07 aprel 2020 11:44
1236

İlham Əliyev fərqi, Azərbaycan örnəyi...

“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Tural Səfərov ölkəmizdə koronavirusla mübarizə istiqamətində görülən işlər barədə məqalə yazıb. “İki sahil” mövzunun aktuallığını nəzərə alaraq, Tural Səfərovun bir vətəndaş kimi qələmə alıb sosial şəbəkə hesabında paylaşdığı məqaləsini oxuculara təqdim edir:

Koronavirus pandemiyası bütün dünyanı öz cənginə alıb. Dünyanın ən inkişaf etmiş dövlətləri belə bu xəstəliklə mübarizədə aciz vəziyyətdə qalıblar. Artıq 1 milyon 200 min nəfərdən çox insan bu virusa yoluxub, 70 mindən çox insan dünyasını dəyişib. Bu günlər koronavirusun bioloji silah, yaxud təbii fəlakət olduğu çox ciddi müzakirə mövzusudur. Yəqin ki, dünyamız bu bəladan xilas olduqdan sonra onun necə yayıldığı ilə bağlı tədqiqatlar aparılacaq və bunun səbəbləri araşdırılacaqdır. Məqsəd bu yazıda koronavirusun necə yayıldığı ilə bağlı “ağıllı” tezislər irəli sürmək deyil. Onsuz da indiki dövrdə bu mövzuda kim nə yazırsa, hamısı fərziyyədir. Reallıq odur ki, koronavirus ayrı-ayrı dövlətlərin və bütövlükdə dünyanın gözlənilməz hadisələrə qarşı hazırlığını, hər gün ən yüksək inkişaf səviyyəsindən danışılan səhiyyə sisteminin acizliyini, elmi-texniki tərəqqinin hələ ki insanlığı xilas etməyə gücünün çatmadığını göstərdi. Bir sıra öz inkişafı ilə qürur duyan, bütün dünyaya nümunə kimi göstərilən ölkələr və cəmiyyətlər pandemiya dövrünün imtahanından kəsildilər. Dünya nəhəngləri olan Amerika Birləşmiş Ştatlarında, Avropa ölkələrində baş verən hadisələr bizə məlumdur. Bu ölkələrdə koronavirusa yoluxma və ölüm halları sürətlə artır, iqtisadiyyatlar böhranlı vəziyyətə düşür, insanlar çıxış yolu tapa bilmirlər. Onlardan fərqli olaraq, “sapı özümüzdən olan baltalar”ın  və onların havadarlarının ( O havadarlar ki, indi özləri çıxış yolu tapa bilmirlər)  bəyənmədikləri Azərbaycanda nəinki koronavirus pandemiyası ilə ciddi mübarizə aparılaraq insanların həyatı xilas olunur, həmçinin əhalinin sosial rifahının yaxşılaşdırılması üçün tədbirlər görülür,  postpandemiya dövründə iqtisadiyyatın inkişafı üçün proqramlar qəbul edilir.

İndi Azərbaycanın bu istiqamətdə gördüyü işlər bütün dünyada nümunə kimi göstərilir. Koronavirusla mübarizə sahəsində həyata keçirilən qabaqlayıcı tədbirlərin nəticəsidir ki, ölkəmizdə vəziyyət stabildir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan hökumətinin hadisələrə çevik reaksiyası bizim bu qorxulu bəladan daha az itki ilə qurtulacağımıza zəmanət verir. Koronavirus infeksiyası barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yaydıqdan dərhal sonra Prezident İlham Əliyevin tapşırığı ilə Nazirlər Kabineti yanında Operativ Qərargahın yaradılması, təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə başlanılması xalqımızı onu gözləyən böyük bəladan xilas etdi. Qonşu ölkələrdə koronavirusun yayılmasını nəzərə alan Azərbaycan hökuməti sərhədləri bağladı, ümumtəhsil, orta ixtisas və ali məktəblərin şagird və tələbələrini tətilə göndərdi.  Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirusun pandemiya elan olunmasından sonra ölkəmizdə karantin rejiminin, daha sonra xüsusi karantin rejiminin tətbiqi, “Evdəqal” çağırışlarının edilməsi, həyat təminatlı olmayan əksər dövlət orqanlarının işçilərinin əməkhaqqı saxlanılmaqla növbədənkənar məzuniyyətə göndərilməsi, kütləvi informasiya vasitələrinin koronavirusla bağlı aktiv təbliğat kampaniyasına başlaması insanların sağlamlığının qorunmasına xidmət edir. Cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın koronavirusla bağlı bir neçə dəfə xalqa müraciət etmələri Onların insanların sağlamlığından, ölkəmizin gələcəyindən necə narahatlıq hissi keçirdiklərindən xəbər  verir.

Əgər insanlar xüsusi karantin rejiminin şərtlərinə  əməl etsələr, dövlətimizin həyata keçirdiyi tədbirlər sayəsində koronavirus ölkəmizdə ciddi fəsadlara yol açmayacaq. Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlər belə deməyə əsas verir. Azərbaycanın  ən böyük və ən müasir standartların tətbiq olunduğu xəstəxanası olan “Yeni klinika”nın koronavirusa yoluxmuş insanların müalicəsi üçün istifadəyə verilməsi, bu virusla mübarizədə mühüm rol oynayan dezinfeksiyaedici maddələrin və tibbi maskanın təcili istehsalına başlanılması, 15 min nəfərə yaxın vətəndaşımızın ölkəmizə gətirilib 4,5 ulduzlu otellərdə, dövlət orqanlarına məxsus sanatoriyalarda, “Atletlər kəndin”də karantin rejimində saxlanılması dövlətimizin gücünü nümayiş etdirməklə yanaşı, onun hər bir vətəndaşımızı qorumağa çalışdığını bir daha sübuta yetirir.

Müdrik xalqımızın uzun illərin sınağından çıxmış dəyərli bir atalar sözü vardır: “Tək əldən səs çıxmaz”. İstənilən çətinliyi yalnız birgə səylərlə keçmək mümkündür. Bu reallığın düzgün dəyərləndirildiyi Azərbaycanda dövlət-xalq, xalq-iqtidar birliyi bir daha özünü göstərməkdədir. Prezidentin səsləndirdiyi “Bir birlikdə güclüyük” şüarı koronavirusla mübarizədə hər bir vətəndaşımızın əsas immunitet vasitəsinə çevrilib. Dövət başçısının milli birliyimizin və həmrəyliyimizin gücləndirilməsi istiqamətində indiyədək həyata keçirdiyi tədbirlər bugünkü çətin günləri birgə səylərlə keçməyimizə səbəb olur. Bunun nəticəsidir ki, ölkə rəhbərinin yaratdığı Koronavirusla Mübarizəyə Dəstək Fonduna comərd və xeyirxah Azərbaycan xalqı tərəfindən 100 milyon manatdan çox vəsait köçürülüb. Azərbaycan dövlətinin nə belə bir fonda, nə də bu fonda köçürüləcək pula ehtiyacı var idi. Dövlət başçısının Sərəncamı ilə  koronavirus pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması üçün Nazirlər Kabinetinə bir milyard manat vəsait ayrılıb. Prezident daha 100, 200 milyon da əlavə vəsait ayıra bilərdi. Dövlətimizin potensialı buna imkan verir. Ancaq Prezident İlham Əliyevin dediyi kimi: “Fondun yaradılmasının əsas məqsədi milli həmrəyliyi daha da gücləndirməkdir. Sirr deyil ki, bu gün Azərbaycan dövləti güclü dövlətdir və bizim kifayət qədər böyük maliyyə imkanlarımız var. Fondun yaradılmasının əsas məqsədi ondan ibarətdir ki, hər bir vətəndaş imkan daxilində öz vətəndaş mövqeyini göstərsin, həmrəylik göstərsin, cəmiyyətimizin əsas sütunlarından biri olan həmrəylik və mərhəmət bir daha özünü büruzə versin. Biz həm özümüzə, həm də bütün dünyaya göstərək ki, biz böyük xalqıq.”

Dövlət başçısının yuxarıda qeyd etdiyimiz Sərəncamına uyğun olaraq, 4 işçi qrupu yaradılıb. Bu işçi qrupları həm indiki şəraitdə, həm də postpandemiya dövründə görüləcək işlərlə bağlı tədbirlər planları hazırlayırlar. Göründüyü kimi, dünyanın ən inkişaf etmiş ölkələrinin belə başının koronavirusa yoluxma hallarının qarşısının alınmasına, xəstələrin müalicəsinə qarışdığı, iqtisadiyyatın, insanların tələbatlarının, sosial ehtiyaclarının yaddan çıxdığı bir vaxtda Azərbaycan öz vətəndaşlarının sağlamlığını qorumaqla, onların tələbatlarını, sosial ehtiyaclarını ödəməklə yanaşı, ölkəmizin gələcəyi barədə də düşünür və mühüm addımlar atır. Prezident İlham Əliyevin dediyi kimi, həm xəstəliyə qarşı mübarizə, həm iqtisadi fəallığın təmin edilməsi, həm sosial məsələlərin həlli, hər bir vətəndaşın problemlərinin dərk edilməsi və kömək göstərmə cəhdlərimiz və niyyətimiz bizim siyasətimizi əks etdirir.

Dövlət başçısının Sumqayıt Kimya Sənaye Parkında yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışında xalqımıza müraciəti bir daha onu göstərdi ki, hər bir vətəndaşımız, ölkəmizin hər bir sahəsi Prezidentin diqqət mərkəzindədir, xalqımızın və dövlətimizin gələcəyi ilə bağlı ciddi narahatlıq yoxdur: “Azərbaycan dövləti bu ciddi vəziyyətlə üzləşərək yenə də öz gücünü göstərdi. Onu göstərdi ki, bizim əsas vəzifəmiz xalqımızı, dövlətimizi qorumaqdır. Buna nail olmaq üçün istənilən addımların atılması mümkündür və biz bunu edirik. Operativ tədbirlər nəticəsində imkan vermədik ki, bu bəla ölkədə geniş vüsət alsın.”

Ölkə rəhbəri millətimizi və dövlətimizi qorumaq üçün insanları məsuliyyətli olmağa çağırıb: “Ancaq bizim gələcək uğurumuz bundan sonra böyük dərəcədə insanların hərəkətlərindən asılı olacaq. Dövlət nə mümkünsə onu edib. Bu gün sərtləşdirilmiş, məhdudlaşdırıcı tədbirlər qüvvədədir. İnsanlar məsuliyyətli olmalıdırlar, özlərini, yaxınlarını, ailə üzvlərini qorumalıdırlar. Necə ki, biz birlik, həmrəylik göstəririk, eyni tərzdə məsuliyyət və nizam-intizam göstərməliyik.”

Reallıq budur ki, koronavirus xəstəliyi dünya iqtisadiyyatına böyük problem yaradıb. Bunu artıq dünyanın aparıcı maliyyə qurumlarının rəhbərləri də qeyd edirlər. Beynəlxalq Valyuta Fondu məlumat yayıb ki,  koronavirusun yaradacağı böhran 2008-2009–cu illərin böhranından daha ağır olacaqdır. Azərbaycana gəldikdə, Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlər dövlətimizi bütün risklərdən sığortalayıb.

Koronavirus xəstəliyi bir çox iqtisadi və xidmət sahələrinə mənfi təsir göstərib. Bütün bunlara görə qabaqlayıcı tədbirlər həyata keçirən dövlət başçısı  o sahələrdə çalışan insanların problemlərinin nəzərə alındığını bildirir: “Mənim göstərişimlə yaradılmış dörd işçi qrupu öz işini demək olar ki, böyük dərəcədə yekunlaşdırıb. Mənə məruzə edilib və göstəriş əsasında Nazirlər Kabineti artıq Tədbirlər Planını təsdiq edib. İlkin mərhələdə nəzərdə tutulurdu ki, bu məqsədlər üçün təqribən 1 milyard manat vəsait ayrılsın. Ancaq sonra əlavə hesablamalar bunun kifayət etməyəcəyini göstərdi və ən azı 2,5 milyard manat ayrılacaq ki, Azərbaycanda həm iqtisadi sabitlik təmin edilsin, məşğulluqla bağlı problemlər öz həllini tapsın və həm də bizim makroiqtisadi və maliyyə vəziyyətimiz sabit olsun.”

Bu gün Azərbaycan xalqı və dünya ictimaiyyəti Prezident İlham Əliyevin müdrik, uzaqgörən və qətiyyətli  dövlət xadimi olduğunu bir daha görür. Ölkəmizdə hələ bir neçə il bundan əvvəl başlanan struktur və kadr islahatları Azərbaycanı müxtəlif çətin situasiyalardan çıxarmağa hesablanmış tədbirlər idi. Dövlət aparatının və hökumətin intellektli, müasir düşüncəli, peşəkar kadrlar hesabına formalaşdırılması indiki çətin dövrdə vəziyyəti idarə etmək, ölkə rəhbərinin tapşırıqlarını vaxtında və keyfiyyətlə yerinə yetirmək baxımından çox mühüm əhəmiyyət daşıyır. Təkcə iqtisadi və sosial sahələrdə aparılan struktur islahatlarının əhəmiyyəti indi bariz şəkildə özünü göstərməkdədir.  Koronavirus pandemiyası onu da sübuta yetirdi ki, Azərbaycan dövləti dünyanın qüdrətli dövlətlərindən, Azərbaycan hökuməti isə dünyanın ən çevik hökumətlərindən biridir. Bütün bunlar Prezident İlham Əliyevin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətləridir və xalqımız var olduqca Onun bu xidmətləri də daim minnətdarlıqla xatırlanacaqdır.

Bax, budur bütün dünyanın qəbul etdiyi, ancaq ölkəmizdəki radikal ünsürlərin, marginallaşmış dərnək rəhbərlərinin dərk etmədikləri İlham Əliyev fərqi və Azərbaycan reallığı!  Kimin necə dərk etməsindən və necə görmək istədiyindən asılı olmayaraq, Prezident İlham Əliyevin Azərbaycanı bu gün bütün dünyada örnək kimi göstərilir və Azərbaycanın yaratdığı yenilikləri digər ölkələr də tətbiq edirlər. Biz ölkəmizlə qürur duyuruq. Biz birlikdə güclüyük!