabunçu rayonlarının böyük hissəsi fasiləsiz rejimdə içməli su ilə təchiz edilib. Eyni zamanda, yeni magistral və paylayıcı şəbəkələrin tikintisi, yeni birləşmələrin verilməsi paytaxt sakinlərinin dayanıqlı və keyfiyyətli su təminatına imkan yaradıb. Bakının küçə və prospektlərində yol infrastrukturlarının yenidən qurulması ilə əlaqədar uzun illərdir istismarda olan  su və kanalizasiya xətləri də yenilənir. 

2013-cü ildə çoxmənzilli yaşayış binalarının daxili kommunikasiya sistemlərinin “Azərsu” ASC-nin balansına verilməsindən sonra 5000-dən artıq binanın içməli su, 3000-dən çox binanın zirzəmisindəki kanalizasiya xətləri yenilənib.

Sumqayıt şəhərində və ətraf ərazilərdə yaranan tullantı sularının təmizlənib zərərsizləşdirilməsi məqsədilə məhsuldarlığı sutkada 100 min kubmetr olan tullantı sutəmizləyici qurğu inşa edilib. Ötən dövrdə məhsuldarlığı sutkada 10 min kubmetr olan Buzovna tullantı sutəmizləyici qurğusu inşa edilib, sutkalıq məhsuldarlığı 16 min kubmetr olan Şüvəlan tullantı sutəmizləyici qurğusu yenidən qurulub.

Azərbaycan Hökumətinin və Koreya Respublikası İxrac-İdxal Bankının birgə maliyyələşdirdiyi “Pirşağı Tullantı Sutəmizləyici Qurğusu” layihəsi çərçivəsində qurğunun tikintisi üzrə əsas işlər yekunlaşıb. Qurğuda təmizlənmiş suların dənizin nisbətən dərin hissəsinə axıdılmasını təmin etmək üçün 1600 mm diametrli polad borularla 1700 metr uzunluğunda daşıyıcı xətt inşa edilib.

Azərbaycanda ilk dəfə innovativ texnologiyalardan istifadə edilməklə tunel tipli kanalizasiya kollektorlarının tikintisi həyata keçirilir. Bayıl-Bibiheybət-Lökbatan, Xocasən-Binəqədi-Xırdalan, Bilgəh-Pirşağı, Dərnəgül-Zığ-Hövsan, Novxanı-Sumqayıt kollektorları kanalizasiya infrastrukturunun yaxşılaşdırılmasına və Xəzər dənizinə təmizlənmədən axıdılan tullantı sularının qarşısının alınmasına hesablanıb. 14 km uzunluğunda Bayıl-Bibiheybət-Lökbatan, 15 km-lik Novxanı-Sumqayıt kanalizasiya kollektorlarının istismara verilməsi, eləcə də Bakı buxtasının sahili boyu mövcud xətlərin reabilitasiyası Dənizkənarı Milli Park, Dövlət Bayrağı Meydanı, Şıx, Novxanı və Sumqayıt çimərliklərinin əhatə etdiyi böyük bir ərazidə dənizə axıdılan tullantı sularının qarşısını alıb.

Bakı şəhərində və Abşeron yarımadasında səth və qrunt sularının yaratdığı problemlərin həlli məqsədilə 21 ünvanda layihələr icra edilib. Bu layihələr çərçivəsində 40 km-dən artıq yağış-kanalizasiya kollektorları inşa olunub. Eyni zamanda, Böyükşor, Məhəmmədi, Kürdəxanı  və Taşağıl göllərində su səviyyəsinin tənzimlənməsi məqsədilə infrastruktur yaradılıb.

Dövlət başçısının ölkəmizin ərzaq təhlükəsizliyinin və ixrac potensialının artırılmasının təmin edilməsi barədə tapşırıqlarına uyğun olaraq “Azərsu” ASC tərəfindən Zərdab, Hacıqabul və Şamaxı rayonlarının ərazisində əkin sahələrinin  suvarma suyu ilə təminatının yaxşılaşdırılması layihələri həyata keçirilib. Bu məqsədlə Kür çayı sahilində məhsuldarlığı saniyədə 3 kubmetr olan sugötürücü qurğu, nasos stansiyası, həcmi 50 min kubmetr olan anbarlar tikilib, əkin sahələrinə 42  km uzunluğunda əsas daşıyıcı kəmərlər çəkilib və ərazilərə suyun verilməsi təmin edilib. Şamaxı və Hacıqabul rayonlarında əkin sahələrinin suvarılması üçün tələb olunan 5 kubmetr su  Kür sutəmizləyici qurğular kompleksindən verilir.

Ötən dövrdə həyata keçirilən layihələr çərçivəsində məhsuldarlığı sutkada 830 min kubmetr olan 7 sutəmizləyici qurğu, 250-dən çox su anbarı və anbar kompleksi tikilib və ya yenidən qurulub, 21 min km-dən çox  magistral və paylayıcı su, 4000 km-dən artıq kanalizasiya xətləri çəkilib, 120-dən çox su və kanalizasiya nasos stansiyası tikilib, 357  artezian və subartezian quyusu qazılıb. “Azərsu” ASC-nin fəaliyyəti dövründə 1 milyondan çox sayğac quraşdırılıb və sayğaclaşma səviyyəsi 85 faizi keçib. Görülmüş işlər nəticəsində abonentlərin sayı 670 min artaraq 1 milyon 550 minə çatıb.

 2004-cü illə müqayisədə fasiləsiz su ilə təmin olunan əhalinin xüsusi çəkisi Bakı şəhərində 29 faizdən 81,5 faizə, regionlarda isə 9 faizdən 63 faizə yüksəlib. Beləliklə, ölkə üzrə əhalinin fasiləsiz su təminatının səviyyəsi son 16 ildə 26 faizdən 73,6 faizə qalxıb.

İstehlakçılara verilən içməli suyun keyfiyyətinin standartlar çərçivəsində nəzarətdə saxlanılması məqsədilə müasir Mərkəzi Laboratoriya inşa edilib və beynəlxalq akkreditasiyadan keçib. 2013-cü ildə istifadəyə verilmiş laboratoriyada Almaniya, Fransa, ABŞ, Yaponiya və digər ölkələrin beynəlxalq səviyyədə tanınmış şirkətlərinin avadanlıqları və cihazları quraşdırılıb. Həmin cihaz və avadanlıqların köməyi ilə içməli su və tullantı sularının fiziki-kimyəvi və bakterioloji göstəriciləri dəqiq və etibarlı analiz olunur. Yeni laboratoriya yaradıldıqdan sonra içməli və tullantı sularının təhlil edilən göstəriciləri 39-dan 110-a, nümunə sayı 7 mindən 16 minə, monitorinq nöqtələrinin sayı isə 180-dən 1300-ə çatdırılıb.

Mərkəzi laboratoriyanın təcrübəsindən istifadə edilməklə respublikada  9 regional laboratoriya yaradılıb. Regional laboratoriyaların coğrafi məkanı elə seçilib ki, Azərbaycanın ən ucqar ərazisində yerləşən mənbələrdəki suyun keyfiyyət göstəricilərini də daim nəzarətdə saxlamaq mümkündür. 

          “Azərsu” ASC-də informasiya və kommunikasiya texnologiyalarının beynəlxalq standartlara uyğun inkişaf etdirilməsi, texnoloji proseslərin avtomatlaşdırılması, yeni elektron xidmətlərin yaradılması istiqamətində zəruri tədbirlər həyata keçirilir.

Bir neçə ildir uğurla tətbiq olunan “AzersuGİS” coğrafi informasiya sistemi istehsalatda müsbət nəticələr verməkdədir. “Azərsu” ASC-yə aid bütün yeraltı və yerüstü infrastruktur məlumatlarının toplandığı bu sistemə indiyə qədər 18500 km su, 8300 km tullantı və yağış su xətləri, 12 minədək qurğu və kompleks, 487 min bina və tikili ilə bağlı məlumatlar daxil edilib.

“Azersu GİS” layihəsi nüfuzlu Bentley müsabiqəsinin, eləcə də Beynəlxalq Coğrafi İnformasiya Sistemləri Forumunun qalibi olub.

“Elektron xidmətlərin  genişləndirilməsi ilə bağlı  tədbirlər barədə” Prezident fərmanına uyğun olaraq “Azərsu” ASC tərəfindən elektron xidmətlərdən istifadə imkanları genişləndirilib. Hazırda 19 adda elektron xidmət vətəndaşların istifadəsindədir. Elektron xidmətlərdən istifadə səviyyəsinə görə “Azərsu” ASC dövlət qurumları arasında ilk sıralarda yer alır.

Müştəri xidmətlərindən istifadənin asanlaşdırılması, eləcə də müraciətlərin elektron vasitələrlə qəbulu üçün yeni imkanlar yaradılıb. Vətəndaş müraciətlərinin məsafədən idarə olunması məqsədilə "Skype” və “Whatsapp" proqramları ilə qəbul təmin edilib. Eyni zamanda, abonentlər mexaniki sayğacların göstərisilərini facebook.com sosial şəbəkəsi üzərindən rahat şəkildə təqdim edə və elektron bildirişləri əldə edə bilirlər.

Vətəndaşların işinin asanlaşdırılması, şəffaflığın təmin edilməsi məqsədilə “Asan xidmət” və “Asan kommunal” mərkəzlərində “Azərsu” ASC-nin xidmət bölmələrinin fəaliyyəti tam təmin edilib. Ümumilikdə 2014-cü ildən indiyədək bütün xidmət mərkəzlərinə vətəndaşlar tərəfindən 330 mindən çox  müraciət daxil olub.

Cəmiyyət göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, yaranan problemlərin operativ həlli üçün bütün imkanlardan istifadə edir və bu məqsədlə 955 Zəng Mərkəzi 24 saat fasiləsiz fəaliyyət göstərir.

Beynəlxalq əlaqələrini genişləndirən “Azərsu” ASC ölkə daxilində və xaricdə keçirilən sərgi-konfransların, beynəlxalq əhəmiyyətli tədbirlərin fəal iştirakçısına çevrilib. Ölkəmizdə su sektorunda həyata keçirilən layihələr beynəlxalq təşkilatlar tərəfindən yüksək dəyərləndirilir. “Azərsu” ASC-nin 2015 və 2018-ci illərdə  Dünya Su Şurasının İdarə Heyətində, 2017-ci ildə Beynəlxalq Su Ehtiyatları Assosiasiyasında təmsil olunmasında bu amil həlledici rol oynayıb.

14-18 mart 2017-ci il tarixlərində Bakı şəhərində 1-ci Bakı Beynəlxalq Su Həftəsi keçirilib. Həftə çərçivəsində dünyanın unikal su təchizatı sistemlərindən sayılan Şollar-Bakı Su Təchizatı Qurğularının 100 illik yubileyi, Dünya Su Şurasının İdarə Heyətinin 61-ci Toplantısı və digər tədbirlərdə 37 ölkədən olan 200-dən çox qonaq iştirak edib. 1-ci Bakı Beynəlxalq Su Həftəsinin yekununda Bakı Bəyannaməsi qəbul edilib.

Səhmdar Cəmiyyətdə insan resurslarından səmərəli istifadə məqsədilə kompleks tədbirlər həyata keçirilir. 2014-cü ildə Fransanın “Suez Environnement” şirkəti ilə praktiki təlim, nou-hau ötürülməsi və texniki yardıma dair müqavilə imzalanıb və təlim sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində işlər aparılıb. Eyni zamanda, Hövsan Aerasiya Stansiyasının ərazisində yeni Təlim-Tədris Mərkəzi istifadəyə verilib. Mərkəzdə beynəlxalq və regional təlimlərin keçirilməsi üçün lazımi şərait yaradılıb. Mütəxəssislərin praktiki biliklərinin artırılması məqsədilə burda təcrübə poliqonu inşa edilib.

Fəaliyyətində ekoloji layihələrin icrasına önəm verən “Azərsu” ASC ətraf mühitin qorunması və ekoloji sabitliyin təmin olunması tədbirlərində də fəal iştirak edir. Son illər cəmiyyətin idarə və  müəssisələrinin, hidrotexniki qurğularının yerləşdiyi ərazilərdə 500 hektar yaşıllıq sahəsi yaradılıb. Yaşıllaşdırma tədbirləri çərçivəsində 300 mindən çox müxtəlif növ ağac və kol bitkiləri əkilib.

Ekoloji fəaliyyət çərçivəsində Yasamal rayonunda yerləşən  mərkəzi su anbarının ərazisində 6 hektardan artıq sahədə müasir park yaradılıb. Yasamal parkında yaşıllıq zolaqları, fəvvarələr, seyrəngahlar, uşaq meydançaları və idman qurğuları inşa edilərək paytaxt sakinlərinin istifadəsinə verilib.

2020-ci ilin əvvəlində Dünya Səhiyyə Təşkilatının pandemiya elan etdiyi koronavirus infeksiyası digər sahələrdə olduğu kimi, kommunal xidmət təşkilatlarının da fəaliyyətinə təsirsiz ötüşmədi. İnfeksiyanın yarada biləcəyi təhlükələrin qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın göstərişlərinə uyğun olaraq “Azərsu” ASC tərəfindən zəruri tədbirlər görülür. Qərargahın tələblərinə uyğun olaraq işlərin koordinasiyalı şəkildə idarə olunması üçün operativ qrup yaradıldı. Sosial izolyasiya tədbirlərinin tətbiq olunduğu gündən minimal işçi heyəti ilə əhalinin dayanıqlı və təhlükəsiz içməli su təchizatı təmin olundu.

Su təsərrüfatı işçilərinin əməyi hər zaman ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirib. “Azərsu” ASC-nin əməkdaşlarının fəxri ad və medallarla təltif olunması, icrasına başlanan və istismara verilən bir çox layihələrin təməlqoyma və açılış mərasimlərində Prezident İlham Əliyevin şəxsən iştirakı, 14 may 2014-cü ildə imzalanmış sərəncamla iyun ayının 5-nin “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramının təsis edilməsi bunun bariz nümunəsidir. 

Son illər şəhər və rayon mərkəzləri, həmçinin içməli sudan əziyyət çəkən kənd və qəsəbələrdə həyata keçirilən su-kanalizasiya layihələri  müstəqil Azərbaycan dövlətinin öz vətəndaşlarının sağlamlığı və sosial rifahının yüksəldilməsinə hesablanmış məqsədyönlü siyasətinin əsas istiqamətini təşkil edir. Hədəf isə hər bir yaşayış məntəqəsinin 24 saat keyfiyyətli içməli su təchizatına nail olmaqdır. “Azərsu” ASC-nin çoxminli kollektivi su təchizatı və kanalizasiya layihələrinin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini təmin etmək üçün bundan sonra da əzmlə çalışacaq.

Orxan Vahidoğlu,

Yaqut Aslanova, “İki sahil”