29 iyul 2020 17:46
562

İftira və böhtan söyləyənlərə qarşı amansız olmalıyıq

Məcburi köçkünün məktubu

Mingəçevir şəhərində məskunlaşan məcburi köçkün Ələmdar Hüseynov “sapı özümüzdən olan baltalar”a ar olsun deyir

“Bu gün xaricdə oturub Azərbaycanda sabitliyi pozmağa cəhd edən Qurban Məmmədovun Azərbaycanın ümummilli lideri Heydər Əliyev barədə iftira və böhtan xarakterli, xəstə təxəyyülün məhsulu olan fikirlərinə vətəndaşlıq mövqeyimdəm çıxış edərək münasibət bildirməyi özümə borc bildim”.

Bu fikirləri Mingəçevir şəhərində məskunlaşmış Ağdamlı məcburi köçkün Ələmdar Hüseynov deyib.

Mingəçevir sakininin “sapı özümüzdən olan baltalar”ın, o cümlədən Qurban Məmmədovun vətəndaşlıq təəssübkeşliyindən uzaq, Vətənə, dövlətə xəyanətini özündə əks etdirən fikirlərinə cavabı belə olmuşdur: “Qurban Məmmədov xaricdə oturub orada Azərbaycanın əleyhinə olan xüsusi xidmət orqanlarının drijorluğu ilə, eləcə də xaricdə azərbaycanlıların əleyhinə təxribat törətməyə çalışan erməni mafiyasının tapşırığı ilə Azərbaycanda anarxiya, hərc-mərclik yaratmağa çalışır. O, internet resurslarından Azərbaycanın ümummilli lideri Heydər Əliyevin əleyhinə təhqirlər, böhtanlar, iftiralar söyləyir. Mən buradan Qurban Məmmədovun bu iftira və böhtan dolu çıxışlarına hiddətimi bildirib, onun kimi təxribatçı ünsürlərə haram olsun deyirəm”.

Ə. Hüseynov qeyd edib ki, son 30 ildə Azərbaycanda gedən ictimai-siyasi proseslərə diqqətlə şahidlik etmişəm: “Mənim yaxşı yadımdadır, Heydər Əliyev 1987-ci ilin oktyabr ayında Mixail Qorbaçovun, eləcə də onun ətrafında olan erməni lobbilərinin birləşməsi nəticəsində Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvlüyündən, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən istefa verdikdən iki ay sonra  Azərbaycanda Dağlıq Qarabağ  problemi yarandı. O vaxta qədər Heydər Əliyevin şəxsiyyəti və böyük nüfuzu ermənilərin çirkin niyyətlərinin həyata keçməsinə imkan vermirdi. Təəssüflər olsun ki, ermənilərin və Azərbaycanda erməni dəyirmanına su tökən ünsürlərin birliyi nəticəsində Qorbaçov bütün dünyada siyasi lider kimi tanınan dahi fenomen Heydər Əliyevin Siyasi Bürodan kənarlaşdırılmasına nail oldu. Bunun da nəticəsində dünya ermənilərinin fəallaşmasına şərait yarandı. 1988 -ci ildə SSRİ Ali Sovetinin sessiyasında erməni deputatları ilə Azərbaycan deputatları Dağlıq Qarabağ məsələsinin müzakirəsində eyni hüquqla iştirak etmişdilər. Həmin dövrdə Ümummilli Liderimiz təqaüddə olmasına baxmayaraq bəyanat verərək erməni deputataları  ilə Azərbaycan deputatlarının SSRİ Ali Sovetinin sessiyasında eyni hüquqla iştirak etmələrinə etirazını bildirmişdi. Vurğulamışdı ki, Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidirsə nə üçün erməni deputatları orada Azərbaycan deputatları ilə eyni hüquqla iştirak etməlidir? Təəssüflər olsun ki, həmin vaxtlar Azərbaycanda susqunluq hökm sürürdü. Siyasi maymaqlıq özünü büruzə verirdi. Ancaq təqaüddə olduğu halda bir azərbaycanlı qeyrəti ilə  ulu öndər Heydər Əliyev öz barışmaz mövqeyini nümayiş etdirmişdi”.

Məcburi köçkün bildirib ki, 1987-ci ilin mart ayında Azərbaycan rəhbərliyinin fikirlərini nəzərə almadan Dağlıq Qarabağda sosial problemlərin aradan qaldırılması üçün SSRİ tərəfindən xeyli miqdarda pul ayrıldı: “Ancaq Azərbaycan rəhbərliyinin, Azərbaycan hökümətinin fikirləri nəzərə alınmadı. Yenə də Heydər Əliyev öz şəxsi nüfuzundan istifadə edib bu ədalətsiz münasibətə öz barışmaz mövqeyini bildirmişdi. Təəssüflər olsun ki, həmin vaxtlarda ermənilərlə, Qorbaçovla yanaşı, Azərbaycanda erməni dəyirmanına su tökən qüvvələrin susması ermənilərin fəallaşmasına, silahlanmasına şərait yaratdı. Biz həmin vaxtlar Heydər Əliyevə üz tutub Azərbaycana rəhbərlik etməsini tələb etməli idik. Təəssüflər olsun ki, Azərbaycan höküməti Heydər Əliyev şəxsiyyətinə qısqanclıqla yanaşdı. Bunun nəticəsində Azərbaycanda hərc-mərclik, avantürist niyyətlər mövcud olurdu. Heydər Əliyev xalqın bu etimadını  doğruldub həyatını təhlükə altına qoyaraq Azərbaycanda sabitliyin yaranmasına nail oldu. Qurban Məmmədov kimi şərəfsiz, simasız, əqidəsiz isə xarici ölkələrin xüsusi xidmət orqanlarının diktəsi ilə Heydər Əliyevi, Ulu Öndərin ətrafını şər-böhtan, iftira hədəfinə çevirməyi özü üçün seçim etdi. Bu isə Azərbaycan xalqının milli mənafeyinə böyük zərbə görüntüsü idi”.

Ə. Hüseynov vurğulayıb ki, Qurban Məmmədov vaxilə Ulu Öndərin nüfuzundan, siyasi təcrübəsindən, təşkilatçılıq bacarığından istifadə olunmasına çağırış edirdi: “İndi nədənsə hansısa məqsədinə nail olmadığına görə bu üzdəniraq xəstə Qurban Məmmədov dahi liderimizi iftira, böhtan hədəfinə çevirməyi özünə peşə seçib. Bu adam millətimizin Azərbaycanda illər boyu əldə olunmuş sabitliyinin pozulmasına rəvac vermək niyyəti güdür. Heydər Əliyevin ideyası ətrafında mənim kimi yüz minlərlə insanlar birləşib, Ulu Öndərin ideologiyasını özümüzə qibləgah seçmişik. Ümummilli Liderin ünvanına deyilən bu təhqirlər bizim duyğularımıza, dövlətçiliyə inam hisslərimizə təhqir əlamətidir. Bu təhqirlərə yalnız Qurban Məmmədov kimi şərəfsizlər layiqdir, biz yox. Bu üzdəniraq gədə işğalçı ölkənin silahlı qüvvələrinin Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətində hərbi təxribat törətdiyi bir vaxtda Azərbaycanda qarışıqlıq yaratmaq üçün xalqın birliyinə xələl gətirən böhtanlar söyləyir. Bu, ən azı azərbaycançılığa, Azərbaycan xalqına, dünya türkçülüyünə qarşı təxribatdır. Qurban Məmmədov Azərbaycanda hakimiyyət və müxalifət birliyinin yaranmasına çağırış etmək əvəzinə ermənilərin və onların havadarlarının məqsədlərinə xidmət edən xüsusi xidmət orqanlarının tapşırığı ilə ölkəmizdə təxribatın yaranması üçün çağırışlar edir. Qurban Məmmədova azərbaycançlıq ideyası, milli mənafe, türk birliyinin şanlılığı yox, ermənilər tərəfindən, onların havadarları tərəfindən verilən pul lazımdır”.

Ələmdar Hüseynov onu da əlavə edib ki, Qurban Məmmədovun müasir müstəqil Azərbaycan dövlətinin qurucusu haqqında iftira və böhtan söyləməyi Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün kimi məskunlaşmış insanların sonsuz hiddətinə səbəb olur: “Bizim sənə deməyə kifayətedici sözlərimiz var. Bizim kimi yüz minlərlə insanlarımız respublikanın müxtəlif rayonlarında məcburi köçkün kimi məskunlaşmışıq. Belə bir vaxtda torpaqlarımızın azad edilməsi arzusunun reallaşmasını yalnız möhtərəm Prezidentimiz İlham Əliyevin ətrafında sıx birləşməkdə görürük. Sənin kimi qaragüruhçular, simasızlar  bizim arzularımızın reallaşmasına imkan verməməyə cəhd edirlər. Mən Heydər Əliyev ideyalarına sadiq bir vətəndaş kimi Qurban Məmmədovun avantürist çıxışlarına görə onun qanun qarşısında cavab verməsini tələb edirəm. Mən Azərbaycan xalqını bir daha Qurban Məmmədov və onun kimilərə qarşı mübarizədə  həmrəy olmağa çağırır və azərbaycanlı adına ləkə olan bu antimilli ünsürə nifrətimi bildirirəm”.