10 dekabr 2019 11:53
1296

İdarəetmə sistemində təkmilləşmə yeni hədəfləri şərtləndirir

Dövlətimizin başçısı İlham Əliyev “Mən əldə edilmiş uğurlar haqqında həmişə danışmağa hazıram və fəxr ediləsi məsələlər kifayət qədər çoxdur. Ancaq mən həmişə, necə deyərlər, narazı oluram. Çünki mən istəyirəm ki, daha yaxşı olsun... Harada ki, mümkündür, biz maksimum dərəcədə öz imkanlarımızdan istifadə edək ki, işlər daha da yaxşı getsin. Ona görə kadr islahatı da bu məqsədi daşıyır” fikirləri bu gün geniş vüsət alan struktur və kadr islahatlarının ümumiləşdirilmiş ifadəsidir.

Zamanın və dövrün tələbinə uyğun  təkmilləşmə yeni-yeni hədəflərə yol açır ki, bu da öz növbəsində kadr hazırlığını və islahatları bir tələb kimi ortaya qoyur. Həyata keçirilən təkmil islahatlar beynəlxalq aləmdə də yüksək dəyərləndirilir, maliyyə qurumlarının hesabatlarında birinciliyini qorumağa əsas verir.

Son 16 ildə Azərbaycanın iqtisadi tərəqqisi möcüzə kimi xarakterizə olunur. Bu inkişaf tendensiyasının qorunub saxlanılmasında dövlətimizin başçısı İlham Əliyevin  iradəsi, qətiyyəti, eyni zamanda, inkişafla  vəhdət təşkil edən kadr islahatları əhəmiyyətli rol oynayır.

Cənab İlham Əliyevin qeyd etdiyi kimi, istənilən sahəni inkişaf etdirmək üçün konkret  planlarımız, proqramlarımız vardır. Konkret Dövlət proqramlarının uğurlu icrası nəticəsində bu gün hədəflərə yüksək səviyyədə nail olunduğu göz önündədir. İqtisadi islahatların əsas istiqamətlərindən biri enerji resurslarından asılılığın azaldılmasıdır ki, bu gün  ümumi daxili məhsulda özəl bölmənin payının 85 faiz təşkil etməsi bu məqsədə lazımi səviyyədə nail olduğumuzun göstəricisidir. Regionların sosial-iqtisadi inkişafına dair 3 Dövlət Proqramının uğurlu icrası, cari ilin yanvarında dördüncü Dövlət Proqramının təsdiqləməsi və sair bölgələrin malik olduğu potensial imkanlardan səmərəli istifadəyə geniş imkanlar açıb. Son 16 ildə 2 milyondan artıq yeni iş yerinin yaradılması, bunların böyük əksəriyyətinin bölgələrin payına düşməsi də deyilənlərin təsdiqidir.  Gələn ay icrasının bir ili tamam olacaq  IV Dövlət Proqramı  sayəsində arxada qalan aylarda  92 min yeni iş yeri açılıb. Yeni iş yerlərinin bir hissəsi regionlarda açılan çoxsaylı istehsal, emal, sənaye, xidmət və sosial obyektlərin payına düşür. Bazar iqtisadiyyatının aparıcı qüvvəsi kimi sahibkarlığın inkişafı istehsalın artımı ilə bərabər, eyni zamanda, yeni iş yerlərinin yaradılması, bölgələrin inkişafı deməkdir.  Çünki sahibkarlığın inkişafını şərtləndirən əsas amillər- əhalinin enerji, qaz və su təminatı üçün infrastruktur yenilənib, beynəlxalq standartlara uyğunlaşdırılıb. Yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması, o cümlədən kənd yollarının tikintisi istiqamətində  əhəmiyyətli işlər görülüb, yüz minlərlə sakinin və sahibkarlıq subyektlərinin yol infrastrukturuna çıxış imkanları yaxşılaşıb. Dövlətimizin başçısı İlham Əliyevin bölgələrə hər səfəri yeni sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalıb. Həmçinin cənab İlham Əliyevin hər səfərindən sonra həmin regionun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə Tədbirlər Planı təsdiqlənib, Prezidentin Ehtiyat Fondundan vəsaitlər ayrılıb. Bu mühüm addımın  bölgələrin inkişafına nə kimi təsir göstərdiyi əldə olunan sosial-iqtisadi göstəricilərdən daha aydın görünür. Belə ki, son illərdə  regionlarda yeni istehsal, emal və xidmət müəssisələrinin açılması əhalinin paytaxta axınının qarşısını tamamilə  alıb. Bəzi hallarda isə paytaxtdan bölgələrə qayıtma halları üstünlük təşkil edir. Dövlətimizin başçısı İlham Əliyev daim çıxışlarında bildirir ki,  hər bir şəhər, bölgə, kənd və qəsəbə bu inkişafı, tərəqqini öz həyatında hiss etməlidir. Bu məqsədə nail olmaq üçün birgə səylərin göstərilməsi, icra strukturlarının öz səlahiyyətlərini yüksək səviyyədə yerinə yetirmələri bir tələb kimi qarşıya qoyulur.

Ölkə Prezidentinin son təyinatlarına, ən əsası onlarla keçirdiyi görüşlərdə  qarşılarına qoyduğu məqsəd və vəzifələrə diqqət yetirsək, insan amilinə verilən dəyər özünü qabarıq şəkildə büruzə verdiyini görürük. Cənab İlham Əliyev bildirir: “Hər bir icra başçısını mən vəzifəyə təyin edərkən, onu qəbul edərkən ona bir neçə əsas istiqaməti göstərirəm: inkişaf, quruculuq, səmərəli iş, təvazökarlıq və insanlara xidmət! Hər birinə, burada oturan bütün icra başçılarına. Hamısını mən təyin etmişəm. Bəzi rayonlarda bir neçə dəfə dəyişmişəm. Nəyə görə? Çünki etimadımı doğrultmurlar. Hər birinə demişəm ki, gedin, insanlara arxa durun, gedin, köməklik göstərin. Gedin, hörmət edin insanlara. Amma bəzi hallarda mən bunu görmürəm. Görməyəndə də tədbirlər görürəm.”

Qeyd etdiyimiz kimi, cari ildə dördüncü  Dövlət Proqramının icrasına uyğun olaraq bölgələrdə sahibkarlığı inkişaf etdirmək məqsədilə bir sıra işlər görülür. İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin mikro, kiçik və orta sahibkarlıq subyektlərinə önəmli dəstək verməsi sayəsində Qəbələdə, Abşeronda, Füzulidə, Sumqayıtda, Şəkidə, Şamaxıda Kiçik və Orta Biznes  mərkəzləri fəaliyyətə başlayıb. Hədəf  kiçik və orta sahibkarlığın inkişafının stimullaşdırılmasıdır. ABAD mərkəzlərinin fəaliyyətinin genişləndirilməsi, DOST Agentliyinin fəaliyyətə başlaması və ilk DOST mərkəzinin istifadəyə verilməsi sahibkarlığın inkişafına, ailə təsərrüfatlarına asan dəstəyin göstərilməsinə, ən əsası vətəndaş məmnunluğunun artırılmasına geniş imkanlar yaradıb. Cari ilin 6 ayının statistikasına diqqət yetirsək,  görərik ki, 510 sahibkarlıq subyektinin ümumi dəyəri 177,8 milyon manat olan investisiya layihəsinin maliyyələşdirilməsinə 48,2 milyon manat güzəştli kredit verilib.  Həmin kreditlərin 43,6 faizi regionların payına düşür. Eyni zamanda, iqtisadiyyata yerli və xarici maliyyə resurslarının cəlb edilməsi üçün dövlətin təşviq mexanizmlərindən biri olan investisiya təşviqi mexanizmi özəl investisiyaların artımına ciddi töhfə verməkdədir. Qeyd olunan dövrdə  44 sahibkarlıq subyektinə 50 investisiya təşviqi sənədi təqdim olunub.

Göründüyü kimi, iqtisadiyyatın şaxələndirilməsi siyasəti uğurla həyata keçirilir, əldə olunan yeni hədəflərin gerçəkləşəcəyinə böyük inam yaradır. Daim bu fikir önə çəkilir ki, inkişaf etmiş ölkələr sırasında addımlamaq istəyimizi ortaya qoymuşuqsa, kiçik və orta sahibkarlığın inkişafı prioritet olmalıdır. Bu gün böyük fəxr hissi ilə qeyd edə bilərik ki, ölkəmizdə güclü sahibkarlar sinfi formalaşıb.

Digər mühüm hədəf ölkədə müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənaye müəssisələrinin təşkili və istehsal sahəsində əhalinin məşğulluğunun artırılmasıdır. Buna nail olmaq üçün hesabat dövründə sənaye parkları və məhəllələrinin tikintisi, onların fəaliyyətə başlaması istiqamətində işlər davam etdirilir. Azərbaycan bu göstəriciyə görə dünyanın beynəlxalq maliyyə qurumlarının hesabatlarında öz liderliyini qoruyur.

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarında aqrar sektorun inkişafı da prioritet məsələ kimi öndədir.  Dövlət kiçik və orta fermer təsərrüfatlarını dəstəkləməklə yanaşı, iri fermer təsərrüfatlarının və aqroparkların yaradılmasına da xüsusi diqqət göstərir. Ümumiyyətlə, aqrar sektorun inkişafında, regionlarda iqtisadi potensialın artırılmasında və ərzaq təhlükəsizliyinin təmin edilməsində qabaqcıl texnologiyalardan istifadə edən aqrar müəssisələrin yaradılmasına ehtiyac var. Bir mühüm məqamı da xüsusi qeyd etməliyik ki, ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafının prioritetliyi bu istiqamətdə  bölgələr üzrə ixtisaslaşmanın həyata keçirilməsini, konkret sahələr üzrə Dövlət Proqramının qəbulunu və uğurlu icrasını bir tələb kim ortaya qoydu. Çayçılığın, üzümçülüyün, pambıqçılığın, çəltikçiliyin və digər sahələrin inkişafına yönələn sənədlərdə ayrı-ayrı illər üçün görüləcək işlərin planı və icra mexanizmi öz əksini tapıb. 

Dövlətimizin başçısı İlham Əliyevin  2016-cı ildə imzaladığı “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında”  Fərmanda da  qeyd edilirdi ki, qeyri-neft sektorunun davamlı və rəqabətqabiliyyətli inkişafı dövlətin iqtisadi siyasətinin prioritet istiqamətidir. Əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş, uzunmüddətli dövr üçün düşünülmüş iqtisadi siyasət ölkədə makroiqtisadi sabitlik və dinamik iqtisadi inkişaf üçün əsaslı zəmin yaratmışdır. Nəticədə geniş sahibkarlar təbəqəsi formalaşıb, ölkənin sosial-iqtisadi inkişafında özəl sektorun rolu daha da artıb və ümumdünya iqtisadi sisteminə inteqrasiya sahəsində mühüm nailiyyətlər əldə olunub. Bununla əlaqədar olaraq ölkədə həyata keçirilən iqtisadi siyasətin və islahatların davamlılığını təmin etmək üçün 12 istiqamət üzrə Strateji Yol Xəritəsinin  uğurlu icrası günümüzün əsas tələbləri sırasındadır.

Uğurlarımız fonunda bu ümumiləşdirməni apara bilərik ki, dövlətimizin başçısı İlham Əliyevin  həyata keçirdiyi  kadr islahatları bir daha bu reallığı təsdiqləyir ki,  dövlət idarəçiliyi sisteminin təkmilləşdirilməsi dövrün tələbidir.  Atılan bu addımlar  milli dövlətçiliyimizin daha da möhkəmlənməsinə, davamlı inkişafa  xidmət edəcək, yeni-yeni hədəflərin gündəmə gətirilməsini stimullaşdıracaq.

Yeganə Əliyeva, “İki sahil”