24 yanvar 2020 14:59
1015

İlahiyyat İnstitutu qış məktəbi təşkil edir

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) fevralın 3-də Qəbələ rayonunda “Din, mədəniyyət və cəmiyyət-2” mövzusunda qış məktəbi təşkil edəcək.

Aİİ-dən bildirilib ki, fevralın 8-dək davam edəcək layihə çərçivəsində ümummilli lider Heydər Əliyevin Qəbələ rayonunda ucaldılan abidəsini, rayon Şəhidlər xiyabanını, Soltannuxa Kənd Türbəsini ziyarət etmək, Heydər Əliyev Mərkəzi, Konqres Mərkəzi, Qəbələ Arxeoloji Mərkəzi və Cotari Kilsəsi ilə tanışlıq nəzərdə tutulur.

Qış məktəbi çərçivəsində tələbələrə “Azərbaycan multikulturalizminin siyasi-hüquqi əsasları”, “Dəyişən dünyada milli-mənəvi dəyərlər”, “Azərbaycanda xanəgahlar” və s. mövzularda məruzələr ediləcək, gənclərin dünyagörüşünün zənginləşdirilməsi, polemika qabiliyyətinin artırılması istiqamətində təlimlər keçiriləcək. Eyni zamanda, qış məktəbində tələbələrin asudə vaxtının səmərəli təşkili üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə hazırlanan “Oxu”, “Vəhdət” və “Şəhadət” filmlərinin nümayişi və müzakirəsi təşkil olunacaq.

Azərbaycan İlahiyyat İnstitutu müasir təhsil standartları və dünya təcrübəsi əsasında təsis edilmiş ali təhsil müəssisəsidir. İnstitut tələbələrinin elmə, təhsilə marağının artırılması və intellektual səviyyələrinin yüksəldilməsi, milli-mənəvi dəyərlərimizin təbliği məqsədilə müxtəlif tədbirlər həyata keçirir. Qeyd edək ki, qış məktəbinin təşkili tələbələrin dünyagörüşünün zənginləşdirilməsi, onların ölkəmizdə mövcud multikultural, tolerant mühitin canlı şahidi olmaları baxımından xüsusi əhəmiyyət daşıyır.