11 iyun 2019 14:25
443

İftixar Piriyev: Azərbaycanın qürur günü onun Milli Qurtuluş Günüdür

Bir ölkənin, bir millətin, xalqın qürur günü vardırsa, o ölkə, onun milləti və xalqı xoşbəxtdir. Xoşbəxt ölkələr sırasında Azərbaycanımızın mövqeyini, xalqlar sırasında isə yerimizi müəyyən edən Azərbaycanın qürur günü onun Milli Qurtuluş Günüdür. Həmin gün, Azərbaycan dövlətinin və xalqının qəsbkarçıların istilasından, milli məfkurəsi olmayanların xətasından, siyasi savadsızların fəhmsizliyindən, xəyanətkar qüvvələrin bəd əməllərinin tilsimindən və bütün özündən müştəbeh uğursuzların oyunlarından parçalanmaq, yox ola bilmək və ya ən yaxşı halda assimilyasiyaya uğramaq təhlükəsindən qurtardığı gündür.

Bu sözləri AZƏRTAC-a Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru İftixar Piriyev deyib.

Bildirib ki, Azərbaycan xalqı 1993-cü il iyunun 15-də öz müdrik ağlı ilə elə bir addım atdı ki, həmin addımla ən çətin anda, yuxarıda sadaladığım təhlükələrdən birdəfəlik xilas oldu. “Özünün Xilaskar oğluna inandı, ona pənah apardı. Düşdüyü vəziyyətdən qurtarmaq üçün hakimiyyətin zirvəsinə israrla onu dəvət etdi. Nə yaxşı ki, xalqımız bu yeganə doğru olan yolu seçdi. Bu yolun yolçuları çoxdur. Bu yolda cəfa çəkənlər də saysız-hesabsızdır. Bu yol bizim gələcəyimizin təminatını quran, yaradan yoldur. Bu yol bizi işıqlı gələcəyə aparan yoldur. Bu yol gözlərimiz önündə günbəgün, anbaan genişlənən, çiçəklənən, inkişafa doğru gedən yoldur. Mənim inandığım yol bu yoldur. Mən bu yoldan başqa yol tanımıram. Ona görə də bu yolun işığında gələcəyə addımlayan gənclərimizi “Böyük Turanın Himni”, “Müstəqil Vətənin Memarı”, “Nurlu ömrün anları”, “İşıqlı, nurlu sabah”, “Azərbaycan bayrağı”, “Qalx ayağa Azərbaycan!” “Qurtuluş dastan”, “Qurtuluşa gedən yol” poema və səhnə əsərlərimlə məhz bu yoldan sapmamağa və bu yolla getməyə çağırıram.

Bu yolu bizə bəxş edən, canı bahasına xalq və dövlət yolunda xilaskarlıq missiyasını öz üzərinə götürən parlaq şəxsiyyət, böyük siyasi xadim, Qurtuluş Gününün qəhrəmanı, Azərbaycan xalqının əsl milli qəhrəmanı ölməz Heydər Əliyevdir. Biz Heydər Əliyevin tutduğu yolun davamçılarıyıq və bu yolun bayraqdarı olan, Heydər Əliyev zəkasında doğulan, xalqımızı inamla işıqlı, nurlu sabaha aparan ölkə rəhbərimizin arxasınca bu yolla addımlayırıq”, - deyə İ.Piriyev qeyd edib.