23 oktyabr 2019 20:19
1353

İkili standartlar: Müasir dünya siaysətinin reallığı

19 oktyabr mitinqi ilə bağlı bəyanatlarda həqiqətlər təhrif olunub

Oktyabrın 19-da Bakı şəhərinin mərkəzində, Bakı metropoliteninin “28 May” stansiyasının qarşısındakı meydanda keçirilməsi nəzərdə tutulmuş qanunsuz aksiyanın təşkilatçısı “Milli Şura” adlı antimilli qurum və AXCP olsa da sonrakı hadisələr göstərdi ki, bu antimilli tamaşanın ssenarisi Azərbaycandan çox uzaqlarda hazırlanıb.

Şübhəsiz, ölkədə xaos və anarxiya yaratmağa, paytaxtda nəqliyyatın hərəkətini iflic etməyə, insanların ritmik həyatını pozmağa, polislə toqquşmaya can atan, polisi təxribata çəkilməyə hesablanmış bu qanunsuz aksiya baş tutmadı. Çünki ictimaiyyət dağıdıcıların bütün antimilli çağırışlarını rədd etdi, insanlar aksiyaya qoşulmamaqla radikalların cinayətlərinə şərik olmadılar.

Ancaq nədənsə Qərbin bəzi dairələri aksiyalar zamanı polisin guya kobud rəftarı ilə bağlı bəyanat yaydılar. Təbii ki, onların bu bəyanatı  “insan hüquqları”ndan təzyiq aləti kimi istifadə etməklə Azərbaycanın daxili işlərinə qarışmaq kimi dəyərləndirilərək ictimaiyyətimiz tərəfindən birmənalı olaraq qərəzli hesab olundu. Yekun rəy belə oldu ki, yaxşı olardı ki, belə bəyanatları yayanlar öz ölkələrində vüsət alan polis zorakılığı faktlarına münasibət bildirsinlər. Çünki onlar özləri də yaxşı bilirlər ki, Qərb ölkələrində mütəmadi olaraq polis zorakılığı, dinc nümayişçilərə qarşı həddən artıq güc tətbiqi halları baş verməkdədir.

İnanmaq istərdik ki, həmin dairələr Ferqyuson hadisələri zamanı hərbiləşdirilmiş ABŞ polisi tərəfindən nümayişçilərə qarşı törədilən zorakılıqları, dinc etirazçılara qarşı əlavə hərbi hissələrin cəlb olunmasını, hətta komendant saatının tətbiq edilməsini unutmayıblar. Elə Avropada da dinc nümayişlərin polis qüvvələri tərəfindən necə qəddarlıqla yatırılması faktlar həmin dairələrə yaxşı məlumdur. Ancaq nədənsə ağızlarına su alıb durublar.

Bundan başqa, biz İspaniyanın Kataloniya bölgəsində müstəqilliklə bağlı keçirilən referendum zamanı yerli sakinlərlə polis və Milli Qvardiya arasında qanlı toqquşmalar baş verəndə, 2011-ci ildə Britaniyada kütləvi iğtişaşlar baş qaldıranda, Fransada 2014-cü ildə su bəndinin tikintisinə etiraz edən nümayişçilərdən biri döyülərək öldürüləndə, Almaniyanın Ştutqart şəhərində 2010-cu ildə 400 nəfər nümayişçi vəhşicəsinə döyüləndə, digər Avropa ölkələrində, həmçinin ABŞ-da narazı kütlənin dağıdılması zamanı, Brüsseldə, Amsterdamda narazı kütlələr polislər tərəfindən ən sərt üsullarla dağıdılıb insanlara güc tətbiq ediləndə, Afinada etiraz aksiyası zamanı 15 yaşlı gənc polis tərəfindən qətlə yetiriləndə, Parisdə “Sarı jiletlilər”in aksiyası zamanı təhlükəsizlik qüvvələri 1700 nümayişçini nəzarət altına alanda, sivil geyimli polislər zorakılıq tətbiq edəndə, hətta nümayişçilərə qarşı fransız ordusunun zirehli texnikasından istifadə ediləndə həmin “insan haqları”, “söz azadlığı”nı hər addımbaşı gündəliyə gətirənlərin müəmmalı və inadkar susqunluğunun şahidi olmuşuq.

Bu gün qərblilər beynəlxalq hüququn norma və prinsiplərini, demokratiya, insan hüquq və azadlıqları məsələlərini əsl mahiyyətindən uzaqlaşdıraraq özlərinin geosiyasi-ideoloji maraqlarından asılı vəziyyətə saldıqlarının acı bəhrələrini görürlər.

Əslində Qərb demokratik dəyərlərə münasibətdə də “Avropa standartları”ndan deyil, ikili standartlardan çıxış edir. Avropa və ya ABŞ-da mərkəzi hakimiyyətin iradəsinin bərqərar edilməsi zamanı sərbəst toplaşma azadlığı, siyasi plüralizm, ifadə azadlığı kimi anlayışlar unudulur, dinc nümayişlər amansızlıqla dağıdılır, insanların səsvermə hüquqları kobudcasına tapdanır. Maraqlıdır ki, söhbət digər ölkələrdən gedəndə “Avropa dəyərləri”, demokratiya, liberal hüquqlar yada düşür. Bu da həmin anlayışların, əslində təzyiq vasitəsi kimi istifadə olunduğunu sübut edir. Avropada əməl edilməyən “dəyərlər” Azərbaycan kimi  demokratiya yolu ilə inkişaf edən  dövlətlərə qarşı kampaniya aparmaq üçün istifadə olunur.

Bütün bunlara görə ikili standartları bəzi beynəlxalq təşkilatlar, müxtəlif hüquq müdafiə qurumları, KİV, siyasi və ictimai birliklər vasitəsilə reallaşdıran Qərb dairələrinin Azərbaycana, eləcə də digər ölkələrə qarşı irəli sürdükləri ittihamlar tam əsassızdır və təzyiq məqsədilə süni şəkildə təşkil edilmiş qarayaxma kampaniyasından başqa bir şey deyil. Birmənalı olaraq demək lazımdır ki, Avropada “demokratiyanın dayaqları” kimi tanınan bir sıra təşkilatların, eləcə də özünü bütün dünyaya “demokratiya beşiyi” kimi sırımaq istəyən dövlətlərin bəzi anlaşılmaz addımları,  yol verdikləri ikili standartlar bütövlükdə regionda və dünyada demokratik dəyərlərə və ədalət prinsiplərinə ağır zərbələr vurur.

Avropa və ABŞ-dakı bəzi siyasətçilər Qərbin bu ikiüzlülüyünü zaman-zaman konkret faktlarla ifşa ediblər. Məsələn, bir neçə il əvvəl beynəlxalq hüquq səviyyəsində ikili standartların mövcud olduğunu Bakıda keçirilən Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun rəsmi açılış mərasimində Fransa Senatının Beynəlxalq işlər komissiyasının üzvü Natali Qule söyləmişdi. Xanım Qule bildirmişdi ki, onların qısqanc cəmiyyətləri öz prizmasından fikir bildirmək xaricində başqa tədbir görmək gücündə deyil: “Əgər hansısa təmənnasız akt varsa, onda qarşılığında kompensasiya gözləyir. Azərbaycan təbii ki, demokratiya sahəsində bir çox nailiyyətlər əldə edib, ancaq o regionda təkdir? Bizi əhatə edən bu dünyada təkdir? Bu qədər nifrətin səbəbi nədir?” Xanım Qule bu məsələdə o zaman  qərbliləri ittiham edərək “niyə onlar hesab edirlər ki, izah olmadan, heç bir arqument göstərilmədən tənqid edə bilərlər” sualı ilə əslində onların əsl simalarını-Qərb sivilizasiyasının irrasionilizmini və siyasi-mənəvi əxlaqsızlığını, deqradasiyasını öz kəskin məntiqi ilə ifşa etmişdi.

Həqiqətən də Qərb dairələri belə məsələlərdə kimlərisə ittiham etməkdənsə, öz gözlərində tiri görməyib, başqa gözdə tük axtarmaq şakərindən əl çəksələr, öz ölkələrində demokratiya, insan haqları sahəsindəki qüsurlara, çatışmazlıqlara, ciddi pozuntulara diqqət edib,  onların aradan qaldırılmasına səy  göstərsələr daha yaxşı olardı.

Zahid Rza, “İki sahil”