08 fevral 2019 14:54
90

İlahiyyat İnstitutunun birillik fəaliyyəti ilə bağlı tədbir təşkil olunub

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) birillik fəaliyyətinə həsr edilmiş tədbir təşkil olunub.

Aİİ-dən verilən məlumata görə, institutun kollektivi ilk öncə Fəxri xiyabana gedərək ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib, abidəsinin önünə əklil qoyaraq xatirəsini yad ediblər.

İnstitutun birilliyinə həsr olunmuş tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev, millət vəkili Fazil Mustafa, Bakı Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Bakı Dağ Yəhudiləri İcmasının sədri Milix Yevdayev, Avropa Yəhudiləri İcmasının sədri Aleksandr Şarovski, Alban-Udi Xristian İcmasının sədri Robert Mobili, Azərbaycanda fəaliyyət göstərən xarici ölkə səfirliklərinin nümayəndələri, dini icmaların rəhbərləri və digər məsul şəxslər iştirak ediblər.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan mərasimdə Aİİ-nin rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov tədbir iştirakçılarını salamlayaraq, Aİİ-nin Prezident İlham Əliyevin 9 fevral 2018-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradıldığını, institutun yaradılmasında məqsədin Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılmasını və inkişaf etdirilməsini, dini fəaliyyətin təşkili sahəsində yüksəkixtisaslı kadrların hazırlanmasını təmin etmək olduğunu bildirib.

Azərbaycanda nümunəvi dövlət-din münasibətləri haqqında bəhs edən C.Məmmədov ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan bu siyasətin hazırda onun layiqli varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, Birinci vitse-prezident Mehriban Əliyeva və onun rəhbəri olduğu Heydər Əliyev Fondunun bu sahəyə xüsusi diqqət və qayğı göstərdiyini vurğulayıb. O bildirib ki, Aİİ-nin yaradılması dövlət-din münasibətlərinə, milli-mənəvi dəyərlərə qayğının ən böyük göstəricilərindən biridir.

Aİİ rektoru ötən bir il ərzində institutun gördüyü işlər, həyata keçirdiyi fəaliyyət istiqamətləri, həmçinin hədəfləri haqqında məlumat verib: “Azərbaycan İlahiyyat İnstitutu fəaliyyətə başladıqdan sonra qısa vaxt ərzində İnstitutun formalaşması istiqamətində zəruri tədbirlər həyata keçirilib, ali təhsil müəssisəsi tədris ilinə hazırlıq səviyyəsinə gətirilib. İnstitutun Dinşünaslıq və İslamşünaslıq ixtisasları üzrə təhsil standartları Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim edilib və Nazirliyin müvafiq şöbəsindən müsbət rəy alınıb. Azərbaycan İlahiyyat İnstitutunda hazırda bir fakültə, 3 kafedra mövcuddur”.

Rektor qeyd edib ki, Azərbaycan İlahiyyat İnstitutunun qarşısına bir sıra məqsəd və hədəflər qoyulub. Əsas məqsədlərdən biri müasir dövrümüzün tələblərinə cavab verən, zəngin dünyagörüşünə, dərin dini və dünyəvi biliklərə, güclü şəxsiyyətə malik mütəxəssislərin yetişdirilməsidir: “Belə mütəxəssislər yetişdirmək üçün bir çox layihə həyata keçirir, diskussiyalar, yarışlar, konfranslar, təlimlər təşkil edirik. İşimizdə dünya və qonşu ölkələrin təcrübələrindən bəhrələnirik. İstəyirik ki, tələbələrimiz - gələcəyin ilahiyyatçıları savadlı, kamil mütəxəssislər olmaqla yanaşı, həmçinin səlis nitq qabiliyyətinə malik olsunlar”.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı institutun birillik fəaliyyətini yüksək qiymətləndirib. O bildirib ki, Azərbaycanda dövlətin himayəsi altında dini təhsil verən belə bir İnstitutun yaradılmasına ehtiyac var idi: “Ümid edirəm ki, İlahiyyat İnstitutu yüksəkixtisaslı kadrların hazırlanması üçün əlverişli təhsil mühiti yaradacaq. Gənclərimizin hər hansı bir ölkəyə din təhsili almağa getməsinin qarşısı alınacaq. Dini məbədlərimiz yüksəkixtisaslı din xadimləri ilə təmin olunacaq”.

Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin böyük məsləhətçisi Əliheydər Zülfüqarov Azərbaycanın din sahəsində uğurlu siyasət həyata keçirdiyini tədbir iştirakçılarının nəzərinə çatdırıb: “Azərbaycan dünyada tolerantlıq nümunəsi kimi tanınır. Bu gün Azərbaycandan dünyaya dini tolerantlıqla bağlı ciddi mesajlar verilir. Azərbaycanda gəncləri başqa dini cərəyanlara cəlb etmək istəyən qüvvələr vardır. Bu baxımdan, dini təhsil mühüm əhəmiyyət kəsb edir. Bu istiqamətdə İlahiyyat İnstitutunun üzərinə mühüm vəzifələr düşür”.

Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev Şeyxülislam Allahşükür Paşazadənin Aİİ heyətinə xeyir-dualarını çatdırıb. O, İlahiyyat İnstitutunun yaradılmasını ölkəmiz üçün xeyli əhəmiyyətli hadisə kimi qiymətləndirib. F.Nurullayev, xüsusilə son illərdə dünyada gedən gərgin siyasi proseslərin bu qərarın doğru və yerində olduğunu vurğulayıb.

Tədbirdə çıxış edən Bakı Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein bildirib ki, hazırda cəmiyyətimizdə dini təhsilə böyük tələbat vardır. Bu gün dini təhsil almış insanlara ehiyac olduğunu qeyd edən A.İşein İnstitutun Azərbaycanın dini həyatında xidmətləri olacaq layiqli məzunlar yetişdirəcəyini vurğulayıb.

Bakı Dağ Yəhudiləri İcmasının sədri Milix Yevdayev çıxış zamanı qeyd edib ki, Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınıb.

M.Yevdayev bildirib ki, Azərbaycan İlahiyyat İnstitutunun yaradılması ilə Azərbaycanda bu dəyərləri qoruyan və təbliğ edən din xadimləri yetişəcək.

Tədbirdə çıxış edən millət vəkili Fazil Mustafa bildirib ki, milli düşüncəyə sahib, dövlətçiliyimizə bağlı olan və kənar təsirlərdən uzaq din sahəsində mütəxəssislərə ehtiyac var idi: “İnstituta ilk qəbul prosesi də göstərdi ki, bu sahəyə insanların marağı və tələbatı vardır. Sağlam və müasir dünyagörüşlü pedaqoqların fəaliyyət göstərdiyi İnstitutun Azərbaycan cəmiyyətində dini maarifçiliyin inkişafında əhəmiyyətli rolu olacağına inanırıq”.

Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, İnsan Haqları Birgə Qrupun üzvü, Aİİ rəhbərliyi yanında İctimai Nəzarət Şurasının sədri Əliməmməd Nuriyev istər İslam dini, istərsə də digər dünya dinlərini dərindən bilən, dövlətçiliyin keşiyində duran yüksəkixtisaslı dinşünas və islamşünas kadrların hazırlanması baxımından Aİİ-nin fəaliyyətini yüksək qiymətləndirib.

Avropa Yəhudiləri İcmasının sədri Aleksandr Şarovski, Alban-Udi Xristian İcmasının sədri Robert Mobili, Gürcü Yəhudilərinin Bakı Dini İcmasının sədri Abik Çaruxçev tədbirdə çıxış edərək, Aİİ-nin yaranması və fəaliyyətinin birilliyi münasibətilə İnstitut heyətini təbrik ediblər. Natiqlər yeni təhsil müəssisəsinin quruculuğu sahəsində görülən işləri təqdir edərək, Aİİ rəhbərliyinin və kollektivin bu böyük məsuliyyətin öhdəsindən uğurla gələcəyinə əminliyini ifadə ediblər.

Tədbirdə Azərbaycan İlahiyyat İnstitutunun 1 illiyi ilə bağlı “Dəyərlərin izi ilə” sənədli filmi nümayiş olunub.