24 fevral 2020 20:47
1650

İftixarın cəhdi boşluğa bir “Nəsimi işığı” saldı

Haqq təntənədən uzaq olur. Haqqın bər-bəzəyi olmaz. O şeylərin ki, təntənəsi var mütləqdir ki, içində bir yalan izi var. O şeylərin ki, barəsində uzun-uzadı danışılır, əmin olun ki, bəhs edilən o şəxs və yaxud nəsnə boşdur, mənasızdır. Özündə fövqəl məna kəsb edən şəxs və yaxud nəsnə barəsində söz açmaq, bəhsə girmək çox çətindir. Həm də bu, Nəsimi ola... O Nəsimi ki, surəti haqq, məqamı fövqəldir.

Şair-dramaturq İftixarın böyük Azərbaycan şairi İmadəddin Nəsimiyə həsr etdiyi “Haqq mənəm” adlı əsərinin eyniadlı tamaşasının premyerası Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının təqdimatında 2019-cu il dekabırın 9 da S.Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində baş tutdu.

Tamaşa dedikdə ağlımıza teatr gəlir. Amma özündə iki cahanı sığdıran Nəsimini, bir teatra, bir tamaşaya sığdırmaq çox çətindir, bəlkə də mümkünsüzdür. Amma hər necə olsa da mümkünsüzü mümkün qılan insan beynidir. “Bircə ölümə çarə yoxdur” deyiblər. Bu əsnada ölümsüzlüyü mümkün qılmaq mümkün deyil.  Amma həyatda elə insanlar var olmuşlar ki, onlar sadəcə cismən ölürlər. Tam əminliklə deyə bilərik ki, Nəsimi də cismən ölüb. Məhz bu mənada mən Nəsimini mənən, fikrən, ruhən gördüm. Daha doğrusu, tamaşanın rejissoru İftixar Piriyev mənə və başqalarına bunu göstərdi. Axı, fikir adamları silinməz bir məqama malikdirlər?! Odur ki, onlar ölərkən ölümsüzlük qazanırlar. Biz hamımız faniyik. Fanilərə həyat və ölüm paralelində ölümsüzlüyün ali məqamını göstərməyə cəhd etmək böyük hünərdir. Bu hünər və cəhd özündə yüksək zəka və fitrət tələb edir. Özü də Haqdan bəhs edilərkən bu xaotik  sivilizasiyanın idrakı iflasa gömdüyünü görmək başqa bir əzabdır. Bu əzabın içindən Nəsimi dilində keçmişə və gələcəyə hayqırmaq isə başqa bir ülviyyət. “Cəhd”. Uğurlu cəhddir. Tam təntənədən uzaq bir cəhd. Teatrı oluşturan insandır. Nəsimi isə “Cənabı Haqqı” insanın surətində bulan fövqəl-bəşərdir. İndi gəl onu bir teatr səhnəsinə sığdır. Əgər O, bir sərkərdə və yaxud tarixi bir qəhraman olsaydı, Onu teatra sığdırmaq mümkün olardı. Anlamaq zorundayıq ki, Nəsiminin özü tarixdir, elə bir tarix ki, zamandır, elə bir zaman ki, nə əvvəli var nə axırı. Sadəcə axarı var. Zamanın mistik dalğalarında Ağrımaz Nəsiminin ağrılarının rəngi var. Mənim bu fikirlərim İftixar Piriyevin Cəhdində öz təsdiqini tapdı. Mən onun Cəhdini izlərkən əmin oldum ki, o Nəsimiyə məndən daha artıq bələddir. O, Nəsimini bizə böyük təntənə ilə təqdim edə bilərdi. Buna onun isteadı və təcrübəsi yetərlidir. Nə gözəl ki, o bizimlə Nəsiminin dilində danışdı, Nəsiminin ruhundakı təntənəni təqdim etdi. Rejissor öz yozumunu, bütün surətləri, səhnədə gödüyümüz hər şeyi Nəsiminin qəzəllərinə sığdırdı.

Bizim bütün həyatımız cəhdlərlə doludur. Biz həmişə nəyəsə cəhd edirik. Təəssüf ki, cəhdlərimizin əksəriyyəti boşa çıxır. Amma nə yaxşı ki, barəsində danışdığım bu Cəhd boşa çıxmadı, bu, cəhdi seyrə gələnlərin içindəki, boşluğa bir “Nəsimi işığı” saldı. Nəsimi özü də bu fani dünyada olarkən insanların qəlbindəki zülməti işıqlandırmağa çalışmışdı. Əfsus ki, bəzən çox az insan öz zülmətini nurlandıra bilir. Ümid edirəm ki, “Haqq mənəm” adlı bu uğurlu Cəhd günümüzün insanlarının qəlbinə işıq salmaqda davam edəcək.

Özündə fövqəl məna kəsb edən şəxs və yaxud nəsnə barəsində söz açmaq, bəhsə girmək çox çətindir. Məni bu çətinliyə düçar etdiyi üçün İftixar Piriyevə, aktyorlara və əməyi keçən hər kəsə təşəkkür edirəm! Təbriklər!

Nicat Mirzəzadə,

Rejissor