01 noyabr 2019 20:00
1325

İlham Əliyev: İndi Azərbaycanda gəncləşmə siyasəti aparılır  

Dövlətimizin başçısı Anar Tağıyevi Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı, Elnur Rzayevi Xacmaz Rayon İcra hakimiyyətinin başçısı vəzifələrinə təyin olunması ilə əlaqədar qəbul edərkən  təcrübə ilə gənclərin dinamizmi arasında  vəhdətin yaradılmasını bir tələb kimi  irəli sürərək, bunu şərtləndirən amilləri diqqətə çatdırdı

Ölkə Prezidenti  İlham Əliyev Anar Tağıyevi Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı, Elnur Rzayevi Xacmaz Rayon İcra hakimiyyətinin başçısı vəzifələrinə təyin olunması ilə əlaqədar qəbul edərkən  ölkəmizin ayrı-ayrı sahələrdə qazandığı uğurlardan, həyata keçirilən kadr islahatlarından bəhs edərək, hazırda  Azərbaycanda gəncləşmə siyasətinin  aparıldığını, bunu zəruri edən səbəbləri diqqətə çatdırdı: “Bu, təbiidir, nəsillər dəyişir, yeni təfəkkürlü insanlar irəli çəkilir. Bu, təbii prosesdir və biz bu prosesdən kənarda qala bilmərik. Ancaq onu da bildirməliyəm ki, bu, kampaniya xarakteri almamalıdır. Çünki mənə məlumat gəlir ki, bəziləri bunu kampaniyaya çevirmək istəyirlər və sınanmış, təcrübəli, bir qədər yaşlı insanlara qarşı bu kampaniyanı təşkil etmək istəyirlər. Mən buna yol verməyəcəyəm. Mən bilirəm kim nəyə qadirdir, kimin hansı xidmətləri olub əvvəlki dövrdə və bu gün. Ona görə Azərbaycanda təcrübə ilə gənclərin dinamizmi arasında vəhdət yaradılmalıdır. Bunun sintezi sayəsində biz gözəl nəticələrə çata bilərik.”

Cənab İlham Əliyev hər çıxışında kadr hazırlığının prioritetliyini önə çəkərək, inkişaf etmiş ölkələrin təcrübəsinə istinadən bildirir ki, hər bir ölkənin inkişafında bilik, savad, yeni texnologiyalar əsas rol oynayır.  Ulu öndər Heydər Əliyevin “Təhsil millətin gələcəyidir” tezisinin davamı olaraq dövlətimizin başçısı İlham Əliyev bildirir ki, o ölkələr yaxşı inkişaf edir ki, orada təhsil yüksək səviyyədədir. Ötən il ADA Universitetində keçirilən məzun günündə də bu mühüm məqam  xüsusi qeyd edilmişdir ki, uğurlu iqtisadi tərəqqiyə məhz ali təhsil sisteminin beynəlxalq standartlar səviyyəsinə yüksəldilməsi sayəsində nail ola bilərik. Azərbaycanda təhsilin səviyyəsi  dünyanın ən yüksək standartlarına cavab verməlidir. Gənclərimiz bilikli, peşəkar və vətənpərvər olmalıdırlar. Bu amillərin sintezi  ölkəmizin gələcək uğurlu inkişafını şərtləndirəcək.

Ölkəmizdə savadlılığın səviyyəsinin təxminən 100 faizə yaxın olması, təbii ki, uğurlu, təkmil islahatların, təhsilin, elmin  inkişafına, kadr hazırlığına  göstərilən diqqət və qayğının nəticəsidir. Təhsilə göstərilən diqqət büdcə xərclərimizdə də özünü təsdiqləyir. Büdcə xərclərində əsas yeri  təhsil və müdafiə xərcləri tutur. Dövlətimizin başçısı bildirir: “Biz gələcəyə bu cür baxırıq: müasirlik, dinamik inkişaf, texnologiyaların tətbiqi. Bunlar olmasa biz istədiyimiz qədər inkişaf edə bilmərik. Biz isə istəyirik ki, inkişaf etmiş ölkələrin sırasına daxil olaq və imkanlar da var.”

Təkcə bu faktı qeyd etmək kifayətdir ki, ölkəmiz  son beş ildə  orbitə 3 peyk çıxarıb: “Azərspace 1” telekommunikasiya peyki, “Azərsky” müşahidə peyki və “Azərspace 2”. Bu mühüm hadisələr  dövlətimizin gücünü, həyata keçirilən siyasətin  uğurlu gələcəyə hesablandığını təsdiqləyir. Ölkə Prezidenti İlham Əliyev üçüncü peykin orbitə buraxılması münasibətilə xalqa təbrikində qeyd etmişdir ki, kadr hazırlığı üçün Azərbaycanın kosmik sənayesinin inkişafı önəmli rol oynayır. Peykləri idarə edən kadrlar azərbaycanlı mütəxəssislərdir və onların böyük əksəriyyəti gənclərdir. Yeni texnologiyaların tətbiqi, onların tətbiqini bacaran kadrların yetişdirilməsi  şəraitində  qarşıya əsas hədəf kimi qoyulan  iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin artırılmasına yüksək səviyyədə nail olmaq mümkündür.

Dövlətimizin gənclərin malik olduğu imkanlardan maksimum istifadə istiqamətində atdığı addımların davamlılığı qəbul olunan və uğurla icra edilən Dövlət proqramlarından da aydın görünür. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsasən hazırlanan  və dövlətimizin başçısı İlham Əliyevin 15 sentyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiqlənən “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrasından gözlənilən nəticələr sırasında da gənclərin intellektual inkişafı və elmi fəaliyyətlərinin stimullaşdırılması, informasiya texnologiyaları sahəsində bilik və bacarıqlarının artırılması, beynəlxalq əlaqələrinin inkişaf etdirilməsi əsas yer tutur.   Müasir dövrün sosial-siyasi reallıqlarının, dünyanın yeni çağırışlarının intellektual gənclik qarşısında qoyduğu  mühüm vəzifələr əsas tutularaq  ötən ilin sonunda Gənc alimlərin I qurultayı keçirildi.  İntellektual gəncliyin innovativ potensialının üzə çıxarılması, onların təhsil və məşğulluq məsələlərinə diqqətin artırılması, ölkəmizdə və xaricdə yaşayan gənc alimlərin fəaliyyətinin əlaqələndirilməsi istiqamətində işin gücləndirilməsi əsas hədəf kimi irəli sürüldü. Bütün bu addımlar ümumilikdə yenilikçi, müasir düşüncəyə malik olan gənclərin yeni texnologiyaların öyrənilməsinə və tətbiqinə marağının artırılması, ən əsası kadr hazırlığını iqtisadi inkişafın səviyyəsi ilə uyğunlaşdırmağa xidmət edir. 

Ölkə Prezidenti  İlham Əliyevin  16 noyabr 2018-ci il tarixli  “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın,  həmçinin 23 noyabr 2018-ci il tarixli  “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”nın təsdiqlənməsi haqqında  Sərəncamları uğurlu iqtisadi tərəqqinin kadr hazırlığının  beynəlxalq standartlar səviyyəsinə uyğunlaşdırılmasından asılı olduğunu bir daha təsdiqləyir.  Ali təhsil sisteminin rəqabətliliyinin artırılması öz növbəsində beynəlxalq əlaqələrin inkişafını, dünya təhsil sisteminə inteqrasiyanın sürətləndirilməsini bir tələb kimi ortaya qoyur. Təcrübə mübadiləsinin genişləndirilməsinin qarşıya qoyulan məqsədlərə lazımi səviyyədə nail olmağa böyük stimul verdiyi əldə olunan nəticələrdən də aydın görünür. Ölkə Prezidenti İlham Əliyevin gənclərin xarici ölkələrdə təhsili ilə bağlı Dövlət Proqramının uğurlu icrası da bu kimi məqsədlərə xidmət edir. Artıq bu Proqramın icrası müddətində 5 min tələbənin xarici ölkələrdə təhsili təmin edilmişdir.  Onlar təhsillərini başa vurub,  Vətənə qayıtmaqla  əldə etdikləri təcrübələr əsasında ölkəmizin daha da  inkşafına, tərəqqisinə öz töhfələrini verirlər.  

Ölkə Prezidenti İlham Əliyevin “Ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə,  “Doktorantura, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqadülərin verilməsi haqqında” Sərəncamları, həmçinin “Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında” Fərmanı da kadr hazırlığını stimullaşdıran  addımlar sırasındadır.  Bu sənədlər ümumilikdə  110 min tələbəni əhatə etdi.

Cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı gündən “Neft kapitalını insan kapitalına çevirək” tezisini irəli sürərək bu istiqamətdə  mühüm addımlar atır. Ölkə Prezidenti bu uğurların ümumiləşdirilmiş ifadəsi olaraq  Azərbaycanın innovasiyalar ölkəsi olduğunu bildirir.

Təkmilləşmə, yeniləşmə dövlət siyasətinin əsasını təşkil edir. Cənab İlham Əliyevin cari ilin ilk aylarından başlayaraq imzaladığı Fərman və sərəncamların bir qismi idarəetmə sistemində təkmilləşməyə, gənc kadrların bu prosesdə fəal iştirakına xidmət edir. 14 yanvar 2019-cu il tarixli “Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərman da deyilənlərin təsdiqidir. 

Təbii ki, atılan hər addım Azərbaycanın uğurlu gələcəyinə xidmət edir.  2016-cı ildə Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi məqsədilə  keçirilən ümumxalq səsverməsinə çıxarılan məsələlərin bir qismi insan hüquq və azadlıqlarının qorunmasına və yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsinə, bir qismi isə idarətmə sistemində təkmilləşməyə xidmət edir. Gənc kadrların dövlət idarəçiliyində təmsil olunmalarına qoyulan qadağaların aradan qaldırılması da deyilənlərin təsdiqidir. Yaş məhdudiyyətləri aradan götürülməklə  bu prosesi daha da sürətləndirdi.

Gənclərin parlamentdə, bələdiyyələrdə təmsilçilik faizləri də  son illər artıb. Həmçinin iqtisadiyyatın ayrı-ayrı sahələrində gənclərin fəal iştirakı təmin edilir. Gənc sahibkarlara diqqət və qayğı dövlət siyasətinin əsas istiqamətlərindəndir.

Qısa təhlil belə bir ümumiləşdirməni aparmağa əsas verir ki, yenilikçi,  müasir dünyagörüşə malik gənclər  qarşıya qoyulan hədəflərin gerçəkləşməsində fəal iştirak etmək, öz potensial imkanlarını ortaya qoymaq imkanlarına malikdirlər.  Dövlətimizin başçısı İlham Əliyev yuxarıda qeyd olunan qəbulda bu mühüm məqamı da xüsusi qeyd etmişdir ki,  yaşlı nəsil öz  təcrübəsini bölüşməlidir: “Eyni zamanda, təbii ki,  gəncləşmə prosesi getməlidir və burada söhbət təkcə yaşda deyil, təfəkkürdədir, işə yanaşmadadır.”

Yeganə Əliyeva, “İki sahil”