KÖŞƏ

Vəli İlyasov

İki eşşəyin arpasını bölə bilməyənlərin kreslo iddiaları

31 avqust 2019 11:19
1547

Radikal müxalifət düşərgəsinə aid olan partiyalar arasında nifaq onların bünövrələrinin qoyulduğu gündən başlanıb. Lakin bunu gizlətməyə, guya “canbir qəlbdə” olduqlarını nümayiş etdirməyə çalışsalar da, getdikcə “xoruzun quyruğu” daha aydın görünməkdədir. [i]Müxalifətdə olduqları gündən indiyədək barışmaz düşmənlərə çevrilmiş AXCP və Müsavat təmsilçilərinin savaşları bu gün də davam etməkdədir. Hətta həmin savaş ilbəil daha da artır və nəticədə tərəflərin xəstə təfəkkürləri özünü daha çox büruzə verməyə başlayır. Təəccüblüdür ki, savaş yalnız seçkilər ərəfəsində baş vermir, eyni zamanda, seçki prosesi başa çatandan sonra da çəkişmələr davamlı şəkildə aparılır. Sosial şəbəkələrdə cəbhəçilərlə müsavatçılar arasında aparılan polemikalar bir göz qırpımında  söz müharibəsinə çevrilir, sonra qarşılıqlı ittihamlar, iddialar söyüş və təhqirlərlə əvəzlənir. Onlardan biri də bu günlərdə yaşanıb.  Müsavat Partiyasının Səbail rayon təşkilatının sədri Zakir İsmayıl  bir status yazıb və AXCP üzvlərindən  biri dərhal ona xatırladıb ki, son bir neçə həftədə altı nəfər cəbhəçi sutkalıq həbs cəzası alıb. AXCP tərəfinin həmin xatırlatmasının ardınca isə müsavatçı cavab yazaraq bildirib ki, hər hansı müxalifət partiyasının gücü onun həbsdə olan üzvlərinin sayı ilə müəyyən edilməz.

Zakir İsmayıl AXCP sədri Əli Kərimliyə eyham vuraraq, daha kəskin cavab yazaraq, “Yaxşı lider yalnız özünü yox, rəhbərlik etdiyi təşkilatın üzvlərini də qorumağı bacarmalıdır” ifadəsi ilə sanki odun üzərinə yağ tökmüş olub. Əsl mərəkə də elə bundan sonra başlanıb. Məhz bu statuslardan sonra həm müsavatçılar, həm də cəbhəçilər bir-birlərinə qarşı ən ağır ifadələrlə hücuma keçiblər. Əli Kərimlinin adamları AXCP-nin, Arif Hacılının adamları isə Müsavatın “hakimiyyətə gələcəyini” var gücləri ilə “sübuta” yetirməyə çalışıblar.

Amma görünən odur ki, uzun  illərdir ki, eyni iddiaları ilə bir-birlərinin qulaqlarını döyənək edən tərəflər hələ də nəyə görə ötən illər ərzində uğur qazana bilməmələrinin, xalqın onları niyə rədd etməsinin səbəblərini aydınlaşdıra bilməyiblər. Hakimiyyət uğrunda mübarizə prosesində cəbhəçilərlə müsavatçılar bir-birlərinə qarşı od püskürür, ancaq xalq isə onların heç birini qəbul etmir.

Beləliklə, Müsavat funksionerinin bir statusu aləmi bir-birinə vurub və onlardan bir neçəsini diqqətə çatdırmaq istərdik.  AXCP Ali Məclisinin üzvü Nicat Abdullazadə Zakir İsmayılın yazının əvvəlində qeyd etdiyimiz statusunu “cılızlıq” adlandırıb. “Bu nə cılızlıq, bu nə dözümsüzlük. Ümumi birliyə ziyandan başqa bir şey deyil bu status”,- deyə o, qeyd edib. Digər cəbhəçi Əli Rzalı da müsavatçı funksionerin AXCP-yə qarşı qəsdən qıcıqlandırıcı status yazdığını iddia edib və onun status yazmağın normal olduğu iddiasını belə cavablayıb: “Harada siz normal yanaşdınız? AXC-nin 30 illiyi ilə bağlı Yadigar Sadıqovun Əli bəyə təbrikini böyük bir suç işləmiş kimi qiymətləndirdiniz. Siz, sadəcə, Xalq Cəbhəsinə və sədrinə potensial nifrət edənlərdənsiniz, bu statusunuz da ondan irəli gəlir”.

Müsavat Partiyasının üzvü Vüsal Həsənov isə AXCP-nin sosial şəbəkə fəallarını “zombi” adlandırıb: “Demək, zombilər başladı. Müsavat hakimiyyətə gələcək deyəndə hansısa təşkilatın ya partiyanın başına niyə daş düşür, bilmirəm”.

Müsavatın Suraxanı rayon təşkilatının üzvü Arzulla Buludlu da cəbhəçiləri hədəfə alaraq yazıb: “Hər gün cəbhəçilər AXCP- Əli Kərimlini təbliğ edirlər, əcəb edirlər, heç vaxt da müsavatçılar buna qıcıq vermirlər. Təsadüfən bir müsavatçı təmsil etdiyi Müsavat Partiyasını təbliğ edən kimi hansısa cəbhəçi qıcıqlanmağa başlayır. Yaxşı olardı ki, cəbhəçilər də belə məsələlərdə müsavatçılar kimi təmkinli olsunlar”.

Beləliklə, olay qarşılıqlı ittihamlarla, təhqirlərlə başa çatıb. Bu məqamda belə kobud bir misal yada düşür : İki eşşəyin arpasını bölə bilməyənlərin, iddialarına bax.